Mühüm tarixi hadisə
Siyasət

Mühüm tarixi hadisə

Azərbaycan diplomatiyasının uğuru

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dünya ölkələri ilə diplomatik əlaqələr yaradıldı, bəzi dövlətlərlə soyumuş münasibətlər yenidən formalaşdırıldı. Ölkəmizin bir çox dövlətlərdə, dünyanın müxtəlif məmləkətlərinin isə Azərbaycanda səfirlikləri açıldı ki, bu da gənc bir dövlətin dünya çapında tanıdılmasında böyük rol oynadı.

Azərbaycanın dünyaya təqdimatında dövlət səfərləri də böyük əhəmiyyətə malikdir. Bu mənada 1997-ci ildə ulu öndər Heydər Əliyevin ABŞ-a rəsmi səfəri Azərbaycan dövlətçilik tarixinə əlamətdar hadisə kimi yazıldı. Həmin dövrdə ABŞ-da dövlət səviyyəsində ulu öndər Heydər Əliyev şəxsiyyətinə və onunla ünsiyyətə maraq yüksək idi. Bu baxımdan görüşlərdə qlobal siyasət, geopolitik problemlər barədə fikir mübadiləsinə üstünlük verilirdi.

Onu da qeyd edək ki, səfərin təşkilində, uğurlu alınmasında o zaman Azərbaycanın ABŞ-da ilk səfiri, yeni müstəqil dövlətin ilk diplomatlarından biri Hafiz Paşayevin də xüsusi xidmətləri olub. Hörmətli diplomatımız sonralar nəşr etdirdiyi "Bir səfirin manifesti" adlı kitabında məhz Azərbaycan diplomatiyasının bu uğurlarını xüsusi qürur hissi və məsuliyyətlə qələmə alıb.

Oxucuya çatdırılası mövzunun həqiqi dəyərinə güclü inamla yazılan bu kitabda Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin yaranma tarixi, inkişaf mərhələləri oxunaqlı tərzdə geniş şərh olunur. Ulu öndərin 100 illiyi ərəfəsində səfir Hafiz PAŞAYEVİN kitabının "ABŞ-a rəsmi səfər" bölməsindəki fikir və mülahizələrin, toxunulan məsələlərin bu gün də aktual olmasını, görüş və hadisələrin təfərrüfatının oxucuda maraq doğurmaqla, hər kəsdə məmnunluq yaradacağını nəzərə alaraq onu təqdim edirik.

“Respublika”.

Azərbaycan diplomatiyasının ən böyük uğurlarından biri Prezidentin 1997-ci ildə ABŞ-a rəsmi səfəri idi. Səfər nəinki böyük çətinliklər hesabına başa gəlmişdi, eyni zamanda, mühüm bir vaxta təsadüf edirdi. Azərbaycanın neft strategiyası beynəlxalq aləmdə ölkəmizin siyasi çəkisini artırmaqda idi. Artıq rəsmi Vaşinqton Azərbaycana başqa gözlə baxırdı. Bu səfər haqqında çox yazılıb, tam təfərrüatlarına varmaq istəməzdim. Sadəcə olaraq, yaddaqalan bir neçə epizodu xatırlatmaq istərdim.

Səfər iyulun 27-də başladı. Vaşinqtona gələn Prezident "Bleer Haus"da qalırdı. Dövlət başçıları üçün ayrılmış bu tarixi iqamətgah Ağ Evlə üzbəüzdür. Səfərin rəsmi hissəsi iki ölkə prezidentləri arasında görüşlə başladı. Əvvəlcə Prezident Klinton və Prezident Əliyev Ağ Evdə təkbətək görüşdülər. Daha sonra görüşün çərçivəsi genişləndirildi və nümayəndə heyətləri prezidentlərə qoşuldu.

Adətən bağlı qapı arxasında keçirilən görüşlərin məzmunu bağlı qovluqlarda qalır. Belə də olmalıdır. Bu xatirələri yazdıqca etika və diplomatiya normalarına tam riayət etməyə çalışmışam. Lakin indi bir faktı açıqlamaq istərdim. Bunu özümə mənəvi borc hiss etdiyimi tam qətiyyətlə qeyd edirəm. Klinton-Əliyev görüşündə müzakirə olunan məsələlərdən biri də Cənubi azərbaycanlıların vəziyyəti idi. Vaxtın darlığına baxmayaraq, Prezident Əliyev İranda 30 milyona yaxın azərbaycanlının yaşadığı barədə Prezident Klintona məlumat verdi. Müstəqil Azərbaycanın Prezidenti Amerika Birləşmiş Ştatları kimi fövqəldövlətin başçısı ilə görüşürdü. Məmləkətinin kifayət qədər problemi olmasına baxmayaraq, Prezident vaxt tapıb millətinin sanki unudulmuş bir parçasını da beynəlxalq gündəliyə salmışdı.

