“Navahı çörəyi”nin ətri
Bölgələr

“Navahı çörəyi”nin ətri

Altmışıncı illərin sonunda məşhur rus jurnalisti o dövrün nüfuzlu mətbu orqanlarından olan “İzvestiya” qəzetində  çap etdirdiyi məqaləni elə belə də adlandırmışdı: “Navahı çörəyi”... Məqalədən belə aydın olurdu ki, jurnalist Bakıdan Tiflisə gedəndə yol yoldaşları ilə birgə Navahı kəndindəki yeməkxanalardan birində nahar edir. Süfrəyə gətirilən kəhrəba rəngli buğda unundan bişmiş təndir çörəyinin ətri, dadı qonağa xoş təsir bağışlayır. “Bu çörəyin buğdası, yəqin, Rusiyadan gəlir, qonaq deyir”... İzah edirlər ki, xeyr, bu çörəyin buğdası elə bu kəndin - Navahının özünündür. Jurnalist: “Bura düzəngah yerdir, nə çay, nə göl gözə dəymir. Dəmyə şəraitində belə keyfiyyətli buğda yetişdirmək əslində  çətin olmalıdır”... Yenə izah edirlər:

- Əraziyə öz mənbəyini Şamaxı dağlarından götürən Pirsaat çayı gəlir. Navahı, qonşuluqda olan Rəncbər, Qubalı Baloğlan, Atbulaq, Pirsaat, Qızılburun kəndləri üçün də həmin çayın suyu suvarmaya bəs edir.

Qonaq təbii ki, onu maraqlandıran başqa şeylər də soruşur və Rusiyaya qayıtdıqdan sonra gözəl bir məqalə qələmə alır.

Doxsanıncı illərin əvvəllərində bu məqalə barədə mənə Hacıqabul rayonununun Navahı kəndində  sovxoz direktoru işləyən  Əlikram Cəbrayılov danışdı. Jurnalistin buradan keçdiyi illərdə sovxoz Salyan rayonunun tabeçiliyində imiş, sonra Hacıqabulun tərkibinə keçib. Təkcə Hacıqabulda deyil, respublikada ən iri ətçilik-südçülük təsərrüfatlarından olan Navahı sovxozunun yetişdirdiyi buğdanın dadı-tamı dünyanın heç bir yerində ola bilməz.

Bakıdan cəmisi yüz kilometr aralıda olan Navahı kəndi bizim söhbət etdiyimiz o vaxtlarda, sözün əsl mənasında, abad bir qəsəbəni xatırladırdı. Kənddə  yetkin, mükəmməl təsərrüfatla yanaşı, hər cür infrastruktur yaradılmışdı. Mədəniyyət evi, kitabxana, iki orta məktəb, xəstəxana, poçt, stadion... Navahının “Gənclik” futbol komandası respublika birinciliklərində iştirak edirdi. Kəndin mərkəzində, süni gölün üstündə tikilmiş restoran ərazidə  ən yaxşı iaşə obyekti hesab olunurdu. Kənddəki vəzifə sahiblərinin evinə Bakıdan telefon xətti çəkilmiş, nömrələr verilmişdi. Bakı-Navahı avtobus marşrutu sərnişinlərin ixtiyarında idi.

Şair təbiətli Əlikram Cəbrayılov doğma kəndin “çörəkli kənd” olduğundan ürəkdolusu danışır, məni taxıl sahələri ilə tanış edir, bu yerlərin nə vaxtsa naşı əllərə düşəcəyindən narahatlıq keçirirdi. Biz onunla Pirsaat su anbarına da birgə tamaşa etdik. 1964-cü ildə tikilən və 16 milyon kubmetr su tutumu olan anbar, sözün əsl mənasında, coşub-daşırdı.

-Anbar dolanda artıq su arxla kəndlərə paylanır, həmin arx Bakı-Tiflis magistralının altından keçib Xəzərə tökülür.

