Naxçıvanda “Türkiyə motivləri
Sosial həyat

Naxçıvanda “Türkiyə motivləri" adlı fotosərgi açılıb

Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu, Türkiyə Fotomüxbirləri Dərnəyi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə Türkiyənin gözəlliklərini, tarixi, təbii və mədəni zənginliyini əks etdirən fotolardan ibarət "Türkiyə motivləri" adlı fotosərginin açılış mərasimi keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov, nazirlik, komitə və təşkilat rəhbərləri, muxtar respublika ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar və tələbələr iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, fotosərginin təşkili Qars müqaviləsinin imzalanmasının 101-ci ildönümünə təsadüf edir və Türkiyə-Azərbaycan qardaşlığının, birliyinin daha bir göstəricisi kimi diqqəti cəlb edir. Sərgidə nümayiş etdirilən fotolarda Türkiyənin füsunkar təbiət mənzərələri, müasirliyi, tarixi binaları peşəkarlıqla əks etdirilib. Burada incəsənət bütün növlərinə xarakterik olmaq baxımından fotoqrafın seçim bacarığı, şəxsi üstünlükləri, zövqü aydın görünür və bu da fotoqrafiyanın incəsənətin bir qolu olduğunu bir daha göstərir. Fotolara diqqətlə baxanda təbiətin və insan əlinin yaratdığı möcüzələrə qarşı böyük sevgi və məhəbbət hissləri yaranır.

Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz çıxışında qeyd edib ki, bu gün təşkil olunan sərgidə dünyanın müxtəlif şəhərlərində sərgilənən, müsabiqələrdə seçilmiş fotolar yer alıb. Bu fotolar, eyni zamanda, Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə 2022-ci il martın 11-13-də keçirilən Antalya Diplomatiya Forumunun iştirakçılarına da təqdim olunub. Türkiyənin Naxçıvandakı Baş konsulu bu fotoları Naxçıvanda sənətsevərlərə təqdim etməkdən məmnunluq ifadə edib. Vurğulayıb ki, sərgi iştirakçıları Türkiyənin əsrarəngiz motivlərini əks etdirən bu fotoşəkillərdə ölkənin gözəlliklərini, onun zəngin mədəniyyətini bir daha görəcəklər.

Qars müqaviləsinin 1921-ci il oktyabrın 13-də imzalandığını xatırladan Məhmət Emin Kiraz bildirib ki, bu tədbirin məhz bu gün keçirilməsi dostluğa, qardaşlığa söykənən əlaqələrimizin bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində də sürətlə inkişaf etdiyini göstərir. Baş konsulu qeyd edib ki, anlaşmazlıqlara son qoyan Qars müqaviləsinin imzlanması ilə regionda sülh və sabitlik dövrü başlandı. Eyni zamanda, bu müqavilə ilə Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha tərəfdaş dövlətlər tərəfindən təsdiq edildi. Qars müqaviləsi həm də Türkiyə-Azərbaycan münasibətlərinin nə qədər qədim tarixə, dərin köklərə malik olduğunu bir daha göstərdi. Əminik ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbənin bəxş etdiyi sabitlik fonunda sülh müqaviləsi bağlanacaq və bölgəmizdə əmin-amanlıq hökm sürəcək.

Məhmət Emin Kiraz çıxışının sonunda sərgiyə ev sahibliyi etdiyi üçün Rəssamlar Birliyinə təşəkkürünü bildirib.

Sonra sərgiyə baxış olub. Fotosərgidə Ozan Gözəlcə və Şəbnəm Coşkunun "İstanbul", İskəndər Səlçukun "Van", Məhmət Aslanın "Rize", Əhmət Harmancının "Artvin", Mətin Öztürkün "Trabzon", Rza Özəlin "Ərzurum", Ərdəm Şahinin "Antalya" və digər fotoqrafların əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanıb. 36 fotoqrafın çəkdiyi 44 fotoşəkilin nümayiş etdirildiyi sərgi bir həftə davam edəcək.

AZƏRTAC