Klintonla Əliyev arasında olan səmimi münasibət rəsmi səfər zamanı daha da sıxlaşdı. Bill Klinton sadəliyi ilə gözəçarpan bir lider idi. Heydər Əliyevdə liderlik peşəkarlığını hiss etməmək qeyri-mümkün idi. Xüsusilə fövqəldövlət başçısı ilə davranmağı bacarırdı.

Bakıdan iki xalça toxutdurub gətirmişdi. Bir xalçanın üstündə Bill Klintonla xanımı Hilari Klintonun şəkli salınmışdı. O biri xalçanın üstündə isə Klintonun qızı Çelsinin şəkli naxışlanmışdı. Amerikalılar üçün qeyri-adi bir hədiyyə idi. Təqdimatdan əvvəl protokol problemi yarandı. Bu hədiyyələrin mövcudluğu görüşdən bir neçə saat əvvəl bəlli oldu. ABŞ protokolu xalçaları qəbul etməkdən imtina edirdi. Protokol qaydalarına görə, Amerika tərəfi də Azərbaycan tərəfinə cavab hədiyyəsi təşkil etməli idi. Belə bir hədiyyəni isə təşkil etməyə kifayət qədər vaxt yox idi. Min bir müsibətdən sonra ABŞ protokolunu razı sala bildik. Xalçalar əvvəlcədən Ağ Evə yollandı.

Əliyevlə görüşə gələn Bill Klinton artıq xalçaları görmüşdü. Nəinki özü və xanımının, hətta qızı Çelsinin də heyrətləndiyini bildirdi. Əliyevin başqasını məmnun etmək qabiliyyətində olduğunu vurğuladı. Bu söhbət Ağ Evdə Azərbaycan nümayəndə heyəti üçün təşkil olunmuş nahar arxasında baş verirdi. Dövlət başçılarını razı salmaq qabiliyyətinə çoxdan malik olduğunu etiraf edən Heydər Əliyev fürsətdən istifadə edib Klintona bir əhvalatı danışdı. Hələ Sovet dövründə Azərbaycanda Mərkəzi Komitənin birinci katibi olduğu vaxt Finlandiyanın Prezidenti Moskvaya rəsmi səfərə gəlir. Səfər çərçivəsində xarici qonağa istirahət proqramı da təşkil olunur. Moskva qonağı Bakıya yollamaq qərarına gəlir. Qonağın həvəskar balıqçı olduğunu eşidən Əliyev onu Xəzərə balıq ovuna çıxarır.

Əliyevin göstərişinə əsasən vadalazlar suyun altında geniş bir sahəni torla əhatəyə alırlar. Torun içi iri nərə balıqları ilə doldurulur. Vadalazlar aşağıda yığılıb gözləyirlər. Bakı sahilindən ayrılan gəmi əvvəlcədən nəzərdə tutulan nöqtəyə çatıb lövbər salır. Finlandiyalı qonaq qarmağı yığıb dənizə atır. Üstündən bir dəqiqə keçməmiş halqa dartılmağa başlayır. Prezident güc verib iri bir nərə balığını sudan çıxarır. Sevincini gizlədə bilməyən qonaq dərhal qarmağı bir də suya atır, yarım dəqiqə keçməmiş daha bir nərə balığını tutub sudan çıxarır. Cuşa gələn qonaq dayanmadan ovunu davam etdirir və hər dəfə sudan daha iri bir balıq çıxarır. Finlandiya Prezidentinin ağlına belə gəlmir ki, suyun altında balıqları dəqiqəbaşı halqaya keçirən vadalazlardır. Qonaq Bakıdakı istirahətindən çox razı qayıdır.

Əhvalata qulaq asan Klinton qəhqəhə çəkir, gülməkdən dayana bilmirdi. Görüş beləcə sadə və mehriban dostluq şəraitində keçdi.

