Nazir Rəşad Nəbiyev Quba şəhərində vətəndaşlarla görüşüb
Sosial həyat

Nazir Rəşad Nəbiyev Quba şəhərində vətəndaşlarla görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin avqust ayı üzrə şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən avqustun 5-də Quba şəhərində vətəndaşlarla görüşüb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdən öncə nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Vətəndaş qəbulunda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb.

Nazir Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal həllini tapıb.

Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

AZƏRTAC