Mükəmməl siyasətdən doğan humanistlik
Siyasət

Mükəmməl siyasətdən doğan humanistlik

Humanistlik ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını təşkil etdiyindən humanizm prinsiplərinin bütün sahələr üzrə davamlı reallaşdırılması prioritet istiqamətlərdəndir. Azərbaycanda dövlət siyasətinin əsas məqsədlərindən biri insan hüquq və azadlıqlarının hərtərəfli təmin edilməsi olduğundan bu sahədə islahatlar mütəmadi həyata keçirilir və müstəsna əhəmiyyətli işlər görülür. Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu insanpərvərlik ənənələrini uğurla davam etdirən Prezident İlham Əliyevin bütün fəaliyyəti boyu, o cümlədən ölkəyə rəhbərlik etdiyi ilk günlərdən insanlara qarşı mərhəmətli və humanist mövqe tutması danılmaz həqiqətdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevin "Mükəmməl siyasətdən doğan humanistlik" sərlövhəli məqaləsində əksini tapıb. Məqaləni təqdim edirik.

Sevindirici və qürurvericidir ki, böyük şəxsiyyət Heydər Əliyev xalqın tələbi ilə növbəti dəfə hakimiyyətə gəldikdən sonra hüquqi və demokratik dövlətin əsas özüllərindən biri olan insan hüquq və azadlıqlarının müdafiəsi ölkəmizdə daha etibarlı təşkil olunub, hər bir sahədə insanpərvərlik və mərhəmət prinsiplərinin rəhbər tutulması təmin edilib. Təsadüfi deyil ki, 1993-cü ilin iyunundan ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyulub, onun tətbiqi məhdudlaşdırılıb, 1998-ci il fevralın 10-da isə bu cəza növü Şərqdə ilk dəfə Azərbaycanda ləğv edilib. Ulu Öndərin həyata keçirdiyi humanist siyasətdə vacib məsələlərdən biri də cinayət törətmiş, əməlini etiraf etmiş və peşman olmuş şəxslərin əfv edilməsi, bağışlanması olub. Ümummilli Liderin siyasi hakimiyyətə tarixi qayıdışından sonra Azərbaycan Prezidenti yanında Əfv Komissiyası yaradılıb və əfvetmə institutu bərpa olundu ki, bu da humanizmin növbəti bariz nümunəsi idi. Vurğulanmalıdır ki, 1995-2003-cü illərdə ulu öndər Heydər Əliyevin imzaladığı 32 əfv fərmanı ilə üç mindən artıq məhkum azadlığa buraxılıb. Həmçinin həmin dövrdə Ümummilli Liderin təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi 7 Amnistiya qərarı 60 mindən artıq şəxsə şamil edilib. Hazırda bu hüquqi-insanpərvər ənənələr uğurla davam etdirilir. Dahi şəxsiyyətin möhkəm təməllər üzərində əsasını qoyduğu uzaqgörən siyasətin varisliyini bütün sahələrdə dövrün tələblərinə uyğun layiqincə davam etdirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyət göstərməsini daim diqqət mərkəzində saxlayır. Səmərəli fəaliyyət göstərməklə xalq arasında yüksək nüfuz qazanmış Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının gördüyü xeyirxah işlər kimliyindən asılı olmayaraq hər bir kəsə inamla və hörmətlə yanaşmanı, insanpərvərlik ideyalarının cəmiyyətdə geniş yayılmasını şərtləndirib. Son 18 ildə Prezidentin imzaladığı 35 əfv fərman və sərəncamı, böyük ürəkli insanın təşəbbüsü ilə qəbul olunmuş çoxsaylı amnistiya aktları on minlərlə insana sevinc bəxş edib.

Dövlətimizin başçısının dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə almaqla və humanizm prinsiplərinə əsaslanaraq 2020-ci il aprelin 6-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı xüsusi vurğulamaq lazımdır. Qayğıkeş rəhbər İlham Əliyevin sözügedən Sərəncamla çətin günlərdə çoxsaylı ailələri sevindirməsi, yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yəni yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv etməklə, 165 kişi və 11 qadını cəzanın çəkilməmiş hissəsindən azad etməsi insan amilinə verilən yüksək dəyərin göstəricisidir. Xalq bir daha əmin oldu ki, onun hər bir nümayəndəsi kimliyindən və hansı zümrəyə aid olmasından asılı olmayaraq dövlət qayğısı ilə əhatə olunur. Müdrik liderin məhkumluq həyatı yaşayan bəzi yaşlı insanları əfv etməsi həm də koronavirusla mübarizəyə töhfə oldu.

