Müstəqillik  tariximizin unudulmayan  səhifəsi
Siyasət

Müstəqillik  tariximizin unudulmayan  səhifəsi

17 Noyabr Milli Dirçəliş Günüdür

Tarix boyu başı bəlalar çəkmiş, istilalara, təcavüzlərə, soyqırımlarına məruz qalmış Azərbaycan xalqı azadlığı, müstəqilliyi uğrunda mübarizəsindən heç bir vaxt usanmadı, zamanın ayrı-ayrı dönəmlərində torpaqları ikiyə bölünsə də, əraziləri işğal edilib əlindən alınsa da, bu xalq istiqlalına çatmaq üçün mücadiləsini davam etdirdi. XX əsrin əvvəllərində müstəqilliyini əldə edən, demokratik respublika quran xalqımız 23 aydan sonra azadlığı əlindən alınıb bir əsrə yaxın rus imperiyasının tərkibində yaşamağa məcbur edilsə də, millətin təfəkküründə, şüurunda azadlıq ideyaları daim yaşadı, müstəqillik arzusunu reallaşdırmaq üçün tarixi məqamı gözlədi. Uzun, məşəqqətli, böhranlı günlər yaşadı, lakin əzmini, iradəsini itirmədi Azərbaycan xalqı. Zamanın gərdişində haqsızlıqlara, ədalətsizliklərə dözüm göstərdi, qətiyyət, cəsarət nümayiş etdirərək ikinci dəfə milli istiqlalına qovuşdu, müstəqilliyini bərpa etdi…

Ötən əsrin sonlarında Sovetlər İttifaqının dayaqları çökmüş, lakin mərkəzi hakimiyyət öz ənənəsinə sadiq qalaraq Azərbaycan dövlətinə, azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətindən vaz keçməmişdi. Moskvanın dəstəyi ilə ermənilər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın Ermənistana verilməsi ilə bağlı ərazi iddiaları irəli sürməyə başlamışdılar. Havadarlarına güvənən ermənilər get-gedə daha da azğınlaşır, doğma torpaqlarında yaşayan vətəndaşlarımız mərhələli şəkildə təcavüzlərə məruz qalır, müxtəlif bəhanələrlə iğtişaşlar, münaqişələr törədilir, dinc azərbaycanlılara qarşı vəhşiliklər həyata keçirilirdi.

15 noyabr 1988-ci il… Həmin gün Ermənistan Azərbaycana qarşı hərbi təcavüz, xüsusilə ekoloji təcavüz etmişdir. Ermənilər Şuşanın nadir sərvətlərindən biri, qədim tarixə malik, əsl təbiət möcüzəsi olan Topxana meşəsini yandırmış, ölkəmizin ərazi bütövlüyünə, torpaqlarına qəsd edərək Azərbaycan ərazisində ekoloji soyqırımı - ekosid törətmişlər. Topxana meşəsinin yandırılması, Ağdamda iki dinc sakinin qətlə yetirilməsi ermənilərin ərazi iddialarını reallaşdırması üçün planlı şəkildə həyata keçirilmişdir.

Bütün bunlar isə Bakıda ciddi narazılıqlar doğurmuş, xalqın azadlıq hərəkatı geniş vüsət almış, müstəqil dövlət qurmaq ideyası gerçəkliyə çevrilmişdi. Yaşından, mənsubiyyətindən asılı olmayaraq xalqın bütün təbəqələri Bakının Azadlıq Meydanına axışaraq milli istiqlal hərəkatına qoşulmuşdu. Azadlıq ideyalarını reallaşdırmaq üçün tarixi fürsət yaranmışdı. 17 noyabr 1988-ci ildə milyonlarla insanın toplaşdığı Azadlıq Meydanında uzun illər sovet imperiyasının əsarətində yaşayan xalq milli-azadlıq hərəkatına başlamışdı. Xalq hökumətdən Ermənistanla əlaqələri kəsməyi, Topxana meşəsində baş verən hadisə haqqında xalqa dəqiq informasiya verməyi, Ağdam şəhərində ermənilərin dinc sakinləri qətlə yetirdikdən sonra tətbiq olunan qadağa saatını ləğv etməyi, "Dağlıq Qarabağ Muxtar Vilayəti"ndə partiya və sovet orqanlarını buraxmağı və Azərbaycanın hüquqi, siyasi və iqtisadi normalarının bərpasını tələb edirdi. Eyni zamanda, SSRİ Ali Sovetinin noyabrda açılan sessiyasında Azərbaycanı təmsil edən 63 deputatın baş verən hadisələr - Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar məsələ qaldırması başlıca tələblərdən idi. Nümayişçilər tələblərin yerinə yetirilmədiyi müddətdə meydanı tərk etməyəcəklərini bəyan edir, "Moskvanın fitnələrinə son qoyulsun!", "Suverenlik!", "Azadlıq!" şüarları səsləndirirdilər. Mitinqlərin ikinci günündə - noyabr ayının 19-da isə meydanda əsrin əvvəllərində qurulmuş ilk demokratik respublikanın, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dalğalandırıldı.

