Müzəffər ordumuz - qürurumuz
Digər xəbərlər

Müzəffər ordumuz - qürurumuz

26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Azərbaycan Milli Ordusunun təməli 1918-ci ildə qoyulmuşdur. Milli Ordunun yaradılmasının əsas səbəblərindən biri 1917-1918-ci illərdə ermənilərin Azərbaycan torpaqlarına təcavüzünün güclənməsi idi. Bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti süquta uğramış və yeni yaranmaqda olan Milli Ordumuz ləğv edilmişdir. Sovetlər birliyi dağıldıqdan sonra isə SSRİ-nin vahid ordusunun əsas varisi Rusiya Federasiyası qalmaqla, Azərbaycan Respublikasının həmin vaxt faktiki olaraq Milli Ordusu olmamışdır.

1988-ci ildə Qarabağ münaqişəsi başlandıqdan sonra aydın olmuşdur ki, SSRİ dövlətinin tərkibində birgə yaşadığımız ermənilər torpaqlarımızı ələ keçirmək barədə məkrli niyyətlərindən əl çəkməmiş, məhz bu səbəbdən süni bəhanələrlə uzun illər gizli şəkildə çalışmışlar. Apardıqları milli münaqişəni başlatmışlar. Belə ki, sonradan məlum olmuşdur ki, bir dövlətin tərkibində, Azərbaycanın paytaxtı Bakı şəhərində, Dağlıq Qarabağda və ölkəmizin digər şəhər və rayonlarındakı ən səfalı ərazilərdə məskən salıb bizimlə bir yerdə yaşaya-yaşaya öz xarici havadarlarının və separatçı qüvvələrinin işğalçı planlarını həyata keçirmək üçün son illər ciddi hazırlıqlar görmüş, bunun üçün maddi vəsait və silah-sursat toplamışlar. SSRİ-nin dağılmasında maraqlı olan xarici qüvvələr bu dövlətin parçalanması üçün onun tərkibində milli münaqişə ocaqlarının yaranmasının həlledici rol oynadığını anlayaraq yenə də əvvəllər tarixdə olduğu kimi ermənilərin separatizmə, vətəndaşı olduqları dövlətə xəyanət etməyə meyilli olmaları xüsusiyyətlərinə güvənmişlər.

Belə bir şəraitdə SSRİ-nin dağılması ərəfəsində torpaqlarımızın erməni işğalına düşməsinin əsas səbəblərindən biri də müstəqilliyini yenicə əldə etmiş ölkəmizin həmin dövrdə səriştəsiz rəhbərliyi ilə yanaşı ordusunun olmaması, münaqişəyə hazır olmaması və ordu quruculuğunun da lazımi səviyyədə aparılmaması olmuşdur.

Məlum hadisələr nəticəsində 30 ilə yaxın müddətdə erməni işğalı altında olan, tarixi Azərbaycan torpaqlarında mövcud olmuş xalqımızın tarixi abidələrini, mədəniyyət ocaqlarını dağıtmaqla, milli sərvətlərimizi talamaqla, vətəndaşlarımızın illər boyunca nəsildən-nəsilə qurub-yaratdıqları müxtəlif mülkiyyət obyektlərini, evləri, bağları və sair quldurcasına talayıb daşımaqla məşğul olmuşlar. Lakin illər keçməsinə baxmayaraq erməni işğalçıları axır ki, öz cəzalarına çatmış və Azərbaycanın Milli Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman savaşla Qarabağ müharibəsində tarixi zəfər qazanaraq 30 illik vətən torpağının həsrətinə, üzücü işğal dövrünə son qoymuşdur. 2020-ci il sentyabrın 27-dən Ermənistanın növbəti təxribatı və hərbi təcavüzü ilə başlayan və 44 gün davam edən savaş zamanı Müzəffər Ordumuzun davamlı hərbi qələbələri təcavüzkar Ermənistanın kapitulyasiyası ilə nəticələnmiş və bu kapitulyasiya 2020-ci il noyabr ayının 10-da Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladıqları tarixi bəyanatla rəsmiləşdirilmişdir. İşğalçı Ermənistanın baş nazirini həmin bəyanatı imzalamağa şanlı savaş nəticəsində işğal altında olan rayonlarımızı və Qarabağın tacı sayılan strateji Şuşa şəhərini ildırım sürəti ilə Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad edib düşməni mühasirə vəziyyətinə salması, Ermənistanın quldur hərbi dəstələrinə sarsıdıcı zərbələr vuraraq onun “yenilməz ordusu”nu darmadağın etməsi məcbur etmişdir.

