Müttəfiqliyin ən önəmli sahəsi: müdafiə sənayesi
Digər xəbərlər

Müttəfiqliyin ən önəmli sahəsi: müdafiə sənayesi

Azərbaycan-Türkiyə əlaqələrinin təməlində tarixi ənənələr və qardaşlıq duyğusu dayanır. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”,  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları xalqlarımızın bir-birinə bağlılığını müdrikcəsinə ifadə edir. Azərbaycanla Türkiyə arasında siyasi-mənəvi birlik Qarabağın azadlığı uğrunda gedən 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbənin əldə edilməsində həlledici amillərdən oldu. Təcavüzkar Ermənistanın ağır hərbi məğlubiyyətə uğradılması və onun işğalçılıq siyasətinə son qoyulması bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin bərqərar edilməsi üçün zəmin yaradıb. Xalqımızın göz bəbəyi, ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları müttəfiqlik Bəyannaməsi də məhz bu xeyirxah niyyətə xidmət edir.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında mövcud strateji tərəfdaşlığın yeni, ən yüksək zirvəsidir.  Bəyannamədə bir çox mühüm məsələlər öz əksini tapıb. Buraya beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və digər sahələr əhatə olunub. Prezident İlham Əliyev tarixi sənədin imzalanmasından sonra mətbuat üçün verdiyi bəyanatda  müdafiə sənayesi və qarşılıqlı hərbi yardım sahəsində müttəfiqliyin xüsusi önəm daşıdığını qeyd edib. “Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq” – deyə dövlətimizin başçısı bəyan edib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sənayesi sahəsində əlaqələrin bundan sonra daha da fərqli şəkildə inkişaf edəcəyini bildirib və deyib: “Bu fərqli inkişafla yanaşı, Azərbaycan bir bazar deyil, eyni zamanda, bu prosesdə bir istehsal mərkəzi olmaq imkanı da əldə edəcək. Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.

Şuşa Bəyannaməsində qeyd olunur ki, tərəflər milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək və hazırda onların ölkələrində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsini, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər.

Əvvəlcə onu qeyd edək ki, Türkiyənin müdafiə sənayesi hazırda sürətlə inkişaf etməkdə, qardaş ölkə dünya silah bazarında ön mövqelərə doğru irəliləməkdədir. 44 günlük Vətən müharibəsində silahlı qüvvələrimiz tərəfindən düşmənə qarşı uğurla istifadə edilən "Bayraktar TB2" pilotsuz uçuş aparatlarının (PUA) şöhrəti, necə deyərlər, bütün dünyaya yayılıb. Yerli "Baykar Makina" şirkətinin istehsalı olan bu taktiki zərbə PUA-sı Türkiyə müdafiə sənayesinin son illərdə qazandığı nailiyyətlər sırasında xüsusi yer tutur. Hərbi mənbələrin məlumatına görə, "Baykar"ın texnoloji imkanları sayəsində kompleksin bütün detalları Türkiyədə milli marka altında istehsal olunur. Yeri gəlmişkən, şirkətin baş direktoru Lütfi Haluk Bayraktar Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrin möhkəmləndirilməsinə, əməkdaşlığın inkişafına, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə  “Qarabağ” ordeninə layiq görülüb və Prezident İlham Əliyev ordeni ona iyunun 15-də Şuşa şəhərində şəxsən təqdim edib. Bundan bir qədər əvvəl, aprel ayında isə “Baykar”ın texniki direktoru Selçuk Bayraktar da, eyni xidmətlərinə görə,“Qarabağ” ordeninə layiq görülüb və yüksək təltif ona Bakıda olarkən dövlətimizin başçısı tərəfindən təqdim olunub. Xatırladaq ki, bu ilin əvvəlində bir qrup azərbaycanlı mütəxəssis “Baykar” şirkətində silahlı PUA-nın idarə edilməsi üzrə təlim kursları keçib və belə təlimlərin davamlı olacağı bildirilir. Bundan başqa, şirkətin Azərbaycanda birgə istehsal sahəsi yaratmaq niyyəti də vardır və yeni müttəfiqlik dönəmində bu niyyətin gerçəkləşəcəyi gözlənilir.

Türkiyənin müdafiə sənayesi məhsullarının sayı çox, çeşidi genişdir. Yarandığı 30 il ərzində dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkəti sırasına daxil olmağı bacaran “Roketsan” şirkəti Türkiyə Silahlı Qüvvələrinin raket ehtiyaclarının ödənilməsində lider mövqeyindədir. Şirkətin Mini Ağıllı Mühimat (MAM) layihəsi çərçivəsində istehsal etdiyi sursatlar ölkəmizin də silah cəbbəxanasında tutarlı yerə sahibdir.