1988-ci il noyabrın 17-də başlayan azadlıq hərəkatı dekabr ayının 5-dək davam etdi. Milyondan çox insanın toplaşdığı Azadlıq Meydanı dekabrın 4-də sovet qoşunları tərəfindən boşaldıldı. Nümayişlər zor gücünə dayandırılsa da, azadlıq hərəkatı xalqın şüurunda formalaşmağa başladı, müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi. Lakin istər can verən mərkəzi aparat, istərsə də ölkədəki hakimiyyət hərisləri xalqın azadlıq istəyini boğmağa çalışır, onun imperiyanın boyunduruğundan çıxmasına imkan vermir, millətin mənafeyini öz şəxsi mənafelərinə qurban verirdilər. Bütün bunlar, üstəgəl, o vaxtkı iqtidarın səriştəsizliyi vəziyyəti daha da gərginləşdirirdi. Xalqın təşkilatlanmaq, bir ideya ətrafında birləşmək, bir amal uğrunda demokratik yolla mübarizəyə qalxmaqdan savayı çıxış yolu qalmamışdı. Bu yol ulu öndər Heydər Əliyev yolu idi. Xalq öz nicatını ümummilli lideri Heydər Əliyevdə görürdü.

SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən, Siyasi Büro üzvlüyündən istefaya getdikdən sonra Heydər Əliyev 1990-cı il Qanlı Yanvar hadisəsinin səhəri günü Moskvadakı Azərbaycanın daimi nümayəndəliyinin qarşısında həyatını, ailəsini təhlükə altında qoyaraq Azərbaycan xalqına qarşı törədilən bu yolverilməz hadisəyə kəskin etirazını bildirmiş, sovet ordusunun Bakıya basqın edib görünməmiş vəhşiliklər törətdiyini, çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxiləsini pisləmiş, mərkəzi hakimiyyət orqanlarını baş verən hadisələrdə günahkar bilmişdi. Təbii ki, bundan sonra dahi Azərbaycan liderinin Moskvada qalması qeyri-mümkün idi. O, 1990-cı ilin iyul ayında Moskvadan Bakıya qayıtdı. Lakin Azərbaycanda xalqının deyil, imperiyanın maraqlarını güdən qüvvələr Heydər Əliyevin Bakıya gəlməsinə imkan vermirdilər. Bu səbəbdən böyüyüb boya-başa çatdığı Naxçıvana qayıdan ulu öndər blokada vəziyyətində olan muxtar respublikanın problemlərinin həll olunması üçün var gücü ilə çalışır, bu qədim diyarı ermənilərin təcavüzündən qoruyurdu.

Naxçıvana rəhbərliyi dövründə - 1990-1993-cü illərdə Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm tarixi qərarları da məhz Naxçıvanda qəbul etdi. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olundu. 20 yanvar 1990-cı il Qanlı Yanvar faciəsinə siyasi qiymət verildi. Naxçıvan əhalisi SSRİ-nin qorunub saxlanması barədə referendumdan imtina etdi. Muxtar Respublikada Kommunist Partiyasının yerli orqanlarının fəaliyyəti dayandırıldı. 20 Yanvarı Ümumxalq Hüzn Günü, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi.

Heydər Əliyevin sədrliyi ilə keçən MR parlamentinin 1990-cı il 17 noyabr tarixli sessiyasında Muxtar Respublikanın rəsmi adından "Sovet Sosialist" sözləri çıxarıldı, "Naxçıvan Muxtar Respublikası" adlandırılması haqqında qərar qəbul edildi, Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adı dəyişdirilərək "Ali Məclis" adlandırıldı, Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı Naxçıvan MR-in bayrağı kimi qəbul edildi. Heydər Əliyev Muxtar Respublikanın Ali hakimiyyət orqanında dəyişiklik edilməsinə, üçrəngli dövlət bayrağı və digər dövlət rəmzləri haqqında qərarlar qəbul edilməsinə nail oldu. Artıq xalq öz istiqlaliyyəti, azadlığı yoluna çıxmış və Heydər Əliyevin öndərliyi ilə bu yolda mətin addımlarla irəliləyirdi. 1988-ci il noyabrın 17-də başlamış azadlıq hərəkatı xalqı qısa zamanda müstəqilliyinə, suverenliyinə qovuşdurdu.

Mehparə ƏLİYEVA,

"Respublika".