Multikulturalizmin, tolerantlığın məkanı
Mədəniyyət

Multikulturalizmin, tolerantlığın məkanı

Azərbaycanın beynəlxalq həmrəyliyə dəstəyi  sülhsevər, birgəyaşayışa önəm verən ölkə olması bunu təsdiqləyir

İslam mədəniyyəti din və çoxmədəniyyətlilik sahəsində tarixi mövqeyə malikdir. Müsəlman cəmiyyətləri tarix boyunca başqa din və mədəniyyətlərə mənsub insanlarla bir arada yaşamaq sahəsində xeyli  təcrübə əldə etmişdir. Tarix sübuta yetirib ki, islam mədəniyyəti digər mədəniyyətləri düşmən qüvvə  kimi yox, insani varlığı daha da zənginləşdirən bir dəyər kimi qəbul  edir.

Tarixi çox qədim olan Bakı əsrlər  boyu şərq, cənub  və şimal  qonşuları ilə ticarət etmiş, həm karvan, həm də dəniz vasitəsilə qurulan  bu əlaqələr isə təbii ki, onun inkişafına, mədəniyyətinin formalaşmasına təsirsiz qalmamışdır.

Azərbaycan xalqı tarixin heç  bir məqamında torpağında yaşayan, fərqli dinə, fərqli dilə mənsub olan xalqın nümayəndəsinə hesab sormamış, təhqir etməmiş, pislik, təzyiq göstərməmişdir. Tarixin bütün dövrlərində Azərbaycanda bütün dinlərin nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşamış, babalarımız, atalarımız torpağında yaşayan heç kimsəyə bu torpaq bizimdir iddiasında olmamışdır. Buna Azərbaycan xalqının mədəniyyəti heç zaman yol verməyib. Elə bu günün tələbinə, şərtlərinə əsasən adlandırılan multikulturalizmin əsasında da bu dayanır. 

Cəmiyyətin həyatında elmlə yanaşı, mədəniyyət, əxlaq,  din də həlledici rol oynayır. Maddi mədəniyyətin, elmin, texnologiyanın, iqtisadiyyatın, fiziki sağlamlığın, idmanın prioritetliyinə əsaslanan Qərb sivilizasiyası və mənəvi mədəniyyətin, əxlaqın, dini dəyərlərin prioritetliyinə əsaslanan Şərq sivilizasiyası bir-birini qarşılıqlı surətdə tamamladıqda kamil insanın formalaşmasına xidmət edir.

Bu gün Azərbaycan multikulturalizmin, tolerantlığın  məkanı kimi tanınır, dünya  birliyində  zəngin mədəniyyətə,  qədim tarixə, tolerantlıq ənənələrinə malik bir dövlət kimi böyük nüfuza malikdir. Ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması yönündə mühüm işlər görülür, insanların  din və etiqad azadlığının sağlam əsasda inkişafı  təmin edilir. Ulu öndərin  ölkəmizdə mövcud  din, tolerantlıq və multikulturalizm mühitinin daha da gücləndirilməsi ilə bağlı siyasəti dövlət başçısı İlham Əliyev  tərəfindən uğurla davam etdirilir.  “Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb.  Azərbaycanın nümunəsi göstərir ki, multikulturalizm yaşayır” deyən  Prezident İlham Əliyevin IV Bakı Beynəlxalq Humanitar Forumunda səsləndirdiyi “Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər?  Bu, ayrı-seçkilikdir, irqçilikdir,  ksenofobiyadır,  islamofobiyadır, antisemitizmdir” fikirlər də ölkə rəhbərinin multikulturalizmə böyük  önəm verdiyinin göstəricisidir. 2016-cı ilin ölkəmizdə  “Multikulturalizm ili” elan  edilməsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin  yaradılması da dövlətimizin  multikulturalizm siyasətinə önəm verməsini bir daha təsdiqləyir.

 Azərbaycan  ta qədimdən  müxtəlif etnosların və  dini icmaların  dinc yanaşı yaşamalarının  unikal nümunəsidir. Multikulturalizmə, İslam həmrəyliyinə,  ümumilikdə beynəlxalq həmrəyliyə dəstəyi Azərbaycanın  hər zaman sülhsevər, birgəyaşayışa  önəm verən ölkə olduğundan xəbər verir.  Azərbaycanın coğrafi bölgüsünü, insanların məskunlaşdığı yaşayış məskənlərinin bugünkü mənzərəsini göz önünə gətirək: Bakının kənd və qəsəbələrində əsrlərdən bəri yaşayan fars əsilli tatlar, Qubanın Qırmızı qəsəbəsindəki yəhudilər, İsmayıllının İvanovka kəndində yaşayan malakanlar, Lahıcdakı lahıclar, Gədəbəyin Saratovka kəndinin rus sakinləri... Dünənədək ən yaxşı yerlərdə yaşayan, ən gözəl, dilbər guşələrdə məskunlaşan, ən yüksək vəzifələrdə işləyən,  ocağımızın başında oturan ermənilər...

 Bu günlərdə Türkiyənin nüfuzlu  “CNN Türk”  televiziya kanalına müsahibə verən ölkə başçımız İlham Əliyev demişdir: “Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və burada bir çox xalqlar yaşayır, bir ailə kimi yaşayır, o cümlədən ermənilər də yaşayır. Bu gün Bakıda erməni də var... Burada bir erməni kilsəsi var, heç toxunulmayıb, heç ziyan görməyib, əksinə, biz onu təmir etdik. O, şəhərin mərkəzində yerləşir və əgər oraya kimsə getsə görər ki, orada 5 minə yaxın erməni kitabı var. Amma bizim məscidlərimizə nə etdilər? Müqayisə üçün deyim ki, 60-dan çox məscidimizi yerlə bir etdilər”.

