Muzeylərin, məscidlərin, abidələrin dağıdılması bəşər mədəniyyətinə qarşı vandalizm aktıdır
Mədəniyyət

Muzeylərin, məscidlərin, abidələrin dağıdılması bəşər mədəniyyətinə qarşı vandalizm aktıdır

Bəşəriyyət üçün ən ağır və ən dəhşətli dövr müharibələr, istilalar dövrüdür. Azərbaycan xalqı bu dövrü keçən əsrin sonlarında bir daha yaşadı. Xalqımızın tarixinə qanlı hadisələr, faciələr, misli görünməmiş soyqırımı yazıldı. Ötən əsrin 80-ci illərindən başlayaraq qəsbkar, mənfur erməni separatçıları Azərbaycanın əzəli və əbədi torpaqlarına göz dikdi və burada “ikinci erməni dövləti” yaratmaq xülyası ilə torpaqlarımızın 20 faizdən çox hissəsi zəbt edildi, ərazi bütövlüyümüz pozuldu, soydaşlarımız yurd-yuvalarından didərgin düşdü.

İfrat millətçilik, türkofobiya, Azərbaycanofobiya, islamofobiya, ksenofobiya və nifrətin ən ifrat təzahürlərini özündə yaşadan ermənilər sadəcə ermənilərdən ibarət bir dövlət yaradaraq özlərindən başqa heç bir millətin yaşamadığı Ermənistanda dövlət səviyyəsində mütəmadi olaraq etnik təmizləmələr aparmışlar. Yüz minlərlə azərbaycanlının Ermənistanda etnik təmizləməyə məruz qalması bunun bariz nümunəsidir. Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təcavüzkar əməllərin qurbanları isə təkcə ölkə vətəndaşları deyil, həm də yaşı min illərə söykənən tarixi-mədəni abidələrimiz olmuşdur.

30 il ərzində ermənilər bizə məxsus olan tarixi abidələri, ziyarətgah və məscidləri, məzarlıqları dağıtmış, yüzlərlə mədəniyyət abidələrimizi yerlə-yeksan etmiş, Azərbaycan Respublikasına məxsus tarixi abidələrin adlarını dəyişdirib özününküləşdirmiş, tanınmış Azərbaycan ziyalılarının, şair və yazıçıların ev-muzeylərinin yerləşdiyi tarixi binaları tamamilə məhv etmiş, işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət hesab edilən əməllər törətmişlər. Bu əməllər isə ümumilikdə insanlığa qarşı mənəvi soyqırımı, dünya mədəniyyətinə qarşı vandalizm hesab olunur.

Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri ilə bütün dünyada tanınır. Humanizmdən, ədalətdən, beynəlxalq hüquqdan xəbərsiz olan mənfur ermənilər barbar davranışları ilə işğal olunmuş torpaqlarımızda mədəniyyətimizi, dövlətçilik ənənələrimizi yaşadan çoxlu sayda tarixi abidələrimizi məhv etmiş, qədim memarlıq sənəti nümunələrimizi dağıtmışlar. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi vandalizm aktlarının başlıca istiqamətlərindən biri də mədəni irsimizə qarşı yönəlmişdir.

İşğalçı dövlətin abidələrimizə münasibətdə həyata keçirdiyi vəhşiliyin əsas məqsədi Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi, mədəni irsi yer üzündən silmək olmuşdur.

Uzun illər işğal altında olan, erməniləşdirilməyə və dağıntılara məruz qoyulan daşınmaz tarix-mədəniyyət abidələrimizin vəziyyəti bütün dünyaya bəllidir. İşğalçı Ermənistan tərəfindən əzəli torpaqlarımızdakı İslam mədəniyyəti abidələri tamamilə məhv edilib və ya erməniləşdirilib.

Azərbaycanın işğaldan azad olunmuş rayonlarında təşkil edilən monitorinqlər zamanı bu ərazilərdə kitabxanalar, mədəniyyət evləri, mədəniyyət mərkəzləri, klublar, muzeylər, uşaq musiqi məktəbləri və s. mədəniyyət obyektlərinin qeydiyyatı aparılıb və onların hamısının tamamilə dağıdılmış vəziyyətdə olduğu müəyyən edilib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən aparılan ilkin monitorinqlərin nəticələrinə əsasən işğaldan azad olunmuş ərazilərdə dövlət qeydiyyatına alınmış 706 tarix və mədəniyyət abidəsi var. Bu abidələrdən 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidələr, 17-si dekorativ-tətbiqi sənət nümunələridir.

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili” haqqında Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 7.8-ci bəndinin icrası üçün Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkil etdiyi monitorinqlər zamanı baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdıldığı aşkar edilmişdir.

Bu günədək dövlət qeydiyyatında olan 379 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilmiş, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 133 yeni abidə aşkar edilmişdir. Həmçinin aparılan monitorinqlər zamanı 864 mədəniyyət müəssisəsi monitorinq edilmişdir ki, onlardan 462-si kitabxana, 348-i mədəniyyət evi və klub müəssisəsi, 20-si muzey, 26-sı uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur.

Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonları üzrə aparılmışdır. Baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının olduğu, müdaxilələrin edildiyi və vandalizmə məruz qaldığı aşkar edilmişdir.

Siyasi analitik, irlandiyalı tarixçi, Qafqaz və Osmanlı imperiyası tarixi üzrə ekspert Patrik Uolş ermənilərin Qarabağda tarixi və mədəni irsi necə məhv etməsi ilə bağlı fikirləri mənfur düşmənin iç üzünü açır: “Tam əminəm ki, müsəlmanların məbədlərinin rüsvayçı şəklə salınması İslam dünyasını qəzəbləndirəcək. Mən məscidlərin donuz tövləsinə çevrilməsinə və digər müqəddəs yerlərə qarşı edilən təxribatları nəzərdə tuturam. Həqiqətən də, sahibi olduğu inancdan asılı olmayaraq, şərəfli və mədəni insanlar bu cür barbar və təhqiramiz hadisələri görməlidir. Əminəm ki, ermənilər bu hadisələri qəsdən törədib. Həqiqətən bu cür davranışlar cinayətkarları çox pis bir şəkildə əks etdirir... fərqliliyə hörmət və hər kəsə yer vermək ruhu erməni milliyyətçiliyində çatışmır. Ermənilərin hər şeyə güzəştsiz yanaşmaları var, misal üçün torpağa, mədəniyyətə, dinə və məskunlaşmaya. Onlar elə hesab edirlər ki, bu, ya onlarındır, ya da heç kimin. Dünyanın böyük sivilizasiyalarına və mədəniyyətlərinə hörmət bəsləyən ortaq keçmiş anlayışları yoxdur. Hər şey sanki onlarındır və heç kimi saymırlar”.

Özbəkistanın “interpress.uz” portalı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində siyasi ekspert Arye Qutun Ermənistanın Qarabağda həyata keçirdiyi vandalizm siyasəti ilə bağlı yazır: “ermənilər bu ərazilərdə 12 muzeyi, 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edib və yandırıblar. Nadir tarixi əhəmiyyət kəsb edən 40 min muzey eksponatı oğurlanıb, 44 məbəd və 18 məscid dağıdılıb. Yandırılan 927 kitabxanada dörd milyon altı yüz min nüsxə kitab və nadir əlyazma nümunələri məhv edilib”.

Ermənistanın işğalı nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda dağıdılan muzeylər, məscidlər, abidələr tək Azərbaycan xalqının mədəni irsinə deyil, bütün İslam dünyasına, ümumilikdə isə, bəşər mədəniyyətinə qarşı vandalizm aktıdır.

İşğaldan azad olunmuş ərazilərimizin bərpa olunması həm də mədəni irsimizin bərpası prosesindən keçir. Aparılan monitorinqlər abidələrin hərtərəfli öyrənilməsi, həyata keçiriləcək infrastruktur layihələrinin icrası və kommunikasiyaların qurulması zamanı tarixi abidələrin bərpasının uyğun formada təmin edilməsinə yardımçı olacaq.

Mədəni irsin bərpası zamanı abidələrin ilkin simasına qaytarılması, bədii-estetik xüsusiyyətlərinin qorunması və onların bugünkü şəhərsalma prosesi çərçivəsində nəzərə alınması əsas məsələdir. Bu məqsədlə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Belə ki, son illər ümumilikdə 368 tarixi abidənin pasportu hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə 6308 tarix və mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülmüşdür. Bu il isə 110 tarix-mədəniyyət abidəsinin pasportu hazırlanaraq təsdiq edilib. Pasportlaşdırılan abidələrdən 15-i Azərbaycan Respublikasının vaxtilə işğal altında qalmış ərazilərində yerləşən tarix-memarlıq abidələridir ki, bu da müstəqilliyimizin bərpasından sonra işğaldan azad olunmuş ərazilərimizdə yerləşən abidələrimizə verilən ilk pasportlardır. Həmin pasportlar hələ işğal dövründə arxiv materialları, tarixi sənədlər, fotolar və internet resursları əsasında hazırlanıb.

Pasportları hazırlanan tarix-memarlıq abidələri Şuşa şəhərində yerləşən Yuxarı Gövhərağa, Aşağı Gövhərağa və Saatlı məscidləri, Xan qızı Natəvanın evi, Mehmandarovların malikanə kompleksi, Hacıqulların malikanəsi, Əsəd bəyin mülkü, Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası, Şirin su hamamı, Ağdam şəhərində Qutlu Musa oğlu türbəsi, Cümə məscidi, Kəlbəcər rayonunda Gəncəsər və Xudavəng monastırları, Laçın rayonunda Malik Əjdər türbəsi və Xocavənd rayonunda yerləşən Amaras monastırıdır. Pasportlaşdırma və mühafizə zonalarının müəyyən edilməsi istiqamətində görülən işlər davam etdirilir. Cari il üçün pasportlaşma üzrə 155, mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə isə 108 layihənin hazırlanması nəzərdə tutulur ki, onlardan 42 abidənin pasportunun hazırlanmasına və 10 abidənin mühafizə zonasının müəyyənləşdirilməsinə işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri daxil edilib.

Müharibə gedən ölkədə dağıntılar, itkilər mütləqdir. Lakin ermənilər işğal etdiyi Azərbaycan torpaqlarında maddi və mədəni dəyərlərimizi, tarixi abidələrimizi bilərəkdən və kortəbii şəkildə məhv etmişlər. Bu addımı atanların isə bir adı var: “vandal”. Erməni vandalları törətdikləri hərəkətlərə görə isə yalnız beynəlxalq hüquqi müstəvidə deyil, həm də tarix qarşısında da cavab verməli olacaqlar.

 Mehparə ƏLİYEVA,

 “Respublika”.