Müqəddəs və şərəfli məkan
Sosial həyat

Müqəddəs və şərəfli məkan

Vətən müharibəsində qazanılan şanlı Qələbə, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində mühüm rol oynayır. Bu Vətən sevgisi ana qucağından, beşikdən başlayır, torpaqdan güc alır və qətrə-qətrə yeniyetmələrin ruhuna hopur. II Qarabağ müharibəsi gənclərimizin fədakarlığını və qəhrəmanlığını bir daha təsdiq etdi.

Xocavənd rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə fəal gənclərin Xocavənd şəhid məzarlığına ziyarəti təşkil olunub. Məqsəd Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini anmaq, qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolunu gənclərə nümunə göstərərək onların vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirməkdir. Gənclər şəhidlərin məzarları önünə tər güllər düzüb, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Ermənistan silahlı bölmələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarına başlamasından, 44 gün davam edən Vətən müharibəsində rəşadətli ordumuzun qazandığı qələbədən, hərbçilərimizin igidliyi, şücaəti nəticəsində 30 illik Vətən həsrətinə son qoyulmasından danışıblar. Bildirilib ki, Vətən müharibəsində Azərbaycan gəncləri vətənpərvərliklərini və doğma yurda bağlılıqlarını bir daha dünyaya nümayiş etdiriblər. Gənclərimiz işğal altında olan torpaqlarımızın azad edilməsində və tarixi Zəfərin qazanılmasında böyük qəhrəmanlıq, əzmkarlıq, igidlik və vətənpərvərlik nümunələri göstəriblər. Xalqımız Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman əsgər və zabitlərimizin əziz xatirəsini daim yaşadacaq və həmişə uca tutacaq.

Qürur hissi ilə demək olar ki, Vətən müharibəsinin ilk günlərindən xocavəndlilər döyüşlərə atılıb. 200 nəfər xocavəndli gənc döyüşlərdə iştirak edib. Onlardan 41 nəfəri yaralanıb, 8 nəfər isə şəhidlik zirvəsinə ucalıb. Unutmayaq ki, bu quru rəqəmlərin arxasında böyük bir elin qəhrəmanlığı, yurdsevərliyi, mərdliyi və vətəndaş qeyrəti dayanır.

Salman ALIOĞLU,

"Respublika".