Naxçıvanda keçirilən I Beynəlxalq Tibbi Forumun iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər
Sosial həyat

Naxçıvanda keçirilən I Beynəlxalq Tibbi Forumun iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər

Muxtar respublikada keçirilən I Beynəlxalq Tibbi Forumun iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, gül dəstələri qoyub, hörmət və ehtiramlarını ifadə ediblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev qonaqlara mədəniyyət müəssisəsi barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əks etdirən muzey 1999-cu il mayın 10-dan fəaliyyət göstərir. Muzey yarandığı dövrdə 420 eksponatla fəaliyyətə başlasa da, bu gün muzey fondunda 5379 eksponat mövcuddur. Muzeyin kitabxanasında Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar mühafizə və nümayiş olunur.

Muzeyin direktoru iştirakçılara Ümummilli Liderin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər, dahi rəhbərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində olarkən imzaladığı qərarlar, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, xatirə əşyaları və digər dəyərli eksponatlar barədə ətraflı məlumat verib. Ümummilli lider Heydər Əliyev və türk millətinin böyük oğlu Mustafa Kamal Atatürkün həyat yolu və siyasi fəaliyyəti ilə bağlı oxşar məqamlar qonaqların diqqətinə çatdırılıb.

Qonaqlar muzeyin xatirə kitabına ürək sözlərini yazıb, xatirə şəkli çəkdiriblər.

AZƏRTAC