Müqəddəs torpaq uğrunda
Sosial həyat

Müqəddəs torpaq uğrunda

Əslən Laçın rayonunun Oğuldərə kəndindən olan Şahgündüz Cabbarov düşmənə ağır zərbələr vuran və onu torpaqlarımızdan qovan rəşadətli ordumuzun sıralarında igidlik nümayiş etdirib. Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Şahgündüzün ailəsi Oğuldərə kəndindən didərgin düşüb, ağır günlər yaşayıb, məcburi köçkün taleyi onlara dinclik verməyib. Tale həmin ailəni Bərdə rayonunun Mollalı kəndinə gətirib və burada məskunlaşmağa qərar veriblər.

Şahgündüz 1995-ci il yanvarın 13-də həmin kənddə anadan olub. Laçın rayonunun köçkün orta məktəbini bitirdikdən sonra Şahgündüz 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Unversitetinə daxil olub. 2016-cı ildə təhsilini başa vurandan sonra həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Dövlət Neft Şirkətində əmək fəaliyyətinə başlayıb.

Vətən müharibəsi başlayanda Şahgündüz könüllü olaraq döyüşən ordu sıralarında işğalçılara qarşı hərbi əməliyyatlarda iştirak edib, qoçaqlığı ilə seçilib. Onun döyüş yolu Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Xocavənd rayonları ərazisindən keçib. 2020-ci il oktyabrın 25-də Füzuli rayonunun Əbdürrəhmanlı kəndi yaxınlığında gedən döyüşlərdə qəhrəamncasına həlak olub. Şəhid Şahgündüz Cabbarov Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbə qəbiristanlığında dəfn edilib.

Bu günlərdə şəhidin məzarı Laçın rayon ictimaiyyəti nümayəndələri tərəfindən ziyarət olunub, önünə əklil və tər güllər düzülüb, ruhuna dualar oxunub. Anım mərasimində Milli Məclisin deputatı Mahir Abbaszadə, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar İlyasov, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Mərasimdə çıxış edənlər şəhidin döyüş yolundan söhbət açaraq, onun cəbhədə  göstərdiyi qəhrəmanlıqdan, ordumuzun şanlı Qələbəsindən ətraflı danışaraq torpaqlarımızın azad olunması uğrunda canlarından keçən şəhidlərin və qazilərin ailələrinə göstərilən dövlət qayğısını yüksək qiymətləndiriblər.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Ordusunun qulluqçusu Şahgündüz Cabbarov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhidlərin adı əbədi yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi və əsl örnək olacaq. Şanlı Qələbəni və Zəfəri xalqımıza yaşadanlara borcluyuq, onların ruhu qarşısında baş əyirik!

Salman ALIOĞLU,

"Respublika".