Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi ilə görüşüb
Siyasət

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi ilə görüşüb

Dekabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi general-mayor Zəkəriyə Yalçınla görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri yeni vəzifəyə təyin olunması münasibətilə qonağı təbrik edib, Azərbaycan-Türkiyə münasibətlərinin hərbi sahədə uğurla davam etdirildiyini diqqətə çatdırıb. İkinci Qarabağ müharibəsinin qazanılmasında Türkiyənin tutduğu ədalətli mövqedən və Türkiyə Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsindəki rolundan bəhs edən Ali Məclisin Sədri bunu dostluq və qardaşlıq əlaqələrinin nəticəsi kimi dəyərləndirib, əlaqələrin bundan sonra da inkişaf edəcəyini vurğulayıb.

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi general-mayor Zəkəriyə Yalçın səmimi qəbula görə minnətdarlıq edib, dost və qardaş ölkə olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasında olmaqdan məmnunluğunu bildirib. Zəkəriyə Yalçın bu gün ölkə prezidentləri tərəfindən qardaşlıq münasibətlərinin daha da inkişaf etdirildiyini və hərbi sahədə əməkdaşlığın genişləndirilməsində səylərini artıracağını qeyd edib.

Sonda xatirə şəkli çəkdirilib.

AZƏRTAC