Müstəqilliyə gedən yol Naxçıvandan başladı
Tarix

Müstəqilliyə gedən yol Naxçıvandan başladı

1991-ci il sentyabrın 3-də görkəmli şəxsiyyət Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmişdir

Hər bir xalqın, millətin mədəni yüksəlişində, dövlətinin möhkəmlənməsində onun böyük şəxsiyyətləri mühüm rol oynayır. XX əsrin ən böyük siyasətçilərindən biri, dünya azərbaycanlılarının lideri, xalqımızın böyük oğlu Heydər Əliyev qeyri-adi zəkaya, təfəkkürə, qabiliyyətə, bacarığa malik dahi şəxsiyyət, eyni zamanda müasir Azərbaycanın qurucusu, onun hər qarış torpağı uğrunda canını əsirgəməyən yenilməz Ali Baş Komandanı idi. Onun Vətən, xalq, millət qarşısındakı ölçüyəgəlməz xidmətləri, respublikamızın daxili və xarici problemləri ilə bağlı hər bir tədbiri ölkəmizin uğurlu sabahına, xoş gələcəyinə hesablanmışdı. Mənalı ömrünü qurub-yaratmağa həsr etmiş ümummilli lider Heydər Əliyev öz ideyalarında müstəqil Azərbaycan dövlətinin gələcəyini aydın və dəqiq müəyyən etmişdi. Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpası və qorunub saxlanılması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə demokratik prinsiplərə əsaslanan hüquqi islahatların aparılması, respublikamızın bazar iqtisadiyyatı yolu ilə irəliləməsi, diplomatik uğurlar məhz bu böyük şəxsiyyətin misilsiz xidmətləri sayəsində əldə olunmuşdur.

SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən, Siyasi Büro üzvlüyündən istefaya getdikdən sonra Heydər Əliyev 1990-cı il Qanlı Yanvar hadisəsinin səhəri günü Moskvadakı Azərbaycanın daimi nümayəndəliyinin qarşısında həyatını, ailəsini təhlükə altında qoyaraq Azərbaycan xalqına qarşı törədilən bu yolverilməz hadisəyə kəskin etirazını bildirmiş, sovet ordusunun Bakıya basqın edib görünməmiş vəhşiliklər törətdiyini, çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxiləsini pisləmiş, mərkəzi hakimiyyət orqanlarını baş verən hadisələrdə günahkar bilmişdi. Təbii ki, bundan sonra dahi Azərbaycan liderinin Moskvada qalması qeyri-mümkün idi. O, 1990-cı ilin iyul ayında Moskvadan Bakıya, sonra isə Naxçıvana qayıtdı.

O dövrlər respublika ağır böhranlı günlərini yaşayırdı. Naxçıvanda isə vəziyyət daha gərgin idi. Muxtar respublika tamamilə blokada şəraitində saxlanılır, ərzaq qıtlığı, elektrik enerjisinin və qazın verilməməsi demək olar ki, naxçıvanlıları çətin vəziyyətdə yaşamağa vadar edirdi. Lakin xalqın böyük oğlunun Naxçıvana gəlişi bu qədim diyarın qurtuluşu oldu. Naxçıvanlılar dahi oğlunun ətrafında sıx birləşərək öz xilaskarı ilə birgə bütün çətinliklərə sinə gərməyə hazır idi. Azərbaycanın milli dövlətçiliyinin təməli də elə o dövrdə qoyuldu. Müstəqilliyə gedən yol Naxçıvandan başladı.

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada millət vəkillərinin, eyni zamanda minlərlə naxçıvanlının təkidi ilə millətin xilaskarı, ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Ulu öndər ilk günlərdən fəal və peşəkar fəaliyyəti ilə nəinki muxtar respublikada, həmçinin bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi, qısa müddət ərzində muxtar respublikanın tarixinə yazılacaq mühüm əhəmiyyətə malik işlər gördü. 1991-ci il sentyabrın 3-dən etibarən Ali Məclisə sədrliyi dövründə öz xilaskarlıq missiyasını həyata keçirən ulu öndər bu barədə demişdir: "Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ...Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm".