Dünyanın ən böyük xoşbəxtliklərindən biri bol su imiş. Aradan illər keçib. Əlikram müəllim haqq dünyasına qovuşub. Navahı kəndi həm qəsəbə, həm də kənd statusu ilə iki yerə bölünüb. Navahıda taxılçılığın vəziyyəti necədir, məşhur “Navahı çörəyi”nin ətri yenə əvvəlki tək bu çörəyi dadanlara xoş təsir, xoş ovqat bəxş edir?

Jurnalist marağı ilə bu suala cavab axtarmaq istədik. Navahı kənd ərazi nümayəndəsi Mail Tapdıqovdan eşitdiyimiz cavab bir elə ürəkaçan olmadı:

-Kənddə 2450 nəfər əhali, 450 təsərrüfat var. Bu ilin məhsulu üçün 2300 hektarda taxıl əkmişdik. Əksəriyyəti susuzluqdan məhv olub getdi. Daha taxılçılığa maraq qalmayıb. Pirsaat çayı demək olar ki, qurumaq üzrədir. Şirvandan gələn arxdan su götürüb  heyvan-qaraya veririk.

Qlobal istiləşmənin fəsadları bir vaxtlar coşub-daşan dağ çaylarını su üzünə həsrət qoymaqdadır. Lakin iqtisadi gücə malik olan ölkəmizdə bütün çətinliklərə əncam çəkildiyi kimi, Navahı və onun ətrafındakı kəndlərin də su probleminə köməklik göstəriləcək.

Hacıqabul Suvarma Sistemləri İdarəsinin rəisi İbrəhim İbrəhimovla söhbət məhz belə bir nikbinlik  yaratdı:

-1964-cü ildə tikilən Pirsaat su anbarının 16 milyon kubmetr həcmində sututumu var idi. İndi il ərzində anbara toplanan su ilə cəmisi 800-900 hektar ərazini suvarmaq mümkün olur. Dövlətimiz bu problemi aradan qaldırmaq yollarını müəyyən etmişdir. Kür çayından çəkilən yeni su xətti istifadəyə verildikdən sonra Navahı və ətraf kəndlərə su normal qaydada  çatdırılacaq. Saniyədə 3 kubmetr suvurma gücündə olan nasos stansiyası, yamaclara qaldırılan 7,5 kilometr uzunluğunda boru kəmərləri hazır vəziyyətdədir. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi uzun illər boyu  lilləndiyindən sututumu azalan Pirsaat su anbarında yenidənqurma işləri aparacaq. Şübhə yoxdur ki, bu mühüm tədbirlərdən sonra Navahı və digər kəndlərin su təminatı yaxşılaşacaq.

Hacıqabul rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov uzun müddət rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Ərazini yaxşı tanıyır. O da bir vaxtlar mətbuatda dərc olunan “Navahı çörəyi” adlı məqaləni oxuyub. Sahib müəllim deyir:

- Navahı buğdasının şöhrəti həmişə dildə-ağızda gəzib. Tanrı Azərbaycan torpağının hər qarışına bir-birindən fərqlənən gözəl nemətlər yetirmək qüdrəti bəxş edib. Mən Navahının  əkin sahələrini qarış-qarış gəzmişəm. Həmin ərazidə “Hacı Haşım yeri” adlanan sahə var. Aqronomlar deyirdilər ki, bu sahədə bitən buğda unundan yapılan  çörəyin ətri, rahiyyəsi son dərəcə qeyri-adidir, bir neçə metr kənardan adamda xoş ovqat yaradır.

Tezliklə bu ovqat həm Navahı kəndinin sakinlərinə, həm də bu kəndin bir addımlığından keçən magistral yolun müsafirlərinə qismət olacaq, necə ki həmin duyğu  bir vaxtlar yad qonağın ilham mənbəyinə çevrilmişdi.

Tofiq HÜSEYN,

“Respublika”.