Nataliya Qavrilitsa: Biz Azərbaycan təbii qazının Moldovaya təchizatı imkanlarını müzakirə etmək niyyətindəyik
MÜSAHİBƏLƏR

Nataliya Qavrilitsa: Biz Azərbaycan təbii qazının Moldovaya təchizatı imkanlarını müzakirə etmək niyyətindəyik

Moldovanın Baş naziri Nataliya Qavrilitsa Azərbaycana rəsmi səfəri ərəfəsində AZƏRTAC-a eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik.

–Xanım Baş nazir, ilk növbədə, müsahibəyə razılıq verdiyinizə görə sizə təşəkkür edirik. Azərbaycana rəsmi səfəriniz barədə nə deyə bilərsiniz? Bu səfər iki ölkə arasında əməkdaşlığın inkişafına necə töhfə verəcək?

–Mən, ilk növbədə, gözəl ölkənizə dəvətə görə Azərbaycan tərəfinə təşəkkür etmək istərdim. Səfər çərçivəsində biz Azərbaycan Respublikasının rəsmiləri ilə məzmunlu danışıqlar aparmağı planlaşdırırıq. Həmçinin ticarət-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclası, nazirlik və idarələrdə, maraqlı biznes strukturlarının platformalarında görüşlər keçiriləcək.

Bakıda olmağım kontekstində xüsusilə qeyd

etmək istərdim ki, bu il ikitərəfli əlaqələrimiz üçün yubiley ilidir. May ayında biz diplomatik münasibətlərimizin qurulmasının 30 illiyini qeyd etdik. Sevindirici haldır ki, bu il ikitərəfli siyasi dialoq üçün çox zəngindir. Mənim rəsmi səfərimlə yanaşı, bu il Moldova Respublikası Parlamentinin sədri İqor Qrossu, Baş nazirin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku və Baş nazirin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spınu da Azərbaycana səfər ediblər.

Moldova-Azərbaycan siyasi dialoqunun davam etdirilməsində və ən müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətimizin genişləndirilməsində ümumi marağımız baxımından biz siyasi və iqtisadi sahələrdə əməkdaşlığın dinamik inkişafı, eləcə də qarşılıqlı fəaliyyətin yeni perspektiv istiqamətlərinin təşviqi üçün yaxşı zəmin yaradırıq. Təbii ki, səfərin buna tam töhfə verəcəyinə böyük ümidlər bəsləyirik.

–Moldova Respublikası Azərbaycanla enerji sahəsində əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Səfəriniz zamanı Azərbaycandan təbii qaz idxalı imkanı müzakirə olunacaqmı?

–Moldova Respublikasının hazırda üzləşdiyi enerji böhranı kontekstində biz enerji sektorunda əməkdaşlığa, qarşılıqlı fəaliyyətin yeni perspektivli addımlarının axtarışına xüsusi diqqət yetiririk. İndi də, əvvəlki kimi, biz Moldova tərəfinin təbii qazın təchizatı mənbələrinin və marşrutlarının diversifikasiyasında maraqlı olduğunu təsdiqləyirik, çünki ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi ölkə rəhbərliyinin əsas prioritetlərindən biridir. Azərbaycan Respublikasının qərb istiqamətində mavi yanacağın ixracını artırmaq niyyətini nəzərə alaraq, biz Azərbaycan təbii qazının Moldovaya təchizatı imkanını müzakirə etməyə hazırlaşırıq.

Eyni zamanda, biz elektrik enerjisi sahəsində bəzi birgə layihələrin inkişafı, Azərbaycan neft məhsullarının Moldovaya idxalı imkanını müzakirə edəcəyik.

–Moldova-Azərbaycan münasibətlərinin gündəliyinə hansı perspektivli məsələlər daxildir?

–Qeyd etdiyim kimi, Moldova tərəfi siyasi dialoqun ən yüksək səviyyədə genişləndirilməsinə açıqdır. Əminik ki, yüksək səviyyəli təmaslar ölkələrimiz arasında iqtisadi əməkdaşlığın intensivləşdirilməsi üçün əlavə impulsdur.

Son illərdə ölkələrimiz arasında ticari mübadilə sahəsində müəyyən artım olsa da, ikitərəfli əməkdaşlığın mövcud potensialını əks etdirmir və biz ikitərəfli ticarət əlaqələrinin daha da genişlənməsinə dəstək vermək niyyətindəyik. Daha bir mühüm istiqamət investisiya layihələrinin birgə həyata keçirilməsidir.

Bizim aqrar sahədə də yaxşı əməkdaşlığımız vardır və son dövrdə bu sahədə əlaqələr yeni istiqamətdə inkişaf edir. Moldovalı mütəxəssislər azərbaycanlı həmkarlarına üzümçülüyün və şərabçılığın inkişafında uğurla kömək edirlər. Biz Moldovaya mineral gübrələrin təchizatını artırmaqda maraqlıyıq.

Əlbəttə ki, Moldova və Azərbaycan xalqları arasında ənənəvi dostluq və sıx əlaqələr kontekstində mədəniyyət, turizm və humanitar sahələrdə münasibətlərimizin daha da dərinləşdirilməsinə ümid edirik.

Əminəm ki, bizim ikitərəfli qarşılıqlı münasibətlərimizin müsbət dinamikası davam edəcək və dərinləşəcək. Biz azərbaycanlı həmkarlarımızı və dostlarımızı Moldova Respublikasında görməkdən şad olardıq.

AZƏRTAC