Mustafa Şentop: Bakı Bəyannaməsi ölkələrimiz arasında strateji əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaq
MÜSAHİBƏLƏR

Mustafa Şentop: Bakı Bəyannaməsi ölkələrimiz arasında strateji əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaq

Türkiyə-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Bu sözləri, həmçinin Pakistanla münasibətlər barədə də demək mümkündür. Biz Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini Pakistanla üçtərəfli münasibətlərə çevirməyə qərar verdik.

İyulun 27-də Azərbaycan Milli Məclisində imzalanan üçtərəfli Bakı Bəyannaməsi ölkələrimiz arasında strateji əməkdaşlığın gücləndirilməsində, təhlükəsizliyimizin təmin olunmasında mühüm rol oynayacaq.

Bu fikirləri iyulun 29-da Şuşaya səfəri zamanı AZƏRTAC-a müsahibəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop söyləyib.

TBMM-in sədri diqqətə çatdırıb ki, birgə əməkdaşlıqla bağlı təşəbbüs Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova tərəfindən aprel ayında Pakistanın İslamabad şəhərində keçirilən iqtisadi konfransda irəli sürülüb və çox qısa zamanda həyata keçirilib.

Mustafa Şentop Türkiyənin hər zaman qardaş və dost ölkələrin yanında olduğunu deyib və bunun ən gözəl təzahürü kimi ölkəsinin Azərbaycanın 44 günlük Vətən müharibəsində verdiyi dəstəkdən danışıb. Bildirib ki, Türkiyə-Azərbaycan dostluğu tarixi ənənələrə və köklərə əsaslanır.

AZƏRTAC