Muzey 3000-ə yaxın ziyarətçini qəbul edib
Mədəniyyət

Muzey 3000-ə yaxın ziyarətçini qəbul edib

Beynəlxalq Muzeylər Şurasının (İCOM) 1977-ci ildə imzaladığı qərara görə, bu sənət ocaqlarının peşə bayramı məhz 18 may tarixində qeyd olunur. Azərbaycanın bölgə, tarixi-diyarşünaslıq muzeyləri də daxil olmaqla, Bakı şəhərinin bütün muzeyləri həmin gün təmənnasız olaraq qapılarını tamaşaçıların üzünə açır.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi də çoxillik ənənəsinə sadiq qalaraq peşə bayramı günündə ziyarətçiləri elm, mədəniyyət və ədəbiyyat dünyasına qonaq edib. Bu barədə qurumun mətbuatından verilən məlumatda bildirilir.

 “Açıq qapı” günündə muzeyi ziyarət edənlərə ən qədim dövr, orta əsrlər, folklor, müasir dövr ədəbiyyatını, tarixini, görkəmli söz, fikir insanlarını tanıdan geniş zallarında müxtəlif dillərdə izahatlar verilib. Muzeydə yer alan eksponatlar və mühüm ədəbi faktlar ziyarətçilərin diqqətinə çatdırılıb. Beynəlxalq Muzeylər Günündə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə gələnlərin sayı 3000 nəfərə yaxın olub. 

Ümumilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş sərgi də ziyarətçilər  tərəfindən maraqla izlənilib. On lövhədən ibarət olan sərgidə Ulu Öndərin Azərbaycan ədəbiyyatına, onun parlaq nümayəndələrinə sevgi və qayğısının timsalı olan şəkillər, Heydər Əliyevin klassik dövr ustadlarının bədii irsinə bağlılığını, türk dünyası ədəbiyyat xadimləri ilə görüşlərini, unudulmaz fikirlərini əks etdirən bölmələr yer alır.

“Respublika”.