M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçidən
Məktublar

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin çoxminlik kollektivi adından və şəxsən öz adımdan Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Uzun illərdir ki, Siz elmin və təhsilin inkişafı, ölkələrimizin universitet və akademik ictimaiyyətinin səmərəli tərəfdaşlığının təkmilləşdirilməsi məsələlərinə diqqətlə yanaşırsınız. Sizin sayənizdə minlərlə aydın məqsədli və istedadlı gəncin biliklərə yiyələnməsi üçün bütün sərhədlər açılıb, Rusiya və Azərbaycan Respublikasının təhsil və elm sahəsində əməkdaşlığı genişlənir, möhkəmlənir, birgə layihələr və təşəbbüslər həyata keçirilir, Moskva Universitetinin qabaqcıl elmi məktəbləri ilə Azərbaycanın aparıcı akademik və təhsil mərkəzlərinin qarşılıqlı faydalı akademik əlaqələri güclənir.

Bu xoş fürsətdən istifadə edərək, bizim əməkdaşlığımıza diqqətli və səmimi münasibətinizə görə Sizə təşəkkür etmək istəyirəm. Moskva Dövlət Universitetinin Bakı şəhərindəki filialı bütün fəaliyyəti dövründə dövlətlərimiz arasında elmin və təhsilin inkişafı, sülh və harmoniya naminə uğurla xidmət edir.

Möhtərəm İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən uğurlar, möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

 Viktor Sadovniçi

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik