Nazir Fərid Qayıbov Bakının kənd və qəsəbələrində idman mərkəzlərinə baxış keçirib
İdman

Nazir Fərid Qayıbov Bakının kənd və qəsəbələrində idman mərkəzlərinə baxış keçirib

Gənclər və idman naziri Fərid Qayıbov Bakı şəhərinin kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb. Maştağa və Yeni Suraxanı qəsəbələrinin futbol meydançalarına baxış keçirən nazir mövcud şəraitlə bağlı fikir mübadiləsi aparıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Buzovna, Binə və Pirallahı qəsəbələrində idman zallarının fəaliyyəti ilə maraqlanan nazir idmançıların məşq prosesini izləyib, onlarla və məşqçilərlə söhbət edib. İdman zallarının imkanlarından daha səmərəli istifadə olunması istiqamətində mütəxəssislərlə müzakirələr aparıb, tövsiyələrini verib.

Nazir F.Qayıbov, həmçinin Yeni Suraxanı qəsəbəsində yerləşən Şahmat Məktəbinin, Yeni Günəşlidə minifutbol meydançasının vəziyyəti və fəaliyyəti ilə də maraqlanıb.

Bakı şəhər Tibbi Bədən Tərbiyəsi Dispanserinin fəaliyyəti ilə tanışlıq zamanı isə burada idmançılara göstərilən tibbi xidmət barədə fikir mübadiləsi aparılıb. Pirallahı qəsəbəsində yeni inşa edilmiş Gənclər Mərkəzinin binasına da baxış keçirilib.