Naxçıvanda elmi-praktik konfrans
Elm və təhsil

Naxçıvanda elmi-praktik konfrans

"Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev"

Dünən Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə "Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev" mövzusunda elmi-praktik konfrans keçirilib.

Naxçıvan şəhərində təşkil olunan konfransda əvvəlcə Dövlət Himni və vəkil marşı səsləndirilib, şəhidlərimizin əziz xatirəsi yad edilib.

Konfransı açan Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib ki, Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin rəhbərliyi ilə bu sahədə aparılan islahatlar, qəbul edilən qanunlar vəkillik peşəsinin inkişafı üçün atılan çox önəmli addımlar idi.

Sədr konfransın Azərbaycanın vəkillik tarixi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Anar Bağırov təşkilati dəstəyə görə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə xatirə hədiyyəsi təqdim edib.

Ədliyyə naziri Daşqın Rəhimov çıxış edərək bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan hüquqi islahatlar müasir mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir. Ölkəmizin hərtərəfli inkişaf etməsi, insan hüquq və azadlıqları sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq hüquqi islahatların keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin yaradıb.

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin müavini Əsgər Novruzov çıxışında deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra insan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilib. Respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşulub, ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olunub, bu sahədə xüsusi Dövlət Proqramı hazırlanaraq həyata keçirilməyə başlanılıb.

Naxçıvan Muxtar Respublikasının Ombudsmanı Günay Rzayeva vurğulayıb ki, 1995-2003-cü illər ərzində Ümummilli Lider Heydər Əliyev tərəfindən ümumilikdə 3104 məhkuma şamil edilməklə, 32 əfv fərman və sərəncamı imzalanıb. Eyni zamanda, Ulu Öndər Heydər Əliyev Azərbaycanda amnistiya aktlarının qəbulunu da mütərəqqi ənənəyə çevirmiş və onun təşəbbüsü ilə 7 amnistiya aktı qəbul edilmişdir. Bu amnistiya aktları 77 mindən artıq insana şamil olunmuş və nəticədə həbsdən azad edilmiş insanlar ailələrinə və cəmiyyətə qovuşmuşdur.

"Hesab edirəm ki, hər kəs peşəkar vəkillərin formalaşmasında rol oynamalıdır. Prokurorluq orqanları muxtar respublikada vəkillik sahəsində həyata keçiriləcək islahatlara dəstək məqsədilə səmərəli münasibətləri davam etdirəcək. Hesab edirəm ki, qarşılıqlı münasibətlər ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda aparılan islahatlara da öz müsbət töhfəsini verəcək". Bu fikirləri konfransda çıxış edən Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev söyləyib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında Azərbaycan Vəkillər Kollegiyası ilə Naxçıvan Dövlət Universiteti arasında imzalanan memorandumun əhəmiyyətinə toxunub. Rektor deyib ki, bu əməkdaşlıq hüquq ixtisasında təhsil alan tələbələrin inkişafını sürətləndirəcək və ilkin peşə təcrübələrinə yiyələnmələrinə yaxşı imkanlar açacaq.

Naxçıvan Vəkillər Kollegiyasının sədr əvəzi Behbud Səfərov fəaliyyətlə bağlı Naxçıvan Vəkillər Kollegiyasında geniş müzakirə aparıldığını, nöqsanların diqqətə çatdırıldığını bildirib, işdə buraxılan nöqsanların aradan qaldırılması üçün səylə çalışacaqlarını vurğulayıb.

Naxçıvan Mediasiya Təşkilatının direktoru Yusif Həsənov bildirib ki, ötən müddət ərzində icraatda 2095 iş olub, onlardan 854-ü üzrə barışıq imzalanıb: "Mediasiya fəaliyyətə başlayanda vahid koordinasiyanın olmaması və digər bu kimi problemlərlə qarşılaşmışıq. Həm hakimlərlə, həm də vəkillərlə müzakirələr aparılıb, problemlər aradan qaldırılıb. Mediasiyanın inkişafı üçün KİV-də təqdimat işləri aparırıq və əhaliyə əlçatanlığı təmin etməyə çalışırıq".

Çıxışlardan sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 5 illik fəaliyyəti barədə hesabat filminin nümayişi olub.

Konfransdan sonra Vəkillər Kollegiyasının inzibati binasında pulsuz hüquqi yardım aksiyası keçirilib.

Ülvi QARAYEV,

“Respublika”.