Münxendə beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə edilmişdir
Siyasət

Münxendə beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə edilmişdir

Dünyanın bir çox dövlət və hökumət başçılarının, siyasətçilərin, parlamentarilərin, araşdırma mərkəzlərinin, beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislərin arasında dialoq yaratmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə vermək missiyası həyata keçirən Münxen Təhlükəsizlik Konfransında qlobal əhəmiyyətli mövzular müzakirə edilir. 1963-cü ildən etibarən "Dialoq vasitəsilə sülh" şüarı altında keçirilən MTK-nın builki - sayca 59-cu görüşündə ənənəvi olaraq beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə edilmişdir. 40-dan çox dövlət və hökumət başçısının, xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumların rəhbərlərinin, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katiblərinin iştirakı ilə keçirilən konfransa Azərbaycan Prezidenti İlham Əliyev də dəvət olunmuşdur.

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilmişdir. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid iştirak etmişlər.

Moderatorun Rusiya-Ukrayna müharibəsinin regiona necə təsir etdiyi barədə sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın müharibənin nə demək olduğunu, onun hansı fəsadlar törətdiyini, qanlı müharibələr zamanı xalqın necə əziyyətlərə düçar qaldığını təxminən iki il bundan əvvəl İkinci Qarabağ müharibəsində yaşadığını diqqətə çatdırmış və ölkəmizin heç bir vaxt müharibə tərəfdarı olmadığını, bütün dünyada sülhü təşviq etdiyini bildirmişdir. Bu kontekstdə ölkə başçımız Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının, regionda sülhün bərqərar olmasının vacibliyini qeyd etmiş və hazırda sülh sazişi üzərində işlənildiyini bildirmişdir. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının, ədavətin, kin-küdurətin aradan götürülməsinin bəzi ölkələr üçün yaxşı nümunə olacağını da demişdir.

Kristof Heusgenin iki il əvvəl İkinci Qarabağ müharibəsinin bitməsinə baxmayaraq, hələ də tərəflər arasında gərginliyin müşahidə olunması, Laçın yolunun sanki blokadaya salınması ilə bağlı fikirlərinə münasibət bildirən Ermənistanın baş naziri Laçın yolunun guya bağlı olduğunu qeyd etmişdir. Azərbaycan Prezidenti isə Ermənistan baş nazirinin bu əsassız ittihamını Qarabağda peyda olmuş Vardanyanın İrəvandan Moskvaya, yenidən İrəvana, oradan Qarabağa qayıtmasını Laçın-Xankəndi yolunda blokadanın olmadığını təsdiqləyən cavabı ilə təkzib etmişdir.

Eyni zamanda, tərəfdaşlardan Azərbaycanın suveren hüquqlarına və Konstitusiyasına hörmətlə yanaşmalarını xahiş edən dövlət başçımız Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati vahidin olmadığını, ermənilərin yaşadığı Qarabağ rayonunun olduğunu qətiyyətlə söyləmişdir. 2020-ci il fevral ayının 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı da Azərbaycan Prezidenti bu məsələ ilə bağlı son dərəcə kəskin çıxış etmiş, tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə Nikol Paşinyanın əsassız və savadsız şərhlərinə cavab vermiş, tarixi həqiqətin, beynəlxalq hüquq normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin mövqeyinin üstünlüyünü nümayiş etdirmişdir: "Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir". Moderator Selest Volender Ermənistanın baş nazirinə məsələyə münasibət bildirməsi üçün söz verdikdə isə Azərbaycan Prezidentinin hərtərəfli, dərin məntiqə və geniş dünyagörüşə əsaslanan çıxışından özünü itirən baş nazir: "Dağlıq Qarabağın ölkə kimi hesab olunmasına gəlincə, deməliyəm ki, mən Prezident Əliyevlə razı deyiləm. Çünki Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın ... yox üzr istəyirəm, Ermənistanın tərkib hissəsi olmasına qərar verdi", - demişdi. Əslində, o vaxt panel müzakirələrdə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu deməsi Paşinyanın söylədiyi yeganə düzgün fikir idi.

Builki görüşdə qalib ölkənin Prezidenti kimi daha qətiyyətli, inamlı çıxışlar edən, tarixi arqumentlərə əsaslanan İlham Əliyev 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, BMT Təhlükəsizlik Şurasının ölkəmizin ərazilərinin qeyd-şərtsiz boşaldılması ilə bağlı verdiyi qətnamələrə məhəl qoymayan Ermənistana qarşı heç bir sanksiyanın tətbiq olunmadığını bildirmişdir. Ölkə başçımız nə BMT TŞ-dən, nə keçmiş Minsk qrupundan münaqişənin sülh yolu ilə həll olunması üçün heç bir hərəkət olmadığı üçün BMT-nin 4 qətnaməsini Azərbaycanın özünün yerinə yetirdiyini iclas iştirakçılarının diqqətinə çatdırmışdır: "Biz ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq. Ona görə də biz, sadəcə, Qarabağda bugünkü vəziyyəti və ya oradakı erməni icması ilə əlaqələrimizi kontekstdən çıxararaq 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq. Bu, yadplanetlilər tərəfindən edilməyib, gəlib bizim torpağımızı işğal etmiş, bir milyon azərbaycanlını evindən didərgin salmış, 67 məsciddən 65-ni dağıtmış, onları təhqir etmiş qonşularımız tərəfindən edilib".

Çoxmillətli ölkə olan Azərbaycanın Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazır olduğunu deyən Prezident İlham Əliyev bunun cinayətkar Vardanyanın Azərbaycan ərazilərini tərk etdiyi zaman mümkün olacağını bəyan etmişdir. Plenar iclasda ölkə başçımız 44 gün ərzində ərazi bütövlüyünü təmin etdiyini, Azərbaycan Ordusunun öz torpaqlarında döyüşdüyünü, Ermənistandan fərqli olaraq kiminsə torpağını işğal etmək yox, 28 il işğal altında qalan torpaqların azadlığı uğrunda ədalətli müharibə apardığını bildirmişdir. Azərbaycan ordusunda bir nəfər belə fərari olmadığını diqqətə çatdıran Prezident İlham Əliyev işğalçı müharibə aparan Ermənistan ordusunda fərarilərin sayının 11 minə çatmasının əsas səbəblərindən biri kimi Azərbaycan əsgərinin öz doğma torpağı uğrunda vuruşduğunu, erməni əsgərinin isə ona aid olmayan bir torpaqda vuruşmağa həvəsinin olmadığını göstərmişdir.

 Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına səy göstərən və buna mühüm töhfələr verən Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı, çıxışlarında Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və Qarabağ məsələsinin beynəlxalq gündəlikdən çıxarılmasını tələb etməsi dövlətimizin uğurlu xarici siyasətinin göstəricisidir. Konfrans çərçivəsində ölkə başçımızın sərhədlərin delimitasiya və demarkasiyası, Azərbaycanla Ermənistan sərhədində həm Laçın rayonunda, həm də Zəngəzurda nəzarət-keçid postlarının qurulmasını təklif etməsi, Ermənistanın baş nazirinə kapitulyasiya aktı imzaladığını və buna əməl etməli olduğunu anlatması 2020-ci ildəki konfransda olduğu kimi, Ermənistan liderinə verilən növbəti dərs oldu.

Mehparə ƏLİYEVA,

"Respublika".