Hərbi elektronika sənayesi sahəsində öncül şirkətlərdən olan “Aselsan” da ölkəmizlə geniş əməkdaşlıq imkanlarına malikdir. 1975-ci ildə Türkiyə Silahlı Qüvvələrinin rabitə cihazlarına ehtiyacını ödəmək üçün yaradılmış şirkətin xaricdə ilk nümayəndəliyi 1998-ci ilə Bakıda fəaliyyətə başlayıb.“Aselsan”ın idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgün bu ilin aprelində Selçuk Bayraktarla birlikdə ölkəmizdə səfərdə olub və dövlətimizin başçısı tərəfindən qəbul edilib. O, Şuşa Bəyannaməsinin imzalanması mərasiminin də iştirakçısı olub. Belə bir faktı da vurğulayaq ki, istehsal texnologiyalarını daim yeniləyən “Aselsan” şirkəti Azərbaycanın Silahlı Qüvvələrini rabitə vasitələri ilə dayanıqlı şəkildə təchiz edir. “Poliqon” hərbi-texnoloji jurnalının məlumatına görə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu “Aselsan” şirkəti ilə birlikdə lazer tuşlamalı aviasiya bombası hazırlayıb. Həmçinin şirkət ölkəmizdə  radioelektron sistemlərinin, uzaqdan idarə olunan komanda-nəzarət sistemlərinin birgə istehsalını, habelə gələcəkdə dünya ölkələrinə satışını planlaşdırır.

Türkiyə Müdafiə Sənayesi Komitəsi, STM – müdafiə texnologiyaları mühəndisliyi və ticarəti şirkəti, “Roketsan”, “Havelsan”, “Aselsan” şirkətləri ilə Azərbaycanın Müdafiə və Müdafiə Sənayesi nazirlikləri arasında sıx əlaqə mövcuddur. Bu əlaqələr hərbi-texniki sahədə də əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətin əlaqələndirilməsində və konkret nəticələrin əldə olunmasında mühüm rol oynayır.

Müdafiə sənayesinin inkişafı Azərbaycanın hərbi quruculuq strategiyasında prioritet istiqamətlərdəndir. Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsində müdafiə sənayesinin mühüm rol oynadığını əsas götürərək, 2005-ci ildə müvafiq nazirliyin yaradılmasına qərar verib. Ötən dövr ərzində nazirlik üzərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində məqsədyönlü iş aparıb. Nazirliyin 23-dən çox müəssisəsində ən müasir texnologiya və avadanlıqlarla təchiz olunan 50-dən çox yeni istehsal sahəsi yaradılıb. İstehsal sahələrində müasir tələblərə cavab verən rəqəmsal, proqram təminatlı 25-dən çox mürəkkəb texnoloji xətt və avadanlıqlar quraşdırılıb. 2200-dən çox müxtəlif təyinatlı dəzgah, 10 minlərlə cihaz, alət və tərtibatlar alınaraq istismar üçün müəssisələrə verilib. Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki birlik və müəssisələr tərəfindən müxtəlif çeşiddə silah-sursat və hərbi texnika istehsal edilir. Azərbaycan hazırda piyadaların özünümüdafiə və düşməni məhvetmə vasitələrindən olan kiçik və ortaçaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdən biridir, son illərdə yaradılan müəssisələrin əksəriyyətində sursat istehsalına üstünlük verilir. Bundan başqa, müdafiə sənayemiz aviasiya, mühəndis, rabitə, optik və digər hərbi təyinatlı məhsulların normativ-texniki sənədlərinin yaradılmasını və mənimsənilməsini də həyata keçirir. Bu gün ölkəmiz müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi dünyada tanınır. Qazanılan nailiyyətlər istehsal edilən rəqabətədavamlı məhsulların dünya bazarına çıxarılmasına şərait yaradır və bunlar silahlı qüvvələrimizlə yanaşı, bir sıra xarici ölkələrin ordularının da silah təchizatına qəbul edilir. Ölkəmizin kosmik məkandakı imkanlarından da hərbi müdafiə məqsədləri üçün istifadə edilir.  Belə ki, aerokosmik fəzada yerləşdirilmiş cihazlar və komplekslər öyrənilən düşmən obyektlər haqqında genişmiqyaslı məlumatları operativ şəkildə əldə etməyə imkan verir. Bütün bunlar Azərbaycan və Türkiyə müdafiə sənayesi sahələrinin  mövcud potensialdan birgə səmərəli istifadəsi üçün möhkəm zəmin yaradır.

Şuşa Bəyannaməsi iki qardaş dövlət arasında hərbi-texniki sahədə əlaqələri keyfiyyətcə yeni bir mərhələyə keçirdi: bu mərhələ təkcə ölkəmiz üçün deyil, ümumilikdə türk dünyası üçün yeni imkanlar açır, regionun müxtəlif təhdidlərdən, o cümlədən revanşizm təhlükəsindən qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Bəyannamədə ifadə olunduğu kimi, hər iki dövlət silahlı qüvvələrini müasir tələblərə uyğun olaraq yenidən formalaşdıracaq və modernləşdirəcəkdir. İstər ordu quruculuğunun zamanın ruhuna və tələblərinə uyğun davam etdirilməsi, istərsə də iki qardaş ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlığının və iş birliyinin möhkəmləndirilməsi bölgədə dayanıqlı sülh üçün vacib təminatlardan olacaq.

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.