MÜNXEN GÖRÜŞÜ ÖLKƏMİZİN GÜCÜNÜ DÜNYAYA GÖSTƏRDİ
Siyasət

MÜNXEN GÖRÜŞÜ ÖLKƏMİZİN GÜCÜNÜ DÜNYAYA GÖSTƏRDİ

Dövlətimizin başçısı İlham Əliyevin ardıcıl, məqsədyönlü və uğurlu siyasəti nəticəsində ölkəmiz bütün istiqamətlər üzrə hərtərəfli inkişaf edir. Müstəqil Azərbaycan dünya arenasında qabaqcıl, nüfuzlu ölkə kimi tanınır.

Azərbaycan müasir dünyamızın ən geniş dialoq məkanına və iştirakçısına çevrilmişdir, desək yanılmarıq. Respublikamızda, eləcə də müxtəlif ölkələrdə beynəlxalq səviyyədə keçirilən mədəniyyətlərarası və dinlərarası tədbirlərdə, təhlükəsizlik məsələlərinə həsr edilən Zirvə toplantılarında, sammitlərdə, forumlarda, simpoziumlarda Prezident İlham Əliyevin qətiyyəti beynəlxalq aləmdə böyük maraqla qarşılanır, müntəzəm olaraq Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır.

Lakin dünyada elə ölkələr var ki, Azərbaycan haqqında, ölkəmizdə baş verən hadisələr barədə kifayət qədər məlumata malik deyil. Elə dövlətlər də vardır ki, həqiqəti görmək istəmir, haqqı-ədaləti kənara qoyub öz "bacılıqlarını" müdafiə edir.

Bu baxımdan, möhtərəm Prezidentimizin Münxen Təhlükəsizlik Konfransının 59-cu toplantısında iştirakı ölkəmizin xarici siyasət kursunda mühüm əhəmiyyətə malikdir. Dünyanı bürüyən münaqişələr, təhdidlər fonunda davamlı sülhün bərqərar olunması istiqamətində Münxen Təhlükəsizlik Konfransı vacib platformadır. Ölkəmizin rəhbəri İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərdə, çıxış və müsahibələrində çox vacib məqamlara toxunub. Möhtərəm Prezidentimizin sərbəst və aydın nitqi, analitik təhlil mədəniyyəti, problemə kompleks yanaşmaq bacarığı, ümumiləşdirmə və proqnozlaşdırma məharəti dünya liderlərinin diqqətini cəlb edir.

Cənab Prezident Münxendə müzakirələr zamanı xüsusi vurğuladı ki, "Dağlıq Qarabağ" ifadəsi daha etibarlı deyil: "Sadəcə, məlumat üçün sizə bildirim ki, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, "naqorno" dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var".

Ermənilər bundan ibrət götürməli və birdəfəlik başa düşməlidirlər ki, Azərbaycanın tərkibində yaşamaq istəyirlərsə, ərazi iddialarından əl çəkməli, öz qonşuları ilə normal münasibət qurmalıdırlar. Dağlıq Qarabağ sözünü birdəfəlik öz leksikonundan silməlidirlər. Çünki Dağlıq Qarabağ münaqişəsi və eyniadlı ərazi vahidi yoxdur.

Prezident İlham Əliyev Qarabağa ezam olunmuş Rusiya vətəndaşı Vardanyanın Moskva-Yerevan-Xankəndi marşrutu ilə asanlıqla gəlib-getdiyini və bunun müqabilində "Laçın dəhlizinin bağlanması" haqqında səslənən fikirlərin həqiqətə uyğun olmadığını söylədi. Dövlətimizin başçısı həmçinin, Qarabağda erməni icmasına rəhbərlik missiyasını həyata keçirən, amma nə Azərbaycan, nə də Ermənistan vətəndaşı olmayan Ruben Vardanyanın Moskvanın agenti olmasına diqqət yönəltdi.

Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda səsləndirdiyi təxribatçı suala cənab Prezidentimizin tutarlı cavabı bir daha həqiqəti ortaya qoydu. Dövlət başçımız özünəməxsus təmkin və diplomatik məharətlə vaxtilə Almaniya kanslerinin müşaviri olmuş Kristof Heusgeni belə susdurdu: "Bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil. Ola bilsin ki, "ixrac edilmiş" düzgün ifadə deyil, mən yəqin ki, "gizli yolla keçirilmiş" ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir. Təkcə bu fakt blokadanın olmadığını göstərir".

30 il idi ki, namərd düşmən torpaqlarımızı işğal altında saxlayırdı. Bu işğal beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd idi. Bunu dünya görürdü və ATƏT-in keçmiş Minsk qrupu da guya "çalışırdı" ki, bu məsələni həll etsin. Əslində isə onlar məsələni elə bir dalana gətirib çıxardılar ki, nəticə sıfra bərabər oldu.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabr ayının 27-də rəşadətli ordumuz əks-hücum əməliyyatlarına başladı və cəmi 44 günə torpaqlarımızı işğaldan azad etdi.

Prezident İlham Əliyev beynəlxalq təşkilatların Qarabağ münaqişəsində susqunluğunu və təcavüzkara heç bir təsir göstərmədiklərini bir daha dünya ictimaiyyətinin nəzərinə çatdıraraq dedi: "Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin biz heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Beləliklə, biz onun dondurulmadığını sübut etdik. Biz ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq".

Prezident həmçinin bildirdi ki, Azərbaycan və Ermənistan ikitərəfli qaydada sərhəddə nəzarət-buraxılış məntəqələri yaratsınlar. Ermənistan tərəfindən bununla bağlı hər hansı mövqe səsləndirilmədi. Amma ilkin təəssürat belədir ki, həm Avropada, həm Amerikada bu, məntiqli hesab olunur və hər iki ölkə arasında əlaqələrin normallaşmasında çox önəmli amildir. Sərhədlərin delimitasiyası da nəzarət-buraxılış məntəqələri olmadan mümkün deyildir. Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır.

Nə qədər ki, namərd, mənfur düşmənimiz var, arxayın olmamalıyıq. Bir vətəndaş olaraq sayıqlığımızı göstərməliyik. Təcavüzkar hər cür təxribat törədə bilər. Cənab Prezident dəfələrlə qeyd edib ki, düşmən bir daha baş qaldırsa, dəmir yumruq yerindədir, yenidən onların başını əzəcəkdir.

Azərbaycan güclü, qüdrətli dövlətdir. Ölkəmizdə milli həmrəylik, sarsılmaz xalq-iqtidar birliyi mövcuddur. Biz nüfuzlu, ləyaqətli ölkə kimi bütün tərəfdaşlarla bərabərhüquqlu, dostluq və əməkdaşlıq çərçivəsində münasibətlər qururuq.

Çünki nəyi necə, nə vaxt etməyi bacaran, daim doğma xalqının yanında olan, Azərbaycan adlı məmləkəti parlaq gələcəyə inamla aparan Prezidentimiz var!

Azad ABDULLAYEV,

Astara Pedaqoji Kollecinin müəllimi,

respublikanın qabaqcıl təhsil işçisi.