Bu müharibə zamanı yerinə yetirilməsi üçün aylarla müddət tələb olunan hərbi-taktiki məsələlərin həllinə Milli Ordumuzun 44 gün ərzində nail ola bilməsi məhz təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1993-cü ildə qoyulmuş və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilmiş Azərbaycanda ciddi ordu quruculuğu sayəsində mümkün olmuşdur.

Bu illər ərzində Ordu quruculuğu həm yeni hərbi kadrların yetişdirilməsi, həm ordunun müasir silahlarla təchiz edilməsi, həm də hərbi sənayenin inkişaf etdirilməsi istiqamətlərində aparılmışdır. 1999-cu ildə Hərbi Akademiya, daha sonra 2001-ci ildə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən hərbi məktəblər əsasında Azərbaycan Ali Hərbi, Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Hərbi Dənizçilik məktəbləri yaradılmışdır.

Son 17 ildən artıq bir dövrdə Ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu üçün, qısa müddət ərzində hərb meydanında əldə olunan möhtəşəm uğurların, döyüş bölgəsindəki tarixi qələbələrin qazanılmasında möhkəm zəmin yaratmışdır.

Belə ki, həyata keçirilən digər mühüm tədbirlərlə yanaşı, ölkəmizdə müasir hərbi-sənaye kompleksinin formalaşdırılması üçün Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələri Azərbaycan Ordusunu zəruri silah və sursatla təmin etmiş, Nazirliyin mütəxəssisləri hərbçilərlə birlikdə real döyüş şəraitində yeni tipli silah və döyüş sursatlarının sınaqlarını keçirmişlər.

Ordu quruculuğu prosesində köklü islahatlar və kompleks tədbirlər keçirilməklə, müxtəlif ölkələrin təcrübəsi öyrənilmiş, müasir hərbi qanunvericilik bazası yaradılmış, hərbi hissələrdə nizam-intizam gücləndirilmiş, Silahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirilmişdir. Ordu müasir silah-sursat və hərbi texnika ilə təchiz olunmaqla yanaşı onun şəxsi heyəti də peşəkar kadrlarla komplektləşdirilmiş, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı yüksəldilmiş, nəticədə zamanın tələblərinə cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşmışdır. Azərbaycan Ordusunun zabit-gizir heyətinin peşəkarlığının güclənməsində qardaş Türkiyənin də hərb sahəsindəki təhsilinin və təcrübəsinin böyük rolu olmuşdur.

Vətəni müdafiə etmək kimi şərəfli peşəyə həyatlarını həsr etmiş şəxslərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasından danışarkən hərbçilərimizin xidmət və yaşayış şəraitinin yaxşılaşdırılması, yüksək tələblərə cavab verən əsgər yataqxanalarının istifadəyə verilməsi, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsini xüsusi qeyd etmək lazımdır. Bu qayğı hərbi qulluqçuların sosial məsələlərinin, mənzil-məişət problemlərinin həlli, o cümlədən 20 il və daha çox müddətində Silahlı Qüvvələrimizdə qüsursuz xidmət etmiş 1500-dən artıq hərbçiyə mənzillərin verilməsində öz əksini tapmışdır.

Bütün bunlara görədir ki, I Qarabağ müharibəsindən fərqli olaraq II Qarabağ müharibəsinin başlanğıcında Azərbaycan Respublikasının müasir və güclü Ordusu mövcud olmuşdur. Dünya ölkələrinin orduları ilə bağlı “Global Firepower” hərbi-analitik təşkilatının hazırladığı 2020-ci il hesabatında Azərbaycan Ordusu ötən illərdə olduğu kimi, Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlamışdır. 2019-cu ildə Azərbaycanın hərbi büdcəsi 1,85 milyard dollar olmaqla Ermənistanın analoji büdcəsini təxminən 3 dəfə (650 milyon dollar) üstələmiş, dünyanın ən güclü orduları sırasında Azərbaycan 52-ci, Ermənistan isə 96-cı mövqedə olmuşdur.

