Müraciətlər yerində həllini tapır
Region

Müraciətlər yerində həllini tapır

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Qapanlı kəndində keçirilib. Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən genişhəcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.

Kənd sakinlərindən Müşfiq Tanrıverdiyev subartezian quyusunun transformatorunun həyətyani sahəsindən çıxarılması, Əvəz Hüseynov kəndin elektrik naqillərinin kabelləşdirilməsi işlərinin tamamlanması, Xaliq Tanrıverdiyev pay torpaq sahəsinin bir yerdən verilməsi, Mübariz Bayramov pambıq sahəsinin otarılması, Daşqın Əliyev kəndin suvarma suyu problemi və Vətən müharibəsi zamanı ziyan dəymiş yardımçı tikilisinin təmiri, İsmayıl Hüseynov subartezian quyusunun təmiri və digər məsələlər  ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Vəli VƏLİYEV,

"Respublika".