Rəsmi görüşlərin sonunda Azərbaycan Dövlət Neft Şirkəti ilə ABŞ-ın "Amoko", "Ekson", "Mobil" və "Şevron" şirkətləri arasında neft müqavilələri imzalandı. Bu imzalanma mərasiminin mühüm tarixi əhəmiyyəti vardı. O vaxta kimi Ağ Evdə bu tipli sazişlər imzalanmamışdı. Buna böyük səylərdən sonra nail olmuşduq. Heydər Əliyev hər bir sazişin imzalanmasını siyasi bir hadisəyə çevirirdi. Bu barədə kütləvi informasiya vasitələri uzun müddət məlumat verir, siyasi xadimlər şahidlik edirdi. Prezident neftdən siyasi alət kimi istifadə edirdi. Dövlət başçılarından tutmuş iş adamları və ictimaiyyət arasında bir mesajı açıq və məharətlə bəyan edirdi. Azərbaycan geopolitik nöqteyi-nəzərdən mühüm əhəmiyyətə malikdir. Bu dövlət başçısının strateji xəttində iqtisadi maraqlar siyasi maraqların lokomotivi rolunu oynayırdı. Neft kontraktlarının məhz Ağ Evdə imzalanması da həmin lokomotivin gücünü, Azərbaycana və onun neft strategiyasına verilən qiymətin dəyərini sübut edirdi.

1997-ci il səfərini çox təhlil etmək olar. Amma fikir axını hansı istiqamətə yönəlirsə-yönəlsin, iki fakt çox mühüm idi.

Əvvəla, bu səfər Azərbaycanın Amerika Birləşmiş Ştatlarında istər horizontal, istərsə də vertikal təqdimatı idi. Horizontal təqdimat Prezident Klinton, vitse-prezident Qor, Kabinet və Konqres üzvləri, mətbuat və işgüzar dairələr, diaspor və ictimai fikir qurumları ilə aparıldı və bunun müvəffəqiyyətinə şübhə ola bilməzdi. Bu təqdimat ictimai fikir və siyasətin formalaşmasında rol oynaya biləcək bütün təbəqələri əhatə etmişdi. O ki qaldı vertikal təqdimata, buna coğrafi nöqteyi-nəzərdən baxmaq olardı. Azərbaycan Prezidenti Vaşinqton, Nyu-York, Hyuston və Çikaqoda oldu, ABŞ-ın mühüm mərkəzlərində öz ölkəsini layiqincə təqdim etdi.

İkincisi, bu səfər Heydər Əliyev üçün imtahan idi. Onun bu vaxta kimi səfərləri yalnız Nyu-Yorkla kifayətlənmişdi. Heydər Əliyev bu dəfə Manhəttən adasından çıxmalı idi. Əlbəttə, ABŞ-da səfərdə olan bu dövlət başçısının əsas məqsədi Klinton Administrasiyası və Konqresdə siyasi məqsədlərinə nail olmaq idi. Onun ikinci ən önəmli məqsədi isə tək ölkəsi haqqında deyil, xüsusilə özü haqqında ictimai fikri dəyişmək idi. Və bu mənada Vaşinqton çox vacib idi. Əzazildi Vaşinqton. Zəifləri sevməz. Güclüləri taxta çıxarar. Tərəddüd edirdi bu şəhər onu taxta çıxartmağa. Onun həmin taxta asanlıqla çıxacağına inanan da az idi. Bunun üçün siyasətçilər uzun müddət kampaniya aparır. Üçgünlük səfər kifayət olardımı?!

 

Bu səfər Azərbaycanın Amerika Birləşmiş Ştatlarında istər horizontal, istərsə də vertikal təqdimatı idi. Horizontal təqdimat Prezident Klinton, vitse-prezident Qor, Kabinet və Konqres üzvləri, mətbuat və işgüzar dairələr, diaspor və ictimai fikir qurumları ilə aparıldı və bunun müvəffəqiyyətinə şübhə ola bilməzdi. Bu təqdimat ictimai fikir və siyasətin formalaşmasında rol oynaya biləcək bütün təbəqələri əhatə etmişdi. O ki qaldı vertikal təqdimata, buna coğrafi nöqteyi-nəzərdən baxmaq olardı. Azərbaycan Prezidenti Vaşinqton, Nyu-York, Hyuston və Çikaqoda oldu, ABŞ-ın mühüm mərkəzlərində öz ölkəsini layiqincə təqdim etdi.