Yeri gəlmişkən qeyd olunmalıdır ki, bəşəriyyəti bürüməklə insanların həyat və sağlamlığını təhdid altına alan, dünyanın demək olar ki, hər yerində, o cümlədən inkişaf etmiş ölkələrdə hər gün yüzlərlə insanı cənginə keçirən və ya qurbanına çevirən koronavirus (COVID-19) pandemiyasına qarşı ölkəmizdə aparılan uğurlu mübarizə də ölkədə həyata keçirilən mükəmməl siyasətin nəticəsidir. Pandemiya sınağından məharətlə çıxmağımız dövlətimizin başçısının nə qədər müdrik, xalqımızın necə əzmkar olduğunu bir daha təsdiqləyir.

Göründüyü kimi, 1995-2021-ci illər ərzində əvvəlcə ulu öndər Heydər Əliyev, sonra isə Prezident cənab İlham Əliyev tərəfindən ümumilikdə 67 əfv fərman və sərəncamı qəbul edilib ki, bu da humanist siyasətin bariz təzahürüdür.

Hər kəsə məlumdur ki, dövlətimizin başçısının mütərəqqi siyasətinin mərkəzində insan amili dayanır. Millətinə xidməti həyat amalına çevirmiş örnək lider İlham Əliyev xalq qarşısında verdiyi vədləri son 18 ildə əməlləri ilə doğruldaraq hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib. Ölkə rəhbərinin mövcud gerçəklikləri operativ və obyektiv şəkildə qiymətləndirərək cəmiyyətin sosial tələbatına uyğun çevik qərarlar qəbul etməsi, vətəndaşları narahat edən məsələləri qısa zamanda həll etməsi, hər zaman xalqın içində olması, mütəmadi olaraq vətəndaşlarla bilavasitə görüşməsi, onların qayğıları ilə maraqlanması, müraciətlərinə xüsusi həssaslıqla yanaşması, ciddi problemləri ilə bağlı məsələləri nəzarətə götürməsi, üzləşdikləri bütün çətinliklərin aradan qaldırılması üçün zəruri tədbirlər görülməsini təmin etməsi, insanların maddi və sosial rifahına xidmət edən, hər hansı şəkildə vəziyyətlərini yaxşılaşdıran qərarlar verməsi, aktlar qəbul etməsi və ya belə xarakterli qərar və aktların qəbul olunması üçün təşəbbüslər göstərməsi, o cümlədən onun təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il noyabrın 5-də "8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Qərar qəbul etməsi dövlətin və rəhbərinin xalqa olan doğma münasibətinin, hər bir vətəndaşa verdiyi yüksək dəyərin, ölkədə aparılan siyasətin qayəsini insan amilinin təşkil etməsinin təcəssümüdür.

Bütün dünyaya bəllidir ki, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 2020-ci ildə müdrik lider, qətiyyətli sərkərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımız və rəşadətli ordumuz düşmən üzərində parlaq Qələbə qazanıb, nəticədə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə düşmən tapdağında olan dədə-baba torpaqlarımız işğaldan azad edilib. Fürsətdən istifadə edib Vətən müharibəsində qəhrəmancasına həlak olan bütün şəhidlərimizə uca Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm.

