Müharibədən sonra Qarabağın bərpası çərçivəsində Ağdamda üç kənd yenidən qurulur
Siyasət

Müharibədən sonra Qarabağın bərpası çərçivəsində Ağdamda üç kənd yenidən qurulur

İki il üç ay bundan əvvəl bir güllə atılmadan erməni işğalından diplomatik yolla azad edilən Ağdam şəhərində və 89 kənddə dəhşətli mənzərə ilə qarşılaşdıq. Düşmən tərəfindən törədilən dağıntıların miqyası onu göstərdi ki, biz çox qəddar bir düşməni, insanlıqdan uzaq, qəddarlıqla azərbaycanlıların evlərini yerlə-yeksan edən, onların mal-mülkünü qarət edən bir vəhşi toplumu məğlub etmişik. Ermənilərin törətdikləri cinayətlər cəzasız qalmadı. Vətən müharibəsində qəhrəman Silahlı Qüvvələrimiz düşməni döyüş meydanında diz çökdürdü, ordusunu məhv etdi, canını qurtaran əsgər və zabitlərini torpaqlarımızdan qovdu.

Düşmənin ölü bir zonaya çevirdiyi Ağdamın xarabalıqları üzərində indi yeni və müasir bir şəhər tikilir, infrastruktur yaradılır, mədəni-dini abidələr bərpa edilir. Eyni zamanda, rayonun işğaldan azad edilən üç kəndində - Xıdırlı, Kəngərli və Sarıcalıda yenidənqurma başlanılıb. Qeyd edək ki, ötən il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfərləri zamanı hər üç kəndin təməlqoyma mərasimində iştirak ediblər.

Qeyd edək ki, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 59 min 90 nəfərin, yəni 1500 ailənin məskunlaşması nəzərdə tutulub. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikintisi aparılır. Kənddə mədəniyyət və əyləncə mərkəzləri, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfər işlə təmin olunacaq. Xıdırlı kəndində tikinti işlərinin 2024-cü il aprelin 10-da başa çatdırılması nəzərdə tutulur.

 Digər bir kənd, Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndi də yenidən qurulur. Kənddə 2 min 626 nəfər, yəni 639 ailə məskunlaşacaq. Tikinti işlərinin aparılmasından sonra birinci mərhələdə kəndə 1279 nəfər köçürüləcək və onlar yeni və müasir üslubda tikilmiş 290 fərdi evdə yaşayacaq. Burada bütün xidmət sahələri yaradılacaq, 1182 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Yenidən tikilən Sarıcalı kəndində 1720 nəfər, 425 ailə yaşayacaq. Layihələndirilən ümumi ərazi 101,9 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 50, 3 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 895 nəfərin köçürülməsi üçün 211 fərdi ev tikiləcək. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən Sarıcalı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq, 774 nəfər işlə təmin olunacaq.

Qarabağ iqtisadi rayonuna daxil olan Ağdamda çox böyük və genişmiqyaslı quruculuq işləri sürətlə aparılır və burada yüzlərlə iş yeri açılacaq, əhalinin məşğulluğu təmin ediləcək. Qeyd edək ki, doğma Ağdamın gələcəyi üçün tükənməz məhəbbətlə çalışanlar arasında ağdamlılar da var.

Ağdam şəhəri və kəndlərinin bərpası istiqamətində genişmiqyaslı işlərin görülməsi, xüsusən Prezident İlham Əliyevin bölgəyə səfərləri zamanı infrastrukturun qurulması sahəsində ciddi addımların atılması ağdamlıların ürəyindən xəbər verir. İşğaldan azad edilən torpaqlara səfər edən və ora getməyə hazırlaşan minlərlə insanın qəlbindən süzülüb gələn səmimi sözlərin mayasında müzəffər ordumuza, Ağdamı tikənlərə və Qalib Ali Baş Komandan İlham Əliyevə sonsuz minnətdarlıq dayanır.

Salman ALIOĞLU,

"Respublika".