Müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açmış ümumxalq partiyası
Siyasət

Müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açmış ümumxalq partiyası

1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirilmiş və  Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev yekdilliklə təşkilata sədr seçilmişdir

Bütün ömrünü xalqının nicatına həsr edən, ağlı, zəkası ilə onun  gələcəyə gedən yoluna işıq salan, hələ sağlığında  hər bir azərbaycanlının qəlbində özünə əbədi abidə ucaldan ulu öndər  Heydər Əliyevin ideyaları bugünkü Azərbaycanın müstəqilliyində, zəfərində yaşayır. Ümummilli liderin canından çox sevdiyi  Vətəni, xalqı, milləti qarşısındakı ölçüyəgəlməz xidmətləri əsrlər keçsə belə öz mahiyyətini, dəyərini itirməyəcək, ulu öndərin uzaqgörən siyasəti sayəsində əldə olunan uğurlar Azərbaycanı işıqlı sabahlara çıxaracaq, xalqımızın xoşbəxt gələcəyini təmin edəcək.

Tarixin ağır sınaqlarında müstəqilliyimizi, dövlətçiliyimizi qoruyan, ən çətin məqamlarda düzgün qərarlar  verərək xalqımızı üzləşdiyi çətinliklərdən xilas edən Heydər Əliyev atdığı hər bir addımında xalqının mənafeyini düşünmüş və bu, ulu öndərin Azərbaycana rəhbərliyinin hər iki dövründə özünü aydın şəkildə büruzə vermişdir. Müasir Azərbaycan dövlətinin memarı, qurucusu olan Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlişi və  yüksək idarəetmə bacarığı ilə 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində respublikamızı düşdüyü vəziyyətdən xilas etməsi dahi liderin xalqımızın tarixində  əvəzolunmaz xidmətinin ən mühüm hissəsidir. Xalqın ona olan inamından, etibarından, etimadından və sonsuz sevgisindən güc alan ulu öndər  bütün mənalı ömrünü xalqına, onun tərəqqisinə,  dünyada nüfuz sahibi olmasına həsr etmiş, Azərbaycanın yüz illərə hesablanmış inkişaf strategiyasını müəyyənləşdirmişdi.

Əsrin əvvəllərində  Şərqin ilk demokratik respublikasını qursa da, bir millət, xalq olaraq azadlığı, suverenliyi beşikdəcə boğulan, 70 il rus imperiyasının tərkibində olan Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşduğu zamanlarda ölkədə gərginlik, özbaşınalıq, iqtisadi tənəzzül, siyasi sabitsizlik hökm sürür, respublika məhv olmaq təhlükəsi altında çabalayırdı. Azərbaycan dövlətini, xalqını deyil, öz mənafeyini güdən daxildəki separatçı qüvvələrin hakimiyyət hərisliyi, ovaxtkı iqtidarın səriştəsizliyi respublikanın dayaqlarını yerindən oynatmış, xalqı qardaş qırğınına sürükləmişdi. Baş alıb gedən iğtişaşlar, hərc-mərclik  əsrlər boyu Azərbaycanın torpağında, yeraltı, yerüstü sərvətlərində gözü olan xarici ölkələrdəki erməni havadarlarının dəyirmanına su tökür, əsrlər boyu xalqımıza qarşı düşmənçilik siyasəti yürüdən bədxah ermənilərə meydan açırdı.

Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan ulu öndər Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası məhz belə bir tarixi dövrdə yarandı. Belə ki, 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət bir  qrup ziyalı   Heydər Əliyevə  müraciət edərək onu siyasi mübarizədə lider olaraq gördüklərini və onun ətrafında birləşdiklərini bildirmişlər. Azərbaycanın çətin anında ümummilli liderimizin ətrafında sıx birləşməyə, onun dərin zəkasının köməyi ilə xalqı, yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə çalışan Azərbaycan ziyalıları Heydər Əliyevin xalq üçün nə qədər gərəkli  olduğunu çox yaxşı bilirdilər. Bu səbəbdən də mütərəqqi fikirli ziyalılar 1992-ci ilin iyun ayında yeni siyasi mübarizə yolu ilə ümummilli liderimizin rəhbərliyi altında yeni partiya yaratmaq qərarına gələrək ona  müraciət etmişdilər: "Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir". Müraciəti imzalayanlar yaxşı bilirdilər ki,  yeni müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.  Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını, həmçinin bununla bağlı bir qrup görkəmli ziyalının müraciətini nəzərə alan ümummilli liderimiz Heydər Əliyev onlara 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. O, yaranmış vəziyyətdən çıxış yollarını da böyük müdriklik və uzaqgörənliklə göstərirdi: "Güman edirəm ki,  müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğulur.  Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram".

Beləliklə, "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi. Naxçıvanda 550-yə  yaxın nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi və  Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev yekdilliklə təşkilata sədr seçildi.  Müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən  YAP-ın yaranma tarixi, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu zərurətdən irəli gəlirdi.

Hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyaları əsasında yaradılan Yeni Azərbaycan Partiyası  xalqın təkidli tələbi ilə  ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin 1993-cü ildə prezident seçilməsi ilə iqtidar partiyasına çevrildi. Respublikada vəziyyət sabitləşdi, ölkəmiz özünün yeni inkişaf  mərhələsinə  qədəm qoydu. Qısa bir zamanda ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının I Qurultayı 1999-cu il dekabr ayının 20-21-də keçirildi. Qurultayın gündəliyinə Partiyanın İdarə Heyətinin, Mərkəzi Nəzarət Təftiş Komissiyasının, Mandat Komissiyasının fəaliyyətləri haqqında hesabatların verilməsi, partiyanın Nizamnamə və Proqramına dəyişikliklər və əlavələr edilməsi,  həmçinin YAP-ın rəhbər orqanlarının seçilməsi və s. məsələlər  daxil edilmişdir. Respublikanın bütün inzibati rayonlarını əhatə edən partiya təşkilatlarından seçilmiş 2228 nümayəndə və xarici ölkələrdən 30-dan artıq qonağın  iştirak etdiyi I qurultayda Partiyanın sədri Heydər Əliyev çıxış etmişdir.

2001-ci il noyabr ayının 21-də keçirilən II Qurultayda partiya ilə yanaşı, həm də xalqımızın həyatında mühüm əhəmiyyətli taleyüklü qərarlar qəbul olunmuşdur. Partiyanın Nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev layiq görülmüşdür. Həmçinin qurultayda partiyanın rəhbər orqanları - 108 nəfərdən ibarət Siyasi Şura üzvləri və onların arasından 26 nəfərdən ibarət İdarə Heyəti seçilmişdir.

2005-ci il mart ayının 26-da keçirilən III Qurultayda partiyanın gələcək fəaliyyəti müəyyənləndirilmiş və  Yeni Azərbaycan Partiyası sədrinin I müavini, ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyev Partiyanın sədri seçilmişdir.

Tarixin xalqımızı daha bir sınağa çəkdiyi  vaxtda, müstəqilliyimizin bərpasının ilk illərində - 1992-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən Azərbaycan xalqının, dövlətinin mənafeyindən çıxış etmiş, var qüvvəsi ilə dövlətimizin müstəqilliyinin qorunması, möhkəmləndirilməsi, dövlətçiliyimizin qüdrətlənməsi üçün qətiyyətli mübarizə aparmışdır. Bu gün ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan   Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyev ideyalarını yaşadaraq xalqımıza sədaqətlə xidmət edərək dünyəvi, demokratik, hüquqi dövlət olan  müstəqil Azərbaycanın inkişafı yolunda uğurla addımlayır.

Mehparə ƏLİYEVA,

"Respublika".