Muzey Mərkəzində “Dünya vəkil cübbələri və atributları
Mədəniyyət

Muzey Mərkəzində “Dünya vəkil cübbələri və atributları" sərgisi açılıb

Azərbaycan vəkillərinin peşə bayramı olan 28 dekabr - Vəkil Günü ərəfəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü, Mədəniyyət Nazirliyinin dəstəyi və "Kamandar Nəsibov və Partnyorları" vəkil bürosunun təşkilatçılığı ilə dekabrın 17-də Muzey Mərkəzində "Dünya vəkil cübbələri və atributları" sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, Milli Məclisin deputatları Kamal Cəfərov və Bəhruz Məhərrəmov, Məhkəmə Hakimləri İctimai Assosiasiyasının və İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliyinin sədri Ələddin Cəfərov, Mediasiya Şurasının sədri Nadir Adilov, Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayev və "Kamandar Nəsibov və Partnyorları" vəkil bürosunun müdiri Kamandar Nəsibov çıxış edərək sərginin ölkəmizdə vəkillik peşəsinin inkişafının bariz göstəricisi olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu inkişafın əsasında Prezident İlham Əliyevin 2018-ci il fevralın 22-də imzaladığı "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam mühüm rol oynayıb. Vəkillər Kollegiyasının ölkəmizdə aidiyyəti qurumlarla sıx əməkdaşlıq həyata keçirdiyini vurğulayan natiqlər bu işbirliyinin vətəndaşlarımızın hüquqlarının etibarlı müdafiəsində səmərəliliyin artırılmasına xidmət etdiyini bildiriblər.

Sərgidə "Kamandar Nəsibov və Partnyorları" vəkil bürosunun kolleksiyasında yer alan müxtəlif ölkələrin vəkil, hakim cübbələri və atributları nümayiş olunur. Burada, həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevin zəngin şəxsi kolleksiyasına aid olan, vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları sərgilənir. Eksponatlar arasında dünyanın müxtəlif ölkələrindən gətirilmiş 70-dək vəkil və hakim cübbəsi yer alır.

Ölkəmizin tanınmış vəkillərindən olan Kamandar Nəsibov tərəfindən vəkilliyin inkişafına və nüfuzunun artırılması işinə verilmiş töhfələrdən biri də xarici ölkələrdən gətirilmiş hakim və vəkil cübbələrindən (mantiyaları) ibarət böyük kolleksiya-muzeyin yaradılmasıdır. Hazırda dünyada vəkil cübbələrindən ibarət olan ilk və yeganə muzey Fransada yerləşsə də, "Kamandar Nəsibov və Partnyorları" vəkil bürosunda təşkil olunmuş bu kolleksiya-muzeyin daha da genişləndirilməsi planlaşdırılır. Bunun üçün müxtəlif ölkələrin Vəkillər kollegiyaları ilə danışıqlar davam etdirilir.

Sərgi dekabrın 29-dək davam edəcək.

AZƏRTAC