 

Vaşinqton dairələrində o, "Politbüro"nun üzvü və "KQB" sədri kimi tanınırdı. Belə bir keçmişə malik olan bir şəxsin səmimi və proqressiv siyasi xadim kimi yetişməsinə inam az idi. Sözün açığını desək, bu inamı nə diplomatik missiya, nə də xarici siyasət istəblişmenti yarada bilərdi. Bu inamı yalnız o özü yarada bilərdi. Heydər Əliyev Vaşinqtona bir imiclə gəlmişdi, başqa bir imiclə getməli idi. Başqa sözlə desək, Vaşinqton ictimai fikri onu millətpərəst, proqressiv, güclü və səmimi lider kimi qəbul etməli idi.

İctimaiyyət qarşısına çıxacağı ilk tədbir isə Corctaun Universitetində keçirildi. Qəribə bir tədbir idi. Vaxt vardı 10-15 adamı bir yerə yığa bilmirdik. Tədbirə bir saat qalmışdı, amma universitetin 350 kürsüsü olan akt zalı artıq dolu idi. Adam axını isə kəsilmirdi. Yaxşı yadımdadır, Baltimordan bir qrup da gəlmişdi. Onların arasında iki nəfər azərbaycanlı da vardı. Zal dolmuşdu və ABŞ mühafizə qüvvələri artıq gələnləri geri qaytarır, zala buraxmaqdan imtina edirdi. Bizim prioritet isə başqa idi. İmkanımız olsaydı, bəlkə də akt zalını genişləndirərdik. Təşkilatçılardan biri də ABŞ-Azərbaycan Ticarət Palatası idi. Azərbaycan mühafizəsinin zabitlərindən biri Palatanın direktoruna yaxınlaşıb baltimorlu azərbaycanlıları içəri buraxmağı xahiş edir. Əvvəlcə etiraz edən və Azərbaycanın da artıq seçmək imkanı yarandığı faktından bir anlığa mənəvi ləzzət alan Palata direktoru baltimorluları da qarşısına salıb adamların sayı-hesabı itmiş akt zalına salır.

Onun hər bir hərəkətinin, hər bir kəlməsinin diqqətlə izlənəcəyinə şübhə yox idi. Çıxışının məzmununu özü təyin edərdi. Prezidentə bu barədə məsləhət verməyə ehtiyac yox idi. Natiqlik ustası idi. Lakin potensial bir problem vardı. Çıxışın formatı. Vaşinqtonda beş dəqiqədən artıq uzanan çıxışa maraq itər. Adətən çıxışlar qısa olar, vaxt daha çox sual-cavaba saxlanar. Auditoriya çıxışdan daha çox onu maraqlandıran suallara cavab axtarar. Və verdiyi sualların bir məqsədi intellektual qidalanmaqdırsa, o biri məqsədi natiqin intellektual potensialını, mentalitet və şəxsiyyətini test etməkdir. Corctaunda yığışmış bu auditoriyaya həmin imkanı vermək lazım idi. Bu o deməkdir ki, Heydər Əliyev on illərlə sadiq qaldığı və adət etdiyi çıxış formatını dəyişməli idi. Məlum faktdır ki, Prezidentin çıxışları uzun çəkər, əhatə dairəsi hərtərəfli olardı. O vaxta qədər heç kəs Heydər Əliyevin cəmi beş dəqiqə çıxış etməsini görməmişdi.

Problem bu məsləhəti birmənalı və ustalıqla Prezidentə çatdırmaq idi. Məsələnin vacibliyini hamı başa düşsə də, heç kəs belə bir addımı atmağa cəsarət etmirdi. Tədbirin həmsədrləri Corctaun Universitetinin vitse-prezidenti Maykl Kelli və ABŞ-Azərbaycan Ticarət Palatasının Direktorlar Şurasının üzvü Riçard Armitac idilər. Prezidentdən öncə Palatanın fəxri məsləhətçisi Zbiqnev Bzejinski çıxış etməli idi. Prezidentin Bzejinskiyə müstəsna hörməti vardı. Elə çıxışın formatı barədə məsləhət də doktor Bzejinskiyə həvalə olundu. Auditoriyaya daxil olmazdan əvvəl Prezident Kelli, Armitac və Bzejinski ilə qısaca görüşdü. Həmin görüş zamanı doktor Bzejinski astaca məsələnin mahiyyətini Prezidentə başa saldı.