Heydər Əliyevin bu ağır zamanlarda xalqının imdadına yetişməsi isə həm daxili, həm də xarici düşmənləri ciddi təşvişə salmışdı. Yad ünsürlərin sayəsində Naxçıvana təzyiqlər get-gedə güclənir, respublika hərtərəfli blokada vəziyyətinə salınırdı. Bakı ilə əlaqə isə demək olar ki, kəsilmişdi. Lakin Heydər Əliyev mövcud problemləri öz qətiyyəti, əqli, zəkası ilə yoluna qoyur, xalqının nicatı üçün yorulmadan, usanmadan çalışırdı. Onun Naxçıvanda yenidən siyasi fəaliyyətə başlaması təkcə muxtar respublikanı düşdüyü çətin vəziyyətdən qurtarmadı, ulu öndər həm də muxtar respublikaya rəhbərliyi dövründə - 1990-1993-cü illərdə Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm tarixi qərarları da məhz Naxçıvanda qəbul etdi. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olundu. 20 Yanvar 1990-cı il Qanlı Yanvar faciəsinə siyasi qiymət verildi. Naxçıvan əhalisi SSRİ-nin qorunub saxlanması barədə referendumdan imtina etdi. Muxtar Respublikada Kommunist Partiyasının yerli orqanlarının fəaliyyəti dayandırıldı. 20 Yanvar - Ümumxalq Hüzn Günü, 31 Dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Muxtar respublikada ilk demokratik islahatların keçirilməsi, ilk milli sərhəd qoşunlarının yaradılması, keçmiş sovet ordusunun hərbi hissədəki silah-sursatının və texnikasının Azərbaycanın digər bölgələrindən fərqli olaraq tamamilə Naxçıvanda saxlanılması ulu öndərin müdrik liderlik qabiliyyətinin göstəricisi idi.

Heydər Əliyevin sədrliyi ilə keçən MR parlamentinin 1990-cı il 17 noyabr tarixli sessiyasında Muxtar Respublikanın rəsmi adından "Sovet Sosialist" sözləri çıxarıldı, Naxçıvan Muxtar Respublikası adlandırılması haqqında qərar qəbul edildi, Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adı dəyişdirilərək Ali Məclis adlandırıldı, Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı Naxçıvan MR-in bayrağı kimi qəbul edildi. Heydər Əliyev Muxtar Respublikanın Ali hakimiyyət orqanında dəyişiklik edilməsinə, üçrəngli Dövlət Bayrağı və digər Dövlət rəmzləri haqqında qərarlar qəbul edilməsinə nail oldu.

1990-1993-cü illərdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozmaqda davam edir, şəhərləri, kəndləri işğal etməklə Azərbaycan vətəndaşlarını yurd yerlərindən didərgin salırdı. Naxçıvan Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, düşünülmüş qərarları Naxçıvanı erməni təcavüzündən qorudu və düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. Halbuki, o zamanlar Naxçıvanın işğalı demək olar ki, düşmənin ən birinci hədəfi idi. Heydər Əliyevin müdrik və yenilməz siyasəti sayəsində düşmən bu arzusunu həyata keçirə bilmədi. Ulu öndər ağır, məsuliyyətli və taleyüklü qərarları ilə Naxçıvanın bir qarış torpağına belə düşmən ayağının dəyməsinə imkan vermədi.

Naxçıvana rəhbərlik etdiyi illərdə ulu öndər demişdir: "Mən son vaxtlar Naxçıvanın inkişafı ilə əlaqədar bəzi tədbirlər həyata keçirmək barədə qərarlar vermişəm. Bunlar lazımdır. Nə üçün? Çünki Naxçıvanın vəziyyəti, onun coğrafi vəziyyəti və Naxçıvana qarşı ermənilərin daimi ərazi iddiası Naxçıvanı xüsusi inkişaf etdirmək məsələsini qarşımıza qoyur. Naxçıvan Azərbaycanın ən qədim torpaqlarından biridir. Naxçıvanda Azərbaycanın milli mədəniyyətini, memarlığını, rəssamlığını nümayiş etdirən abidələr vardır. Biz Azərbaycanın xüsusi ağır şəraitdə olan bir hissəsini gərək o qədər inkişaf etdirək ki, oradakı problemlər insanları narahat etməsin. Həmin insanlar orada daim yaşasınlar. Azərbaycan torpağını qorusunlar, saxlasınlar. Bax, bunlara görə bu qərarlar qəbul olunmuşdur".

Ümummilli lider Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi dövrlərdə - 1990-1993-cü illərdə muxtar respublikanı düşdüyü ağır vəziyyətdən, böhranlı günlərdən xilas etdi. Xalqını əsl nicat yoluna çıxararaq onun hərtərəfli yüksəlişinə nail oldu. Ulu öndərin Naxçıvanın bu günü və gələcəyi üçün gördüyü ən böyük işlərdən biri isə bu qədim diyarın muxtariyyətinin qorunub saxlanılması oldu. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirdi.

Heydər Əliyev Naxçıvan MR Ali Məclisinə sədrliyi dövründə çox mühüm tarixi qərarlar qəbul etdi. Naxçıvanda ictimai-siyasi şərait sabitləşdi, muxtar respublikaya erməni təcavüzünün qarşısı alındı. Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən mühüm siyasi, mədəni-iqtisadi tədbirlər 1990-cı illərdəki vəziyyəti tamamilə dəyişdirdi. Bütün bunlar isə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin düşünülmüş siyasətinin nəticəsi idi.

Mehparə ƏLİYEVA,

"Respublika".