Münaqişəyə son qoyulub, indi münasibətlərin normallaşdırılması istiqamətində hərəkət etmək vaxtıdır
Siyasət

Münaqişəyə son qoyulub, indi münasibətlərin normallaşdırılması istiqamətində hərəkət etmək vaxtıdır

Cənubi Qafqazda sabitliyin və tərəqqinin təmin edilməsinə hərtərəfli şərait yaratmaq üçün imkanlar səfərbər olunur

Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.

"İki il əvvəl üçtərəfli Bəyanat imzalandı və çoxillik münaqişəyə son qoyuldu. İndi isə münasibətlərin normallaşdırılması istiqamətində hərəkət etmək vaxtıdır". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə deyib. Azərbaycanın münasibətlərin normallaşdırılması üçün bu yaxınlarda beş əsas prinsip irəli sürdüyünü xatırladan dövlətimizin başçısı bildirib ki, Azərbaycan-Ermənistan münasibətləri bu prinsiplər əsasında normallaşdırılmalıdır. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir. Düşünürəm ki, münasibətlərin normallaşdırılmasına bu əsasda nail olmaq olar. Dövlət başçımızın bu sözləri dəyişməz, ədalətli mövqeyi ortaya qoymaqla ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılmasında daha çox maraqlı olmasını, sülhsevər niyyətini təsdiq edir. Təəssüf ki, Ermənistanın baş naziri Nikol Paşinyan hələ də bununla bağlı aydın fikir bildirmir. Üçtərəfli görüşdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfərə yollanması da müzakirələrə açıq mövzudur.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, münaqişəyə iki il öncə son qoyulub. "Qarabağ münaqişəsi artıq tarixdir, o, iki il əvvəl həll olunub. Ona görə də bu kontekstdə praktiki olaraq müzakirə ediləsi heç bir məsələ qalmayıb". Bu fikri görüşdə deyən Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ münaqişəsinin nizamlanmasında oynadığı rola görə Rusiya prezidentinə təşəkkürünü bildirib. Qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ciddi addım tələb edən formatdır. Ölkə başçısının bu fikirləri belə deməyə əsas verir ki, ikitərəfli və üçtərəfli Soçi görüşündə, bundan əvvəl də baş tutan bütün platformalarda Azərbaycan öz haqlı mövqeyini təqdim edib qəbul etdirməyə nail ola bilir. Əslində, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən böyük nəticə əldə olunacağına gözləntilərin az olmasına baxmayaraq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında ciddi addım atılacağına inam var idi. Elə Rusiya Prezidenti Vladimir Putin də görüşdən əvvəl bu məqama toxunaraq Soçidəki danışıqların cari vəziyyəti müzakirə etmək üçün daha bir imkan olacağına ümid etdiyini demişdi: "İrəli getməyimizə imkan verəcək əsas məqamları tapmaq lazımdır", - deyən Putin əlavə edib ki, hazırda ən vacib sülhə nail olmaq və iqtisadi inkişaf üçün şərait yaratmaqdır.

Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla iki saatdan çox davam edən üçtərəfli görüşdə tərəflər gələcəklə bağlı razılığa gəlmək bacarığını nümayiş etdiriblər. Görüşlə bağlı informasiya mənbələrində verilən məlumata görə, Rusiya Prezidenti bildirib ki, Rusiya Ermənistan və Azərbaycan arasında yekun nizamlanmaya nail olmaq üçün hər şeyi edəcək. "Bu gün biz birgə bəyanatla bağlı razılaşdıq". Bunu üçtərəfli görüşdən sonra deyən Rusiya dövlət başçısı bununla belə, görüşün faydalı olması ilə bağlı ümumi qiymətləndirmə ilə razı qaldığını, bütövlükdə bunun vəziyyətin həlli istiqamətində gələcək addımlar üçün şərait yaratdığını vurğulayıb.

Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən üçtərəfli görüşün yekunları ilə bağlı qəbul olunan birgə bəyanatda ölkəmizin maraqlarını təmin edən məqamlar yer alır. Belə ki, 9-10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatların icrasının müzakirə edildiyi qeyd olunan bəyanatda Qarabağla bağlı bir sözün belə işlədilməməsi Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını bir daha təsdiq edir. Bu məqam media resurslarında, sosial şəbəkələrdə ən çox diqqətçəkən, müzakirə edilən məsələlərdəndir. Bu, ölkəmizin növbəti uğuru kimi dəyərləndirilir. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşün yekunları ilə bağlı birgə qəbul olunan bəyanatında bu dəfə də Alma-Ata Protokoluna istinad edildi. Qeyd edək ki, 21 dekabr 1991-ci il tarixində MDB-yə üzv olacaq 11 ölkənin imzaladığı bu sənədlə dövlətlər, o cümlədən Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyıblar. Mühüm əhəmiyyət kəsb edən üçtərəfli bəyanatda vurğulanır: "Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğumuzu təsdiq etdik. Qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşdıq".

Bəyanatda həmçinin, regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan respublikaları arasında sülh sazişinin bağlanmasına hazırlıq görülməsinin vacibliyi qeyd olunur. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılaşma əldə olunub. Vladimir Putin Rusiya Federasiyasının buna hər vasitə ilə kömək göstərəcəyini qeyd edib. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Rusiyanın köməyi ilə dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin qurulması üçün müsbət ab-hava formalaşmasının vacibliyi vurğulanıb. Rusiya Federasiyasının bundan sonra da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sabitliyin və tərəqqinin təmin edilməsinə hərtərəfli şərait yaratmağa hazır olması alqışlanıb.

Mustafa KAMAL,

"Respublika".