Müstəqil Azərbaycanın siyasi tarixində yeni səhifə
Siyasət

Müstəqil Azərbaycanın siyasi tarixində yeni səhifə

24 noyabr 1995-ci ildə müstəqil Azərbaycanda birinci çağırış Milli Məclisin ilk iclasında ümummilli lider Heydər Əliyevin iştirakı, söylədiyi dərin məzmunlu nitqi, verdiyi dəyərli tövsiyələr Parlamentin fəaliyyət istiqamətlərini müəyyən etmişdi. 96 deputatın iştirak etdiyi iclasda geniş nitqlə çıxış edən Prezident Heydər Əliyev seçkilərin nəticələrini təhlil etmiş və Milli Məclisə keçirilmiş seçkiləri tarixi hadisə adlandırmışdı.

Xatırladaq ki, ölkəmizdə müstəqillik tarixində ilk dəfə olaraq 1995-ci il noyabrın 12-də I çağırış Azərbaycan Respublikasının Milli Məclisinə majoritar (çoxluq) və proporsional (nisbi) qaydada seçkilər keçirilmişdir. Seçkilərin keçirilməsi üçün həmin il iyun ayının 13-də Azərbaycan Respublikasının Milli Məclisi qərar qəbul etmiş, iyunun 14-də isə "Azərbaycan Respublikasının ali qanunvericilik orqanına seçkilərin keçirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman imzalanmışdır. Seçkilərdə ölkə üzrə seçici siyahılarına daxil edilmiş 4 milyon 132 min 600 nəfər vətəndaşdan 3 milyon 556 min 277 nəfər iştirak etmişdir. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə ümumən 124 deputat seçilmişdir ki, bunlardan da 99-u birmandatlı seçki dairələri, 25-i isə siyasi partiyaların siyahıları üzrə çoxmandatlı seçki dairəsindən olmuşdur. Yeni Azərbaycan Partiyası bu seçkilərdə daha fəal iştirak edərək əldə etdiyi tarixi qələbəsi ilə ölkə əhalisinin partiyaya olan inamını sübuta yetirmişdir. Yerli və xarici müşahidəçilərin iştirakı ilə demokratik qaydada keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası Milli Məclisdə 59 nəfərlə təmsil olunmaq hüququ qazanmışdır. Milli Məclisə seçilən deputatların 59 nəfəri Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmişdir.

1995-ci il noyabrın 12-də 4.591 seçki məntəqəsində səsvermənin gedişini deputatlığa 378 namizədin, 8 siyasi partiyanın nümayəndələri, vəkil edilmiş şəxslər, eləcə də yerli və 20 əcnəbi ölkənin, nüfuzlu beynəlxalq qurumların - BMT-nin, ATƏT-in, Avropa İttifaqının və digər müvafiq xarici təşkilatların müşahidəçiləri izləmişlər. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən seçici fəallığı 79.5 faiz olmuşdur. 22 noyabr 1995-ci il tarixində açıqlanan məlumata əsasən 25 çoxmandatlı seçki dairəsi üzrə keçirilmiş proporsional seçkiləri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası birinci sırada tamamlayaraq ona olan ümumxalq inamını bir daha təsdiq etmişdir. Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbə qazanması artıq Heydər Əliyevin rəhbərlik etdiyi bu siyasi qüvvənin cəmiyyətin inkişafında xüsusi rola malik olmasının təzahürü idi. Beləliklə, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşmış və bu, demokratiyanın inkişafında önəmli addım olmuşdu.

Qeyd edək ki, 1995-ci ildən etibarən Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətini Milli Məclis yerinə yetirir və 5 ildə bir dəfə olaraq Milli Məclisə 125 mandat üzrə 125 seçici dairəsində majoritar qaydada seçkilər keçirilirdi. Sonuncu dəfə 2000-ci il Parlament seçkilərində 100 millət vəkili majoritar, 25 millət vəkili isə proporsional səsvermə sistemi ilə seçilmişdi. 2002-ci ildə keçirilən referendum ilə proporsional səsvermə ləğv edilmişdir.

