Naxçıvanda Vətən Müharibəsi Qəhrəmanlarının ailə üzvləri ilə görüş olub
Sosial həyat

Naxçıvanda Vətən Müharibəsi Qəhrəmanlarının ailə üzvləri ilə görüş olub

İyulun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş və “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid polkovnik-leytenant Anar Əliyevin və şəhid kapitan Nihad Babayevin ailə üzvləri ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr və 15 dekabr tarixli sərəncamları ilə şəhid polkovnik-leytenant Əliyev Anar Vaqif oğluna və şəhid kapitan Babayev Nihad Akif oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildiyini və “Vətən uğrunda” medalları ilə təltif olunduqlarını qeyd edib, şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib.

Ali Məclisin Sədri deyib: Şəhidlərimizin hər ikisi hərbi təhsil almış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusunda 2014-cü ildən zabit kimi xidmət etmişlər. Fəaliyyətləri dövründə zabit şərəfini ləyaqətlə qorumuş, təltiflər almış və bu müddətdə xidmətləri ilə hörmət qazanmışlar. Ali Məclisin Sədri bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə torpaqlarımızın azad olunması uğrunda başlanan İkinci Qarabağ müharibəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları və Naxçıvandan olan könüllülər də iştirak etmiş, şəhidlərimiz və qazilərimiz olmuşdur. Vətən müharibəsi iştirakçılarının, şəhidlərimizin və qazilərimizin xidmətləri yüksək qiymətləndirilmiş, onlar təltif olunmuşlar. Təltif olunanların bir hissəsinə orden və medallar təqdim edilmişdir. Bu gün təltif olunanların hər ikisi isə Vətən Müharibəsi Qəhrəmanlarıdır. Bu ad İkinci Qarabağ müharibəsinin ən yüksək təltifidir.

Ali Məclisin Sədri şəhidlərin ailə üzvlərinə vətənpərvər övladlar yetişdirdiklərinə görə təşəkkür edib, Vətənə xidməti ən ali vəzifə hesab edən qəhrəman şəhidlərimizin həm dövlətimizə, həm də ailələrinə başucalığı gətirdiyini vurğulayıb.

Sonra Ali Məclisin Sədri “Vətən Müharibəsi Qəhrəmanı” adının döş nişanı və vəsiqəsini, eləcə də “Vətən uğrunda” medallarını şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyevə və şəhid kapitan Nihad Babayevin atası Akif Babayevə təqdim edib.

Şəhid Anar Əliyevin atası Vaqif Əliyev minnətdarlıq edərək deyib: “İkinci Qarabağ müharibəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da böyük şücaət göstəriblər. Dövlətimiz tərəfindən bütün şəhidlərin, eləcə də mənim övladımın yüksək ad və medalla təltif olunması şəhid ailələrinə göstərilən diqqətin bariz nümunəsidir”.

Şəhid Nihad Babayevin atası Akif Babayev də ailə üzvləri adından minnətdarlıq edərək deyib: “Naxçıvandan olan hərbi qulluqçular da ərazi bütövlüyümüzün bərpa olunmasında qəhrəmanlıq göstərib, torpaqlarımız düşmən tapdağından azad olunub. Bu yolda mənim də övladımın payının olması çox qürurvericidir”.

AZƏRTAC