Ölkəmizdə tolerantlıq ənənələrinin qorunması işinə xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlığın ünvanı--Azərbaycan” layihəsi çərçivəsində Bakıdakı pravoslav kilsəsində təmir-bərpa işləri aparılmış, “Or-Avner” Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik təhsil mərkəzi inşa edilmiş, Bakıdakı “Müqəddəs Məryəm” kilsəsində bir sıra işlər görülmüş, “Vatikan” kilsəsində katakombalar təmir olunmuşdur.

Dünyada baş verən müxtəlif münaqişələrin əsasında monoetniklik durur. İfrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya, ksenofobiya və nifrətin ən ifrat təzahürlərini özündə yaşadan üzdəniraq qonşularımız sadəcə ermənilərdən ibarət bir dövlət yaradaraq özlərindən başqa heç bir millətin yaşamadığı Ermənistanda dövlət səviyyəsində  mütəmadi olaraq etnik təmizləmə aparmışlar. Təkcə 300 min azərbaycanlının Ermənistanda etnik təmizləməyə məruz qalması bunun bariz nümunəsidir. Xocalıda yaşananlar da ermənilərin soyqırımı siyasətinin təzahürü idi. Ermənilər orada insanları azərbaycanlı olduqları üçün qətl etmişdilər. “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan ermənilər tarixin bütün dövrlərində əzəli torpaqlarımıza, mədəniyyətimizə, incəsənətimizə göz dikmiş, özününküləşdirməyə cəhd etmişdir.

Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri ilə bütün dünyada tanınır. Humanizmdən, ədalətdən, beynəlxalq hüquqdan xəbərsiz olan mənfur ermənilər barbar davranışları ilə işğal olunmuş torpaqlarımızda  mədəniyyətimizi, dövlətçilik ənənələrimizi yaşadan çoxlu sayda tarixi abidələrimizi məhv etmiş, qədim tarixə malik  memarlıq sənəti nümunələrimizi dağıtmışlar. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi vandalizm aktlarının başlıca istiqamətlərindən  biri də mədəni irsimizə qarşı yönəlmişdir. İşğalçı dövlətin abidələrimizə münasibətdə həyata keçirtdiyi vəhşiliyin əsas məqsədi Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi, mədəni irsi yer üzündən silmək olmuşdur. Uzun illər işğal altında olan, erməniləşdirilməyə və dağıntılara məruz qoyulan daşınmaz tarix-mədəniyyət abidələrimizin vəziyyəti bu gün bütün dünyaya bəllidir.

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili”  haqqında Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 7.8-ci bəndinin icrası üçün  Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkil etdiyi monitorinqlər zamanı baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdıldığı aşkar edilmişdir.

Bu günədək dövlət qeydiyyatında olan 313 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilmiş, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 113 yeni abidə aşkar edilmişdir.

Həmçinin aparılan monitorinqlər zamanı 828 mədəniyyət müəssisəsi monitorinq edilmişdir ki, onlardan 443-ü kitabxana, 332-si mədəniyyət evi və klub müəssisəsi,  20-si muzey, 25-i uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur. Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonları üzrə aparılmışdır. Baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının qaldığı, müdaxilələrin olunduğu və vandalizmə məruz qaldığı  aşkar edilmişdir.

Tarixdə erməni iddiaları və soyqırımı mövzusunda tənqidi yazılar yazan, çox sayda kitabların müəllifi, siyasi analitik, irlandiyalı tarixçi, Qafqaz və Osmanlı imperiyası tarixi üzrə ekspert Patrik Uolşun ermənilərin Qarabağda tarixi və mədəni irsi necə məhv etməsi ilə bağlı fikirləri mənfur düşmənin iç üzünü açır: “Tam əminəm ki, müsəlmanların məbədlərinin rüsvayçı şəklə salınması İslam dünyasını qəzəbləndirəcək. Mən məscidlərin donuz  tövləsinə çevrilməsini  və digər müqəddəs yerlərə qarşı edilən təxribatları nəzərdə tuturam. Həqiqətən də, sahibi olduğu inancdan asılı olmayaraq, şərəfli və mədəni insanlar bu cür barbar və təhqiramiz hadisələri görməlidir. Əminəm ki, ermənilər bu hadisələri qəsdən törədib. Həqiqətən  bu cür davranışlar cinayətkarları çox pis bir şəkildə əks etdirir....  fərqliliyə hörmət və hər kəsə yer vermək ruhu erməni milliyyətçiliyində çatışmır. Ermənilərin hər şeyə güzəştsiz yanaşmaları var, misal üçün torpağa, mədəniyyətə, dinə və məskunlaşmaya. Onlar elə hesab edirlər ki, bu ya onlarındır ya da heç kimin. Dünyanın böyük sivilizasiyalarına və mədəniyyətlərinə  hörmət bəsləyən ortaq keçmiş anlayışları yoxdur. Hər şey sanki onlarındır və heç kimi saymırlar”.

 Artıq dünya ictimaiyyətinin böyük əksəriyyəti ermənilərin  Azərbaycanın mədəni irsinə münasibətdə barbar davranışı, vandalizm və dözümsüzlük siyasəti yürütdüyünü qəbul edir və əslində ermənilərin  kim olduqlarını yaxşı anlayırlar.

                                                           Mehparə ƏLİYEVA,

                                                                “Respublika”.