Nazir Ceyhun Bayramov:Azərbaycan Ermənistanla danışıqlarda hər zaman açıq siyasət həyata keçirir
MÜSAHİBƏLƏR

Nazir Ceyhun Bayramov:Azərbaycan Ermənistanla danışıqlarda hər zaman açıq siyasət həyata keçirir

Prezident İlham Əliyev 30 illik işğala son qoyulandan və üçtərəfli Bəyanat imzalandıqdan qısa müddət sonra tarixin bu səhifəsinin üzərindən keçməyin vacibliyini və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində ciddi addımlar atmağa hazır olduğunu bəyan edib. Ona görə də Azərbaycan Ermənistanla sülh müqaviləsi ilə bağlı təkliflərini irəli sürüb.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Ermənistan ötən bir il ərzində bu məsələ ilə bağlı Azərbaycanın addımlarına adekvat cavab verməyib. Bu il fevralın 21-də Azərbaycan tərəfi Ermənistana daha spesifik və konkret sənəd göndərib ki, bu sənəd iki dövlət arasındakı münasibətlərin normallaşmasını nəzərdə tutan beş təməl prinsipi özündə ehtiva edir. Dövlətimizin təklif etdiyi prinsiplər beynəlxalq hüquqa əsaslanır və Azərbaycan tərəfi bu barədə ictimaiyyətə geniş məlumat verib. Yəni, biz bu addımla xoş niyyətimizi növbəti dəfə nümayiş etdirmişik. Ermənistan tərəfindən isə həmin təkliflərə tam uyğun olmasa da, ümumi xarakterli cavab verilib. Bizim gözləntimiz isə bir qədər fərqlidir. Onu da qeyd etmək lazımdır ki, bir neçə gündür Ermənistanın yüksək səviyyəli rəsmiləri tərəfindən bu istiqamətdə müsbət mesajlar alırıq. Tərəflər arasında olan əlaqələr normasını ümumilikdə müsbət dəyərləndiririk", - deyə nazir qeyd edib.

Ceyhun Bayramov, həmçinin bildirib ki, Azərbaycan tərəfi danışıqlarda hər zaman açıq siyasət həyata keçirir. Hesab edirik ki, aprelin 6-na təyin olunmuş görüş Azərbaycan tərəfinin mövqeyini açıq ifadə etməsi üçün növbəti imkandır.

AZƏRTAC