Natiq Məmmədov
Sosial həyat

Natiq Məmmədov

Natiq məktəbdə təhsil alarkən müxtəlif kitablardan oxuyub öyrənmişdi ki, erməni daşnakları ayrı-ayrı dövrlərdə türklərə xəyanət toru hazırlamış, öz bəd əməllərini həyata keçirmək məqsədilə dəfələrlə əlləri müsəlman qanına batmış, xalqımıza çalın-çarpaz dağ vurmuşlar. Hətta Natiq ermənilərin alçaqlığı, zəhərli ilan tək olmaları barədə kənd ağsaqqallarından dəfələrlə qəlb göynədən epizodlar eşitmişdi. Ona görə də faşist xislətli ermənilərə qarşı Natiqin qəlbində nifrət, kin yuva salmışdı. Ürəyi isə nə vaxtsa daşnak quldurlardan intiqam almaq ilə çırpınırdı.

Natiq Məmmədov Azərbaycanın dilbər guşələrindən olan Zaqatalanın Əli Bayramlı kəndində dünyaya göz açmışdı. Məktəbli çantasına "Əlifba" kitabı qoyub I sinfə gedərkən sevincdən özünü göyün yeddinci qatında hiss edirdi.

Hər gün dərsdən sonra atası Bəşir oğlu Natiqlə üzbəüz əyləşib onun dərsləri ilə maraqlanır, verdiyi sualların cavabları onu razı salardı.

Natiq Məmmədov çalışqan idi. Elmi biliklərlə mükəmməl silahlanmağa maksimum səy göstərərdi. Hətta ictimai işlərdə də fəallığı ilə seçilərdi.

Natiq kənddəki orta məktəbin rus bölməsində təhsil alırdı. Səkkizinci sinfi bitirdikdən sonra, təhsilini Qax rayonundakı 3 saylı texniki-peşə məktəbində davam etdirmiş, mexanizator ixtisasına yiyələnmişdir. O, bir müddət "Dağıstan" kolxozunda çalışmış, sevimli peşəsində zəngin təcrübə toplamış, verilən hər bir tapşırığı keyfiyyətlə yerinə yetirmişdir.

Natiq Məmmədov 1993-cü ilin may ayında Zaqatala Rayon Hərbi Xidmətə Çağırış İdarəsi tərəfindən Milli Ordu sıralarına çağırılmış, Bakıdakı hərbi hissələrdən birində təlim keçmişdir. Bu, o vaxtlar idi ki, Azərbaycan əraziləri erməni daşnakları tərəfindən intensiv atəşə məruz qalır, erməni quldurlar hər vasitə ilə "dənizdən dənizə böyük Ermənistan" xülyasını reallaşdırmağa çalışırdılar. Lakin Azərbaycanın igid, şahin oğulları erməni hücumlarının qarşısını cəsarətlə alırdılar.

Natiq Məmmədov düşmənə qarşı ölüm-dirim savaşında şəxsi igidlik göstərir, müxtəlif kəşfiyyat işlərinin uğurla həyata keçirilməsində həmişə düşməni çaşbaş salır, heç vaxt ölümündən qorxmurdu.

4 oktyabr 1994-cü ildə xüsusi təyinatlı əsgərlər Gəncə şəhərinə gətirilir. Həmin dövrdə şəhərdə özbaşınalıq hökm sürürdü. Silahlı dəstələr Gəncədə dövlət çevrilişinə cəhd göstərirdi. Qiyamları yatırmaq üçün hərbi hissənin əsgərləri döyüş hazırlığına gətirilmişdi. Natiq də bu əməliyyatda iştirak edirdi. O, vəzifə borcunu yerinə yetirərkən dövlətçiliyimiz yolunda öz canını qurban verdi.

Natiq Məmmədovun son mənzili Zaqatala rayonunun Əli Bayramlı kəndindəki qəbiristanlıq idi.

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı Fərmanı ilə Məmmədov Natiq Bəşir oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Zaqatala rayonundakı Əli Bayramlı kəndindəki uşaq bağçası N.Məmmədovun adını daşıyır.

Qədir ASLAN,

"Respublika".