Bir qədər sonra tədbir öz işinə başladı. Natiqlər hamısı çıxışını qurtardıqdan sonra Azərbaycan Respublikasının Prezidenti tribunaya dəvət olundu. Yerindən asta-asta qalxan Prezident tribunaya yaxınlaşdı, alqışların qurtarmasına imkan verdi. Bir anlıq sükut yarandı. Həmin vaxt ərzində Prezident hamı görsün deyə, asta-asta qolundan saatını çıxartdı və nümayişkaranə tribunada gözü qarşısında yerləşdirdi. Bu jest zalda oturanların diqqətindən yayınmadı. Auditoriya gülümsədi.

Keçmiş "Politbüro" üzvü və "KQB" sədri Amerika auditoriyasına ilk mesajını verdi: Qərb adət və normalarına bələdəm, onlara hörmət etməyə hazıram və riayət etməyə qadirəm. Sonrası inanılmaz bir şouya çevrildi. Prezident universitetdə çıxış etdiyini bilirdi və çıxışını da universitet auditoriyasına yönəltdi. Bir müəllim kimi əlinə xətkeş alıb xəritə qarşısında durdu, ölkəsinin hər problem nöqtəsini sadə və ehtiraslı bir dildə izah etməyə başladı. Qısa çıxış qızğın sual-cavab sessiyası ilə əvəz olundu. Bu şəxs bir müəllim kimi auditoriya qarşısında dərs deyirdi, lakin tək dərs verdiyini deyil, eyni zamanda, imtahan edildiyini də yaxşı başa düşürdü. Bu sınaq gözlədiyimizdən də müsbət keçdi. İyulun 30-da Corctaun Universitetində Heydər Əliyev Vaşinqton ictimaiyyəti qarşısında öz imicini sübuta yetirdi. Sən demə, keçmiş "Politbüro" üzvü və "KQB" sədri həm də milliyyətçi, professional və xarizmatik bir dövlət xadimi imiş.

Bu cür imtahanlardan biri də "Bleer Haus"da, Ağ Evin qonaq iqamətgahında keçirilən görüşlərdən biri idi. ABŞ-da rəsmi siyasi qurumdan kənarda xeyli şəxslər olar. İstəblişmentdən kənarda olmalarına baxmayaraq, hakimiyyətə təsirləri güclü olar. Onlar nüfuz sahibləri və fikir yaradıcıları kimi tanınar. Bu cür nüfuz sahibləri ilə Prezidentin görüşünü təşkil etmək istəyirdim. Hələ səfərdən çox əvvəl doktor Bzejinskinin yanında olmuşdum. Səfərlə bağlı mənə bir sıra sanballı məsləhətlər vermişdi. Bzejinski ideyanı alqışladı və şəxsən bir sıra adamı dəvət edəcəyini vəd etdi. Beləcə bir siyahı hazırladıq və bərabər dəvətnamələr yollamağa başladıq.

İyulun 30-da "Bleer Haus"da yığılan qrup sözün həqiqi mənasında nüfuz sahibləri idi. Bu görüş uzunmüddətli sərmayə idi. Bəlkə də o vaxt bu fikir kifayət qədər diqqəti cəlb etməzdi, amma hadisələrin sonrakı gedişatı bu görüşün həqiqətən uzunmüddətli sərmayə olduğunu sübut etdi. Həmin gün "Bleer Haus"a Azərbaycan Prezidenti ilə görüşməyə gələn bu şəxslər bir neçə il sonra hakim dairələrdə nüfuz sahiblərinə çevrildilər. Bunların bir çoxu Buş Administrasiyasının aparıcı şəxsiyyətləri oldu. Vitse-prezident Dik Çeyni, Dövlət katibi Kolin Pauel, Dövlət katibinin müavini Riçard Armitac. Bir vaxt ata Buşun milli təhlükəsizlik məsələləri üzrə müşaviri, sonradan oğul Buşun seçki kampaniyasında fəal rol oynamış general Brent Skoukroft. Qonaqlar arasında Bill Klintonun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Antoni Leyk, əvvəllər energetika və müdafiə naziri işləmiş Ceyms Şlesincer, bir vaxt Prezident Niksonun aparatına rəhbərlik etmiş, sonradan Prezident Reyqanın Dövlət katibi olmuş Aleksandr Heyq, bir vaxt Dövlət Departamenti və Ağ Evdə çalışmış Karneqi Fondunun prezidenti Cessika Metyus, "Vaşinqton Post" qəzetinin redaktoru Stiven Rozenfeld və tanınmış siyasi şərhçi Corc Enqayer də vardı. Və şübhəsiz, məclisin ağsaqqalı doktor Zbiqnev Bzejinski idi. Bzejinskinin məsləhəti ilə Prezidentin sol tərəfində oturub lazım gəldikcə qonaqların hər biri haqqında ona məlumat verirdim.