2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ordumuzu mənfur düşmənin layiqli cavabını verməyə sövq etdiyindən Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları həyata keçirdi və bununla da Vətən müharibəsi başladı. Böyükdən kiçiyə hər kəs İkinci Qarabağ müharibəsinin Qələbə ilə başa çatmasını qarşıya məqsəd qoydu. Dövlət başçısı İlham Əliyevin "Biz birlikdə güclüyük!" şüarı dillərdə əzbər olmaqla xalqı öz liderinin ətrafında daha da sıx birləşdirərək mülki vətəndaşlarda mübarizə əzmi, hərbçilərimizdə isə böyük ruh yüksəkliyi yaratdı. Ermənistanın növbəti təxribatlarının qarşısını almaq və düşməni sülhə sövq etmək məqsədilə gedən 44 günlük müharibədə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin şücaəti hərb tariximizin qəhrəmanlıq salnaməsini yaratmağa müvəffəq oldu. Elə ilk günlərdən düşmənə sarsıdıcı zərbələr vuran qəhrəman övladların qısa zamanda ardıcıl zəfərlər qazanmaqla kəndlərimizi, qəsəbələrimizi, yaşayış məntəqələrimizi, eləcə də şəhərlərimizi, o cümlədən oktyabrın 4-də Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı və nəhayət noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etməsi Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Ardınca noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər və dekabrın 1-də Laçın işğaldan azad edildi. Bununla da haqq mübarizəsi hərbi və siyasi-diplomatik qələbəmizlə başa çatdı və ədalət bərpa olundu. Qazandığımız tarixi Qələbə Müzəffər Ali Baş Komandanın mükəmməl siyasətinin və sarsılmaz qətiyyətinin, dövlətimizin qüdrətinin, Silahlı Qüvvələrimizin gücünün, hərbi qulluqçularımızın qəhrəmanlığının və xalqımızın mübarizliyinin sıx vəhdətinin nəticəsində əldə olunub.

Xüsusi vurğulanmalıdır ki, dövlətimizin başçısının ən sadiq məsləkdaşı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və yorulmaz fəaliyyəti Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbəyə də öz töhfəsini verdi. Mehriban xanım ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün vətənpərvər çağırışları ilə hər bir azərbaycanlını informasiya platformalarında uğurlu mübarizəyə səfərbər etdi. Cəbhədə döyüşən qəhrəman hərbçilərimizə, eləcə də yaralılarımıza hərtərəfli dəstəyi və duaları ilə yardımçı olan, şəhidlərimizin, o cümlədən həlak olan dinc insanlarımızın əzizlərinin ağrı-acısına şərik çıxaraq bir ana, bacı, övlad kimi doğma və qayğılı münasibətilə onları ovunduran birinci xanım xalqımıza böyük təsəlli oldu.  

Vətən müharibəsində qazandığımız tarixi Qələbənin - Zəfər Gününün birinci ildönümü ərəfəsində bu Qələbənin memarı olan Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Qərarın qəbul olunması xalqımızın qələbə sevincinə əlavə fərəh qatdı. Ümummilli Liderimizin ölkəmizdə əsasını qoyduğu humanizm siyasətinin davamı olaraq qəbul edilmiş bu amnistiya aktı mərhəmətin, insanpərvərliyin və xeyirxahlığın növbəti təzahürüdür.

Bu amnistiya aktı bütün digər belə aktlardan fərqlənir. Fərq ondan ibarətdir ki, bu akt genişmiqyaslı olmaqla tətbiqi dairəsi böyükdür və həm istintaq mərhələsində, həm də məhkəmədə olan işlərə şamil olunur. Akta əsasən, amnistiya ilk dəfə ağır cinayət törədilməsinə görə verilmiş cəza müddətinin çəkilməmiş hissəsi altı ayadək olan şəxslərə də şamil olunacaq. Preambula, 4 bölmə və 45 hissədən ibarət aktın birinci bölməsində amnistiyanın şamil edildiyi şəxslərin dairəsi müəyyən edən siyahı yer alıb. İkinci bölmədə tətbiq edilən məhdudiyyətlər nəzərdə tutulmuş, üçüncü və dördüncü bölmələrdə isə müvafiq olaraq aktın qüvvəyə minməsi və icra prosesi ilə bağlı məlumatlar əksini tapıb. Zəfər Günü münasibətilə hazırlanmış amnistiya aktı barəsində tətbiq olunması nəzərdə tutulan şəxslərin sayına, cinayətlərin və cəzaların əhatə dairəsinə görə Azərbaycan tarixinin ən böyük amnistiyası olacaq. Amnistiya aktının 15 min nəfərdən çox insana, o cümlədən 70-dək qadına və yeniyetməyə şamil olunması gözlənilir. Amnistiya aktının icrası aidiyyəti orqanlar tərəfindən dörd ayda başa çatdırılacaq. Amnistiya aktı ilə azadlığa buraxılacaq məhkumların cəmiyyətə adaptasiyası ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər də görüləcək. Həmin şəxslər reabilitasiya və adaptasiya prosesi çərçivəsində müvafiq qurumlara müraciət edərək zəruri yardımlar ala biləcəklər.