Onu da xüsusi qeyd etmək lazımdır ki, ulu öndərin dövlət rəhbərliyinə yenidən qayıdışı çox mürəkkəb bir şəraitdə, 1993-cü il iyunun 15-də, onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başlandı. Ölkənin vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyi, xaos və özbaşınalığın hökm sürdüyü, separatizmin tüğyan etdiyi bir vaxtda bu tarixi qayıdış Azərbaycanı labüd faciədən xilas etdi və 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyev Prezident seçilənədək dörd ay parlamentə rəhbərlik etdi. Ulu öndərin Azərbaycan Parlamentinə rəhbərlik etməsi ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırdı və onun peşəkar nümayəndəli orqan kimi formalaşması istiqamətlərini müəyyənləşdirməyə imkan verdi. Bu dövrdə ulu öndərin rəhbərliyi ilə ölkə qarşısında dayanan mürəkkəb problemlərin nizama salınması ilə yanaşı, dövlət və cəmiyyət həyatının bütün sahələrində əsaslı islahatlar aparılmasına yönəldilən qətiyyətli addımlar atıldı. Ölkədə ictimai-siyasi şərait mürəkkəb olsa da, ümummilli liderimiz dövlət quruculuğu prosesində əsasən perspektiv üçün nəzərdə tutulan hədəfləri müəyyən etdi. Ölkəni çevriliş, qiyam cəhdlərindən qoruyaraq cəmiyyətdə özünəinam hissini bərpa etdi, ölkəmizi sabitliyə, firavanlığa qovuşdurdu.

Ulu öndər Heydər Əliyev ölkə başçısı seçildikdən sonra da parlamentlə sıx təmasda fəaliyyət göstərmiş, dəfələrlə Milli Məclisin tribunasından çıxış edərək taleyüklü məsələlərə öz münasibətini bildirmişdir. Ümummilli lider yüksək səviyyəli Prezident-Parlament münasibətlərinin əsasını qoyaraq, parlamentarizm ənənələrini daha da inkişaf etdirmiş, ona yeni çalarlar gətirmişdir. Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın yeni Konstitusiyası və demokratik əsaslarla seçilmiş ilk Parlamenti ölkəmizin siyasi tarixində tamamilə yeni səhifə açaraq hüquqi, demokratik, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun, bazar iqtisadiyyatının bərqərar edilməsinin möhkəm təməlini yaratdı. Heydər Əliyev qanunvericilik prosesində fəal iştirak edirdi. Onun qanunvericilik təşəbbüsü əsasında təqdim etdiyi layihələr üzrə Milli Məclisdə 1500-ə qədər qanun qəbul olunmuşdur. Dəfələrlə Parlamentimiz onun təklif etdiyi layihələr əsasında amnistiya aktları qəbul etmişdir. Şərq aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi məhz ulu öndərin şəxsi təşəbbüsü ilə həyata keçirilən humanist aksiya olmuşdur.

Heydər Əliyev həm də zəmanəsinin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı azərbaycançılıq ideyası milli-siyasi şüurun təməl prinsipi kimi dünya azərbaycanlılarının həmrəyliyinə möhkəm zəmin yaratdı. Ulu öndərin milli dirçəliş ideyası tezliklə əməli siyasət müstəvisinə keçərək strateji dövlət siyasətinə çevrildi. Ötən dövrdə Azərbaycanda parlamentarizm ənənələri daha da inkişaf etdi və zənginləşdi. Milli Məclisdə qəbul edilmiş qanunvericilik aktları ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna, demokratiyanın genişlənməsinə, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinə, əhalinin sosial müdafiəsinə xidmət edən hüquqi bazanı daha da inkişaf etdirdi, ölkəmiz Avropa məkanına daha da yaxınlaşdı.

Mustafa KAMAL,

"Respublika".