Nazir Rəşad Nəbiyev Qaxda vətəndaşlarla görüşüb
Region

Nazir Rəşad Nəbiyev Qaxda vətəndaşlarla görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sentyabrın 12-də Qax şəhərində vətəndaşları qəbul edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdən əvvəl nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Vətəndaş qəbulunda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının sakinləri iştirak ediblər.

Qəbulda vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb.

Nazir Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal həllini tapıb.

Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin sentyabr ayı üzrə şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən nazir Rəşad Nəbiyevin sentyabrın 9-da Qaxda nəzərdə tutulan vətəndaşların qəbulu dəyişdirilərək sentyabrın 12-nə keçirilmişdi.

AZƏRTAC