Müsyö, pardon...
Digər xəbərlər

Müsyö, pardon...

"Atı tərsinə minən" Fransa senatı

Hələ XVIII əsrdə mütəfəkkir yazıçı M.F.Axundov Müsyo Jordan adlı bir fransız obrazı yaradıb. Qarabağda bəylər tərəfindən hörmət, izzətlə qarşılanan Jordan söz verir ki, Hətəmxan ağanın qardaşı oğlu Şahbazı özü ilə Fransaya oxumağa aparacaq. Bu barədə Müsyö Jordan danışanda Hətəmxan ağa qaynından soruşur ki, o, nə qırıldadır. Əslində Axundov Azərbaycanda cəhaləti tənqid etsə də, əsərində Fransa inqilabına işarə vurur və eyni zamanda fransızların sözündən qaçdıqlarını ifşa edib.

Dünya tarixinin silinməz səhifələrinə Fransa öz adını müstəmləkəçi, işğalçı, ərəblərə qarşı soyqırımı törədən dövlət kimi yazıb. Təkcə işğal etdiyi Əlcəzairdə 1,5 milyon insanı qətlə yetirən Fransa öz keçmişini unudaraq indi haqdan, ədalətdən, demokratiyadan, insan haqlarından dəm vurur, imperiya xislətindən əl çəkmək istəmir. Afrika ölkələrinin böyük əksəriyyətini işğal altında saxlayan Fransa həmin ərazilərdə hərbi bazalar yerləşdirib və Fransanın müstəmləkəçilik siyasətinə qarşı həmin ölkələrdə baş verən etirazlara biganə qalır. Bu yaxınlarda keçirilən futbol üzrə dünya çempionatında Fransa ilə Mərakeş komandalarının qarşılaşmasında Fransanın müstəmləkəçilik və işğalçılıq siyasətinin yaratdığı mənəvi-psixoloji sarsıntı mərakeşli futbolçuların oyun qurmasına çox mənfi təsir göstərdi.

Fransanın törətdiyi cinayətləri təsəvvürə gətirəndə adamı dəhşət bürüyür. 1832-ci ildə Fransanın müstəmləkəsində olan El-Uffia qəbiləsi gecə yatdığı yerdə fransız əsgərləri tərəfindən qılıncdan keçirilib, qadınlar və uşaqlar da daxil olmaqla 12 min adam öldürülüb. 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülüb, 5 minə yaxın adam həbs olunub, 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edilib. 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxıb. Fransa polisinin açdığı atəş və etirazçıların Sena çayına atılması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs edilib. Bu hadisə tarixə "Sena qətliamı" kimi daxil olub. XVI əsrdən müstəmləkəçilik siyasəti yürüdən Fransanın II Dünya müharibəsindən əvvəl işğal etdiyi ərazilər 13,5 milyon kvadratkilometr olub. Öz ərazisindən 20 dəfə böyük bir coğrafiyada talançılıq və qətllər törədən bu dövlətin senatı Azərbaycana qarşı qərəzli mövqe tutmaqdansa öz ləkəli tarixləri barədə düşünsələr daha yaxşı olmazmı?!.

Ermənistanı kürəyinə şəlləyən, erməniləri qucağında yemləyən, erməni hinində banlamağı sevən Fransa senatının Türkiyə və Azərbaycana qarşı tutduğu mövqe onların xəbis niyyətlərindən, işğalçılıq ehtiraslarından, hegemonluqdan xəbər verir. Uzun illərdir ki, Fransa işğalçı Ermənistanı dəstəkləyir və saxta, qondarma "erməni soyqırımı"nı tanıdığını bildirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu cür qaranlıq tarixə malik olan Fransanın qondarma "erməni soyqırımı" ittihamlarına cavabı göy üzərində şimşək effekti yaratdı, haqsızlığın qarşısına sipər oldu. Erməni məsələsi və terrorla mübarizə adı altında Türkiyəyə insan haqları və demokratiya dərsi verənlərin özlərinin qanlı keçmişi var. İyirmi beş il əvvəl Ruandada 800 min insanı qətlə yetirənlərin kimlər olduğu aşkardır. Əlcəzairdə yüz minlərlə insanı qətlə yetirən və soyqırımı törədən də Fransadır.

Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı bu kimi məsələlərə də toxunub. Əlcəzairə səfəri çərçivəsində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdiyini sammitdə çıxışı zamanı vurğulayan dövlətimizin başçısı bildirib ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib. Fransa ötən əsr Azərbaycan torpaqlarında törədilən soyqırımların müəlliflərindəndir. 1918-ci ilin mart-aprel aylarında Güney Azərbaycanın Salmas, Xoy, Sulduz (Nəğədə), Urmiya, Muğan və başqa ərazilərində Azərbaycan türklərinə qarşı törədilən soyqırımlarda ermənilərlə yanaşı, Fransa hərbçiləri də iştirak edib. Başqa sözlə, Ermənistan və Fransanın Azərbaycana qarşı cinayətlərinin yüz ildən artıq tarixi var. Fransa Əlcəzairdə törətdiyi cinayətlərə görə də ən qəddar dövlətlərdən biri olaraq dünya tarixində yer tutub.

Dekabrın 28-də Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və Fransanın Avropa və Xarici İşlər Nazirliyinə ünvanlanmış etiraz notası qarşı tərəfə təqdim olunub. Fransanın müxtəlif siyasi qüvvələri tərəfindən Azərbaycana qarşı açıq böhtan və qərəz əsasında qurulmuş kampaniyanın genişlənərək davam etməsindən dərin narahatlıq ifadə olunub. Bir neçə gün əvvəl Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin rəhbərləri adından Fransa prezidentinə ünvanlanmış məktubda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilməsinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qəsd mahiyyətində addımlar atılmasına çağırış edilməsinin qəbuledilməz olduğu bildirilib və orada əks olunmuş iddialar qətiyyətlə rədd edilib.

Fransa öz meydançasında oynamağı qətiyyən sevmir, gözü başqa yerlərdə olur, dünyada terrorçu kimi tanınan PKK yandaşlarına öz qoynunda yer verir, onların təxribatçı hərəkətlərinə göz yumur, Ermənistan üçün saxta göz yaşları tökür, öz problemlərini unudaraq "əzabkeş" xalqın dərdini çəkir, Azərbaycana və Türkiyəyə qarşı əsassız qətnamələr qəbul edir və bu qətnamələr konfet kağızı kimi ermənilərə "şirin" təsəlli verir. Belə yerdə deyirlər ki, müsyö, pardon, “atı tərsinə minməkdən” əl çəkin!

Salman ALIOĞLU,

"Respublika".