Əminik ki, Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya aktı dövlətin humanist siyasətinə, Azərbaycanda insan hüquqlarının etibarlı müdafiəsinə, haqqa-ədalətə cəmiyyətdə olan inamı daha da möhkəmləndirəcək. Sözügedən aktın şamil edildiyi şəxslər isə dövlətin onlara olan münasibətini yüksək qiymətləndirərək, baş verənlərdən nəticə çıxarmaqla, bir daha eyni və ya bənzər səhvləri təkrarlamayacaq və öz əvvəlki həyatlarına qayıdaraq, cəmiyyətin inkişafına, rifahına töhfələr verəcəklər. Göründüyü kimi, amnistiya aktının siyasi, hüquqi, iqtisadi, sosial, mənəvi və humanitar əhəmiyyəti böyükdür.

Ümumiyyətlə, müstəqillik dövründə qəbul edilən 12 amnistiya aktı 100 mindən artıq şəxsə şamil olunub. 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dörd amnistiya aktı qəbul olunub ki, bu da 40 mindən artıq insana şamil edilib.

Amnistiya qərarı üzrə prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin vaxtında və layiqincə icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev tərəfindən noyabrın 5-də "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 5 noyabr tarixli Qərarının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə" əmr imzalanıb. Hazırda aktın tətbiqi və əmrin icrası prokurorluq, o cümlədən hərbi prokurorluq orqanları tərəfindən uğurla təmin edilir. Həmin məsələyə gündəlik nəzarətin təmin olunması, habelə amnistiyanın tətbiqi ilə bağlı ortaya çıxa biləcək hər hansı problemin operativ həll edilməsi məqsədilə müvafiq zəruri tədbirlər də görülüb. Hərbi prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin işçilər tərəfindən vaxtında və layiqincə yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı cənab Xanlar Vəliyev sözügedən məsələni gündəlik diqqətində saxlayır.

Qeyd edək ki, Hərbi Prokurorluğun kollektivi ulu öndər Heydər Əliyevin mükəmməl siyasətinin və ondan doğan humanist ənənələrin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsində, bütün sahələrdə, o cümlədən insan hüquq və azadlıqlarının hərtərəfli təmin edilməsi, qanunçuluğun və hüquq qaydasının daha da mökəmləndirilməsi istiqamətində onun rəhbərliyi ilə görülən böyük işlərdə yaxından iştirak edərək, qanunun aliliyinin təmin olunması, insan hüquqlarının etibarlı müdafiəsi, Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsi, qanun pozuntularının qarşısının alınması və aradan qaldırılması istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artırır.

Bütün bunların, eləcə də Azərbaycan Ordusu və başqa silahlı birləşmələrlə Hərbi Prokurorluğun birgə işgüzar fəaliyyəti son illər ölkədə hərbi xidmət əleyhinə cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən digər cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib. Misal üçün, 2020-ci ilin 10 ayı ilə müqayisədə 2021-ci ilin müvafiq dövründə qeydə alınmış hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 34,3 faiz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 23,5 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 49,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 28,6 faiz azalıb.

Göründüyü kimi, demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının müdafiəsinə dövlət tərəfindən hər zaman xüsusi həssaslıqla yanaşılaraq, qeyd olunan sahəyə böyük diqqət və yüksək sayğı göstərilir ki, bu da cəmiyyətimizdə humanizm ənənələrinin hərtərəfli təşəkkül tapmasına və daha da möhkəmlənməsinə rəvac verir.

Fərəhləndirici və qürurverici haldır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən sözügedən sahədə də ardıcıl uğurlar əldə olunur. Bütün bunlar da Azərbaycanın və azərbaycanlıların parlaq gələcəyini şərtləndirəcək.

AZƏRTAC