Bu görüş qlobal siyasət barədə fikir mübadiləsinə döndü. Əliyevin keçmişi və onun qarşısında duran cari geopolitik problemlər görüş iştirakçılarını çox maraqlandırırdı. Prezident sanballı beyinlər əhatəsində idi və bu əhatə də yad deyildi. Məhz buna görə də bu nüfuz sahibləri onu öz sıralarına layiqli üzv kimi qəbul etdilər.

Rəsmi səfər çərçivəsində Hyustonda şəhər meri Robert Lanyerin evinə getdi. Cənubi amerikalılar çox sadə və istiqanlı olurlar. Bu xüsusiyyət bir yana, Hyuston həm də ABŞ-ın neft mərkəzidir. Bu şəhərdə söhbət və əməkdaşlıq üçün kifayət qədər imkan vardı. Cənab Lanyer Prezidenti çox səmimi qarşıladı. Həmin axşam Böyük Hyuston Əməkdaşlığı təşkilatı və ABŞ-Azərbaycan Ticarət Palatası Prezidentin şərəfinə ziyafət təşkil etmişdilər. Ziyafətdən bir neçə dəqiqə əvvəl istər Prezident, istərsə də qonaqlar çox şad bir xəbər aldılar. Prezident Əliyevin oğlan nəvəsi olmuşdu. Xəbəri alıb ziyafətə qalxan Prezidenti bir-bir təbrik etməyə başladılar. Məsələ yeni doğulmuş uşağa hansı ad qoyulacağına gəldi. Robert Lanyer zarafatla ona Sem Hyuston adının verilməsini təklif etdi.

Hyustonda görüşlər sırf iqtisadi xarakter daşıyırdı. Prezident bir-birinin ardınca ABŞ-ın bütün neft şirkətlərinin rəhbərliyi ilə görüşdü. Bu görüşlər neft şirkətlərinin ölkəmizə olan maraq və diqqətini daha da artırdı.

Prezidentin Hyustonda iş cədvəli hazırlanarkən bir sıra ideyalar təklif olunurdu. İdeyalardan biri də Hyuston Tibb Mərkəzi və ya Milli Astronomiya Mərkəzinə səfər idi. Hər iki mərkəz tək Hyustonda deyil, bütün dünyada məşhurdur. İş cədvəlinin sıxlığını nəzərə alaraq, seçim yalnız bir olmalı idi. Yaxşı yadımdadır, müzakirə etdiyimiz vaxt əməkdaşlarımızdan biri çox sadə bir mülahizə yürütdü. Azərbaycanın kosmosla məşğul olmasına hələ çox var, amma tibb sahəsində işimiz çoxdur, gəlin Tibb Mərkəzinə gedək. Belə də oldu. Tibb Mərkəzində olarkən Prezident məşhur kardioloq Maykl Dibeyki ilə tanış oldu. Taleyin işi elə gətirdi ki, sonralar bu tanışlıq genişləndi.

1997-ci il səfəri gərgin, lakin məhsuldar iş nəticəsində baş tutdu. Səfərə hazırlıq dövründə yuxusuz gecələrimiz çox olub. Bu barədə yazmağa dəyməz. Lakin bir fakt yazılmalıdır və hələ çox da yazılacaq. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ABŞ-a rəsmi səfəri mühüm tarixi hadisə və Azərbaycan diplomatiyasının ən böyük nailiyyətlərindən biri idi. Bu hadisəni təşkil etmək və onu yaşamaq isə həyatda ən böyük şərəfdir. Məmnunam.