Mürəkkəb mükəmməl memarlıq
Maraqlı

Mürəkkəb mükəmməl memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

“Şevalın İdeal Sarayı"

Dünyanı hərəkətə gətirmək üçün Arximedə bir dayaq nöqtəsi lazım olsa da, fransız poçtalyonu Ferdinand Şevala xəyallarının sarayını gerçəkləşdirmək üçün bircə daş kifayət edir. Elə hər şey də bir daşla başlayır…

Bir gün Ferdinand qəzet və məktub paylayarkən ayağı bir daşa ilişir və o yıxılır.  Daşın forması və gözəlliyi Şevalı heyran edir. Bunun bir işarə olduğunu düşünən poçtalyon evdə onu daha diqqətlə araşdırır və ertəsi gün maraqlı nümunələr  axtarmaq üçün həmin yerə yollanır. O gündən sonra xəyallarının sarayını tikmək qərarına gələn poçt işçisi küçədə və sahilboyu daşları toplayıb evə aparır: "Təbiət mənə tikinti materialları bəxş etdiyinə görə, mən memar olmalıyam", "Mənim tikinti materialları almağa imkanım yoxdur, ona görə də təbiətin zəngin nümunələrindən istifadə edəcəyəm", - deyən poçtalyonu yerliləri ələ salır və onu dəli hesab edirlər. Lakin o, qeyri-adi daşları yığmağa davam edir. Beləliklə, adi bir poçt işçisi Fransanın ən maraqlı memarlıq nümunəsi olan "İdeal Şeval Sarayı"nın təməlini qoyur. 33 il ərzində Hauterivesdə satın aldığı kiçik bir torpaq sahəsində "İdeal saray" adlandırdığı heyrətamiz tikili ucaldır.

Sarayın çöl və içəri divarlarında saysız-hesabsız qədim yazılar, əsrarəngiz işarələr, tanrıların heykəllərini, heyvan və bulaq təsvirlərini əks etdirən "memar" orada bu sözləri də həkk etmişdi: "1879-1912, 10 min gün, 93 min saat, 33 il zəhmət. Kim daha yaxşısını edə biləcəyini düşünürsə, qoy çalışsın". "İstəklə yanan bir ürək üçün mümkünsüz heç nə yoxdur"...

Yaratdığı qeyri-adi memarlıq abidəsindən sonra poçt işçisi Şeval "Art Brut-un sələfi" adlandırılırdı. Poçtalyonun bu sarayı 1969-cu ildən tarixi abidə kimi tanınır.

 

“Əyilən" Piza qülləsi

İtaliya müxtəlif memarlıq üslubu ilə zəngin ölkələrdən biridir. Dünyaca məşhur Piza qülləsinin layihəsi Bonanno Pisano tərəfindən hazırlanmışdır. Uzun illər haqqında danışılan Piza qülləsi İtaliyanın ən məşhur və görməli yerlərindəndir. Bu qüllə Liquriya dənizindən cəmi 10 kilometr məsafədə Toskana bölgəsindəki Piza şəhərində yerləşir.

"Əyilən" gözəlliyin möhtəşəm tikintisi uzun fasilələrlə təxminən 200 il davam edir. Qüllə açıq boz və ağ mərmərdən olan bəzək daşlarından hazırlanmışdır. Hər mərtəbənin çöl  divarında mürəkkəb naxışlar və ornamentlərlə bəzədilmiş dekorasiya Bizans memarlığının xüsusiyyətlərini təcəssüm etdirir. Bu zərif arkadalar bütün ansamblı birləşdirən kafedral binada təkrarlanır. Əyilmiş Piza qülləsi qeyri-adi enişinə və "mühəndis səhvinə" görə dünya miqyasında ən çox populyarlıq qazanan abidədir. Sütun və başlıqlarda olan Madonna və Uşaq elementləri klassik Roma memarlığının nümunələrini əks etdirir. Gündüzlər qüllənin içindən günəş işığı keçir, gecələr isə rəsədxanada olduğu kimi burada ulduzlara baxmaq olur.

O dövrün memar və inşaatçıları  Piza qülləsinin tikintisində  və hesablamalarda həqiqətən də ciddi səhvlərə yol verdiklərindən qüllə əyilməyə başlayır. Deyilənə görə, memarlıq nümunəsinin tikintisi şəhərin mərkəzindən bir qədər aralıda, çökməyə meyilli heterogen gilli torpaq şəraitində kifayət qədər dərin olmayan bir təməl üzərində qoyulur. Artıq üç mərtəbə ucaldılandan sonra məlum olur ki, qüllə əyilir və tikinti 99 il təxirə salınır. Tarixi mənbələrdə qüllənin bu formada olmasının əvvəlcədən planlaşdırıldığı deyilsə də, bu fakt sonralar öz əksini tapmır. İl ərzində 1,2 millimetr yana doğru əyilən və inşa edildiyi tarixdən etibarən bu günümüzə qədər mərkəzdən 5,3 metr düşən qüllənin əyilməsi sürətlənir və bu da artıq ciddi narahatlıqlar doğurur. Binanın bünövrəsini gücləndirmək üçün mütəmadi olaraq müxtəlif işlər aparılır. Qüllənin bundan sonra ən azı üç yüz il dayana biləcəyi bildirilir.

30 dekabr 1986-cı ildə UNESCO tərəfindən mədəni abidələrin irs nümunəsi  siyahısına salınmışdır.

 

“Rəqs edən ev"

Praqanın tam mərkəzində memarlıq üslubu ilə fərqlənən qeyri-adi binanı "Rəqs edən ev" bəzən isə "sərxoş ev" adlandırırlar. Ən məşhur və unikal memarlıq abidəsi olan "Rəqs edən ev" müasir memarlığın simvoludur. Rəsmi olaraq 1996-cı ildə açılan bina dekonstruktivizm üslubunda tikilmiş və iki silindr şəkilli qüllədən ibarətdir. Qüllənin biri normal, digəri isə destruksiya olunmuş formadadır.

Bəs niyə məhz "Rəqs edən ev"? Ona görə ki,  soldakı binanın orta hissəsi nazik olduğundan  ətək geyinmiş xanımı, sağdakı bina isə yuxarıya doğru genişləndiyindən rəqqas kişini simvolizə edir.  Elə bu səbəbdən də  XIX-XX əsr binaları arasında seçilən tikili rəqs edən cütlüyün memarlıq metaforası hesab olunur.

Binanın damında yerləşən müşahidə göyərtəsinin mərkəzində "Meduzanın başı" adlı metal konstruksiya yerləşir.  3D  modelləşdirmə ilk dəfə olaraq məhz bu binanın tikintisində istifadə olunub. Çexiyanın paytaxtında memarlar Milunich və Henry tərəfindən tikilmiş unikal ev bir çox mübahisələrə və müzakirələrə səbəb olur. "Rəqs edən ev" qonşu evlərdən tamamilə fərqli üslubda tikildiyi üçün şəhər əhalisi öz narazılığını bildirir. Lakin mübahisə uzun sürmür, tezliklə memarlıq əsəri Praqanın ən əlamətdar yeri kimi tanınır. Evin interyerləri üzərində əslən Çexiyadan olan məşhur britaniyalı memar və dizayner Eva Jiriçna çalışıb. 2005-ci ildə Çexiya Milli Bankı tərəfindən "Memarlığın On Əsri" silsiləsindən olan sikkələrdən biri üçün qeyri-adi memarlıq üslubunu özündə əks etdirən "Rəqs edən ev"in şəkli  seçilmişdi.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".