Əsrlər boyu hər bir ordunun qarşısında duran əsas vəzifə onun mənsub olduğu dövlətin ərazi bütövlüyünü təmin etmək, xarici təcavüzlərdən təhlükəsizliyini qorumaqdan ibarət olmuş və güclü ordu dövlətin hərbi gücünün rəmzi olmuşdur. Ölkəmizdə Ordu quruculuğunun ən yüksək səviyyədə olmasını isə ordumuz əyani şəkildə hərb meydanında həm təcavüzkar Ermənistana, eləcə də bütün dünyaya nümayiş etdirmişdir.

XXI əsrə aid yeni döyüş üslubu və taktikası nümayiş etdirən Milli Ordumuz Vətən müharibəsində müasir dövrün döyüş ənənəsini formalaşdırmış, ordumuzun ayrı-ayrı hərbi əməliyyatları hərbi taktika və strategiya baxımından hərbi tədris predmetlərinə çevrilmişdir. Ali Baş Komandanımız İlham Əliyevin müəyyənləşdirdiyi yeni müharibə strategiyası daha çox əsgərlərimizin həyatının qorunmasına hesablanmışdı. Təsadüfi deyil ki, 30 il ərzində ermənilərin səylə qurduqları, bir neçə müdafiə xətlərindən ibarət istehkamlarını yarıb keçməklə hücuma getməli olan ordumuz müharibənin başlanğıcındakı döyüş mövqeyinə, eləcə də hərbi qanunlara görə həm canlı qüvvədə, həm də hərbi texnikada dəfələrlə az itki vermişdir.

Ali Baş Komandanın rəhbərliyi və xalqın dəstəyi ilə Milli Ordu dəmir yumruğa çevrilərək “Qarabağ Azərbaycandır!” şüarı altında böyük qələbəmizi reallaşdırmış, 44 gün davam edən müharibədə hərb tariximizin yeni şanlı səhifələrini yazmışdır. 300-ə yaxın yaşayış məntəqəsini əhatə edən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut və Suqovuşan qəsəbələri, Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər qanlı döyüşlərlə azad edilmiş, bu qələbələrdən sonra düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təslim etməyə məcbur edilmişdir. Azərbaycanın əsgər və zabitləri PUA-sız, topsuz, mərmisiz igidlik və qəhrəmanlıq nümayiş etdirərək 1500-1800 metr yüksəklikdə faktiki olaraq əlbəyaxa döyüşlər apararaq qala şəhəri olan Şuşanın azad edilməsi əməliyyatını keçirib Qarabağ müharibəsində qələbəni təmin etmişlər. Dünya mediasında işıqlandırılan döyüş əməliyyatları, yeni döyüş üslubları, pilotsuz uçan aparatlar vasitəsilə düşmənə endirilən sarsıdıcı zərbələr, Şuşa əməliyyatı bir çoxlarını heyrətə gətirmişdir. Ukraynalı hərbi analitik Aleksey Arestoviç Şuşa döyüşləri haqqında bildirmişdir ki, “...Azərbaycan əsgəri Şuşanı piyada döyüşləri ilə, daşına bilən ağır sursatlarla, duman içində, göz-gözü görməyən çətin hava şəraitində dağlardan keçərək qaytardı. Azərbaycan əsgəri Şuşanı PUA-larsız, tanksız, artilleriyasız işğaldan azad etdi”. Bu möhtəşəm əməliyyat barədə məlumat digər ölkələrin də kütləvi informasiya vasitələrinin buraxılışlarında yer tapmışdır.

Əldə olunmuş Böyük Qələbədə Silahlı Qüvvələrimizin bütün qoşun növlərinin öz payı olmuşdur. Ərazilərimizin azad olunmasında yüksək peşəkarlıq nümayiş etdirmiş Müdafiə Nazirliyinin xüsusi təyinatlıları ilə yanaşı, Sərhəd Xidmətinin xüsusi təyinatlı qüvvələrinin, Daxili Qoşunların, Təhlükəsizlik Xidmətinin, Kəşfiyyat Xidmətinin, Naxçıvan Ordusunun da xüsusi qüvvələrinin böyük rolu olmuşdur.

Bu günlərdə 26 İyun - Ordu Günü bayramını xalqımız və Milli Ordumuz yeni əhval-ruhiyyədə - Rəşadətli, Qalib Ordunun bayramı kimi qeyd edir. Milli Ordumuz hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olmaqla bərabər bundan sonra da daim təkmilləşib güclənəcək, Vətənin keşiyində daha da möhkəm və mətin duracaqdır.

Nazim BABAYEV,

Qəbələ rayon prokuroru, baş ədliyyə müşaviri.