Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir
Digər xəbərlər

Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir

Cəmiyyətdə "ağ ölüm" adı ilə tanınan narkomaniya bəşəriyyət üçün dövründə böyük fəsadlar verən taun xəstəliyi kimi, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir. Xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan xəstəliyi olaraq hər bir insanı düşündürür.

Narkomaniyanın ictimai təhlükəliliyi insanların fiziki və psixi sağlamlığının ciddi şəkildə pozulmasında, onlarda ruh düşkünlüyünün, intellektual səviyyənin, ictimai fəallığın aşağı düşməsində, sosial əlaqələrin daralmasında və parçalanmasındadır. Narkotiklərdən istifadə nəticəsində psixi xəstəliklərə düçar olan, cəmiyyətdə tüfeyli həyat sürən narkomanlar tərəfindən ictimai təhlükəli əməllərin, o cümlədən cinayət əməllərinin törədilməsi hallarına tez-tez rast gəlmək olur. Buna görə də narkomaniyanı kriminogen amil hesab etmək olar. Məhkəmə-istintaq təcrübəsində narkotik eyforiya və ya abstinent sindrom vəziyyətində narkomanların ən müxtəlif xarakterli cinayətlər törətməsi barədə çoxsaylı faktlar vardır.

Narkomaniya xəstələrində narkotiklərin qəbulunun dayandırılması və dozanın azaldılmasından bir müddət sonra inkişaf edən fiziki və psixi pozulmalar abstinent sindromuna gətirib çıxarır. Bu, fiziki asılılıq sindromunun tərkib hissəsidir. Narkotiklərə alışmış orqanizmin abstinent sindrom zamanı yaranan ağrı hisslərindən azad olmaq arzusu o dərəcədə güclüdür ki, bu zaman narkotik əldə etmək xatirinə insan yalana, oğurluğa, hətta adam öldürməyə belə əl ata bilər.

Narkotik maddələrin gənc nəsil arasında yayılmasının qarşısını almaq məqsədilə dünyanın bir çox ölkələrinin qəbul etdiyi milli proqramlarda nəzərdə tutulan müddəalar uğurla yerinə yetirilir, həyəcan təbili səsləndirirlər. Qəbul edilən milli proqramlara əsasən təhsil ocaqlarının, ictimai təşkilatların əsas vəzifələrindən biri narkomaniyaya qarşı maarifləndirmə və təbliğat işinin aparılmasıdır. Bu mübarizə işi kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə həyata keçirilir. Narkomaniya bəşəriyyətin ən qorxulu və təhlükəli bəlasına çevrilib. Eyni zamanda bəşəriyyətin ən qorxulu xəstəliklərinin mənbəyi də elə narkomaniyadır. Qorxulu, ona görə ki, bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. Narkotikdən asılılıq narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə yaranır. Tibbi təcrübələr göstərir ki, narkomaniya ilə mübarizə aparmaq çox çətindir. O bəladan xilas olmaq çox az insana qismət olur. Narkotikə qurşanmış əksər insanlar isə bu bataqlıqda məhv olublar. Narkotik, ilk növbədə narkomanın sağlamlığına ziyan vurur. Narkomaniyanın yaratdığı ən geniş yayılmış xəstəlik "Hepatit B"dir ("Hepatit B" xəstəliyi qaraciyər iltihabına səbəb olan çox təhlükəli xəstəlikdir). Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar da bununla tez-tez rastlaşırlar. Bu zaman hər bir xəstəliyə yoluxmaq olur, o cümlədən də "HİV" və "QİÇS" xəstəliyinə. Narkotik maddələrdən asılılıq narkomaniyaya düçar olmuş şəxslər arasında digər böyük bir problemə - İİV/QİÇS virusuna yoluxmasına gətirib çıxarır. Təhlillər bir daha sübut edir ki, İİV/QİÇS-ə yoluxma hadisəsi narkomanlar arasında daha tez baş verir. Bunun narkomanlar arasında yayılmasına ən çox narkotik maddənin hazırlanması üçün lazım olan iynə, şpris və ya digər yoluxmuş alətlərin birgə istifadəsi səbəb olur.

Narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli bir prosesdir. Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bir çox cinayətin törənmə səbəbləri arasında birinci sıralarda yer alan narkomanlığa aludəçilik həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkotizmin vəziyyəti və narkotik vasitələrin ümumi çəkisi rəsmi qaydada aşkar edilmiş cinayətlərdən və müsadirə edilmiş narkotiklərdən başqa, təqribi hesablamalara da əsaslanır. Bu rəqəmlərin dolğun olması üçün ölkədə əvvəlcə narkomanların düzgün qeydiyyatına nail olunur, daha sonra isə real əməliyyat şəraitinə uyğun tədbirlər keçirilir.

Ümummilli liderimiz Heydər Əliyevin "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərmanı və digər qanunlar, fərmanlar, normativ-hüquqi aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirmişdir.

Yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması ölkəmizdə də ümumxalq hərəkatına çevrilib. Ümummilli liderimiz Heydər Əliyevin 2000-ci ilin 15 iyul tarixli Fərmanı ilə 2000-2006-cı illəri əhatə edən narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə Milli Proqram qəbul edilmiş, həmçinin xüsusi Dövlət Komissiyası yaradılmışdı. Ölkə rəhbərinin imzaladığı "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan məsələlərin həlli istiqamətində uğurlu addımlar atılır. Bu, dövlət başçısının dəhşətli bəlaya qarşı mübarizə sahəsində həyata keçirdiyi məqsədyönlü siyasətin yalnız bir hissəsi kimi dəyərləndirilməlidir. Hər şeydən öncə, narkotizmlə və narkobizneslə mübarizə cəmiyyətin sağlamlığının qorunması zərurətindən irəli gəlir. 20 ildən artıqdır ki, Azərbaycan narkomaniyanın Yer kürəsində yayılmasının qarşısının alınmasına dair BMT-nin üç konvensiyası ətrafında dünya ölkələri ilə sıx əməkdaşlıq şəraitində mübarizədə öz köməyini əsirgəmir.

Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır. Əhalinin sağlamlığının yüksək səviyyədə qorunması da prioritet məsələlərdəndir.

Azərbaycanın gələcəyi kimi dəyərlənləndirilən gənclərimizə diqqət və qayğı isə daha mühüm vəzifə kimi qeyd edilir. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində, idmana marağın artırılması naminə inşa olunan idman komplekslərinin tikilməsində də əsas məqsədlərdən biri sağlamlığın təmin edilməsi ilə yanaşı, insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır. Azərbaycan gəncliyinin bu gününə və gələcəyinə xidmət edən Dövlət proqramlarının müddəalarında da bu kimi tələblər öz əksini tapmışdır. Hər bir qurum üzərinə düşən məsuliyyəti lazımi səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə nail olmağa öz töhfəsini vermiş olar.

Məktəbli, azyaşlılar və yeniyetmələr arasında narkomaniyanın profilaktikası mütləq və aydın başa düşüləcək tərzdə olmalı, narkomaniyanın profilaktikası yeniyetmələr tərəfindən çox ciddi qəbul olunmalı və birmənalı olaraq onlarda narkotiklərdən uzaq durma mövqeyini formalaşdırmalıdır. Narkomaniyaya qarşı profilaktika sistematik olmalı və kütləvi xarakter daşımalıdır. Buna görə də narkomanlığa qarşı vaxtında aparılmış keyfiyyətli profilaktik tədbir çox vacibdir. Bu, profilaktika böyüməkdə olan gənc nəslə aid maarifçilik işinin ayrılmaz hissəsi olmalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: Bu məqsədlə də narkomanlığın cəmiyyətə zərərinə dair silsilə tədbirlərin keçirilməsi, maarifləndirmə işinin səviyyəsinin yüksəldilməsi vacib məsələdir. Həmçinin asudə vaxtın səmərəliliyi üçün müxtəlif məşğələlər təşkil edilməli, "Narkomaniyaya yox" adlı aksiyalar, elmi-praktiki konfranslar keçirilməli, tədris-təlim proqramlarına narkomanlığın sağlamlığa mənfi təsiri ilə bağlı mövzular daxil edilməli, kütləvi idman tədbirlərinin keçirilməsi üçün müvafiq şərait yaradılmalı, əyani təbliğat vasitələrindən geniş istifadə olunmalıdır. Məktəblilər və yeniyetmələr arasında cinayətkarlığın, mənfi meyilli amillərin qarşısını almaq məqsədilə ümumtəhsil məktəblərində təşkil olunan tədbirlərdə, dəyirmi masalarda narkomaniyanın bəşəriyyət üçün böyük faciə olduğunu özündə əks etdirən mövzular ətrafında geniş fikir mübadiləsi aparılmalı, orta məktəblərdə inşa yazı və rəsm müsabiqələri təşkil olunmalı, gənclərin bu təhlükəli cinayətlə bağlı fikir və mülahizələri öyrənilib buna uyğun tədbirlər hazırlanıb həyata keçirilməlidir. Keçirilən tədbirlər üçün seçilən mövzular da olduqca önəmlidir. Çağırış xarakterli mövzular narkomaniyanın bir bəla olduğunu gənclərə daha əsaslı şəkildə çatdırmağa stimul verir. Ən əsası bu tədbirlər kütləvi informasiya vasitələrində işıqlandırılmaqla əhəmiyyətini daha da artırmış olardı. Hər bir tədbirdə adları çəkilən qurumların təmsilçilərinin iştirakı, üzərlərinə düşən vəzifələrdən geniş bəhs etmələri və konkret nəticələri ortaya qoymaları növbəti tədbirlərin istiqamətini və əhatə dairəsini daha da genişləndirməyi bir növ tələbə çevirməlidir.

Cəmiyyətdə "ağ ölüm" kimi tanınan, bəşəriyyət üçün böyük fəsadlar verən, xalqın, millətin təhlükə mənbəyinə çevrilən, xalqların genofonduna sarsıdıcı zərbələr vuran, ümumbəşəri bəlaya çevrilmiş narkomaniyaya (geniş mənada narkotizmə) qarşı hər birimiz barışmaz mövqe tutmaqla bu istiqamətdə mübarizəmizi əsirgəməməliyik.

Namiq MURADOV,

Quba rayon prokuroru,

baş ədliyyə müşaviri.