NAFTALANDA ŞƏHİD VƏ QAZİ ÖVLADLARI İLƏ BİRGƏ BAYRAM ŞƏNLİYİ
Region

NAFTALANDA ŞƏHİD VƏ QAZİ ÖVLADLARI İLƏ BİRGƏ BAYRAM ŞƏNLİYİ

Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı əsasında “Chinar Hotel & SPA Naftalan”da şəhid və qazi ailələri ilə İlaxır çərşənbə bayramı münasibətilə tədbir təşkil olunub.  Tədbirdə şəhid və qazi ailələri, şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri və  digər məsul əməkdaşlar iştirak edib. İlk öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Şahnaz xanım Haşımova, Azərbaycan Rəqs Kubokunun qalibi, “Cahid” rəqs ansamblı, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş Muğam müsabiqəsində Qran-Pri mükafatına layiq görülmüş Tunar Salahov geniş konsert proqramı ilə çıxış ediblər. Həmçinin hotelin həyətində şəhər rəhbəri,  şəhid və qazi övladları birgə ağac əkiblər.

Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti, Keçəl və Kosanın şən zarafatları tonqal ətrafına yığışan uşaqlar tərəfindən böyük coşqu ilə qarşılanıb, uşaqlara xoş bayram əhvali-ruhiyyəsi bəxş edib.

Şəhid ailələri və qazilər ölkədə yaradılan əmin-amanlığa, firavan və xoş günlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnnətdarlıqlarını ifadə etmişlər. Həmçinin respublikanın inkişafı, tərəqqisi, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə dövlət başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya uğurlar arzulayıblar.

Zabit XƏLİLOV,

“Respublika”.