NƏ QƏDƏR İSTƏYİRLƏR BANLASINLAR
Siyasət

NƏ QƏDƏR İSTƏYİRLƏR BANLASINLAR

Fransız əhli kef eləyir demirik. Buna heç lüzum da yoxdur. Çünki özünün ikiüzlüyü, xəbis və qərəzli uydurduqları yalan və böhtanlarla palçığa batan Parisi deyəsən dərviş “partladır”. Başları qalmaqallardan qurtulmur. Dünya mediasında Parisdə baş verən növbəti olaylar barədə xəbərlər yer alır. Yüzlərlə kürd Fransanın paytaxtı Parisdə nümayiş keçirir. Xarici mediada verilən məlumatlara görə, nümayiş dekabrın 23-ü kürd icmasının 3 nümayəndəsinin Parisdə güllələnərək öldürülməsi ilə bağlıdır. Belə ki, həmin gün yaşlı bir şəxs Parisdə kürdlərin mədəniyyət mərkəzinin yaxınlığında küçədə atəş açıb. Hadisə nəticəsində 3 kürd aktivist dünyasını dəyişib, daha 3 nəfər isə yaralanıb. Polis hadisəni törədən şəxsi saxlayıb. O, ilkin ifadəsində millətçi olduğundan belə bir addım atdığını qeyd edib. İnsidentdən sonra kürd aktivistləri iki gün boyunca Parisin Respublika meydanında etiraz aksiyası keçirib. Aksiya daha sonradan iğtişaşa çevrilib. Aksiya iştirakçıları maşınları aşırmağa və yandırmağa başlayıb. Etirazçılar, həmçinin polis əməkdaşlarına müxtəlif əşyalar atıb. Bunun ardınca polis 11 aksiya iştirakçısını saxlayıb.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar PKK tərəfdarlarının Fransanın paytaxtı Parisdə həyata keçirdikləri terror aktları ilə bağlı açıqlama verib. H.Akar "Fransızların bəslədiyi ilan özlərini sancmağa başladı. Artıq hər kəs bu terror təşkilatının əsl üzünü görməlidir", - deyə bildirib. O, daha sonra qeyd edib: "Terrorçulara kömək və dəstək olmağın nə qədər çətin olduğunu gördülər".

Fransanın ikiüzlü mövqeyi uzun illərdir davam edir. Əvvəllər bu ölkənin erməni sevgisindən qaynaqlanan addımları daha çox pərdəarxası şəkildə həyata keçirilirdisə, Emmanuel Makronun hakimiyyətə gəlişi ilə vəziyyət dəyişib. Bu mövqenin arxasında təkcə Fransada erməni lobbisinin güclü olması dayanmır. Fransanın bu cür anti-Azərbaycan və anti-Türkiyə mövqeyi birbaşa Fransanın özünün regiondakı maraqları ilə bağlıdır. Ermənistan isə Fransanın öz maraqlarını təmin etməsi üçün bir alətdir.

Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi" adlı qətnamə Fransanın ermənipərəst mövqeyinin sübutudur. Nə qədər vasitəçilik təşəbbüsləri göstərən kimi görünmək istəsə də, bu ölkə hər zaman Ermənistanı dəstəkləyib. Senatın qəbul etdiyi qərar isə nəinki Ermənistanı dəstəkləməkdir, bütün beynəlxalq hüquq və prinsiplərə ziddir. Başdan-ayağa böhtan və iftiralarla dolu qətnamədə birmənalı şəkildə Azərbaycana qarşı düşmən münasibət var. Azərbaycana Ermənistan torpaqlarından geri çəkilmək, Laçın dəhlizindən çıxmaq kimi çağırışlar, qondarma rejimin tanınması kimi cəfəng fikirlərdən ibarət bu kağız parçası Fransanın həqiqi simasını göstərir. Fransa qanunverici orqanının öz seçicilərinə hörmətsizliyi davam edir. Ölkə senatı dövlətin marağını erməni lobbisinə qurban verir. Fransa Senatı bir daha beynəlxalq hüquqa hörmətsizlik etməklə terroru, iğtişaşı, münaqişəni, işğalı dəstəklədiyini, soyqırımı müdafiəçisi olduğunu nümayiş etdirib.

Fransa prezidenti Emmanuel Makronun beynəlxalq humanitar təşkilatların Qarabağ ərazisinə göndərilməsi çağırışı tamamilə əsassızdır və heç bir nəticə verməyəcək. Bu, bir daha göstərir ki, Emmanuel Makron hər bir vəchlə Cənubi Qafqaza müdaxilə etməyə və möhkəmlənməyə, Azərbaycanın suveren ərazisi olan Qarabağa soxulmağa çalışır. Sərhəd missiyası vasitəsi ilə bu planı həyata keçirməyə cəhd göstərən Makronun istəyi puç olduğundan, indi də humanitar təşkilatların əli ilə öz niyyətini gerçəkləşdirməyə çalışır. Bu, Fransanın Ermənistanla birgə hazırladığı məkrli plandır. Amma bu plan iflasa məhkumdur. Bu cür yanaşma BMT Nizamnaməsinin humanitar məsələlərlə bağlı müddəalarından sui-istifadədir. Hər hansı bir ölkənin ərazisinə humanitar missiya yalnız o ölkənin razılığı əsasında göndərilə bilər. Azərbaycan buna razılıq verməyib və belə bir niyyəti də yoxdur.

Fransa Azərbaycanla imzaladığı sənədə, deməli, üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik edib. Bu, qədim peşə sahiblərinin davranışını xatırladır. O da erməni “bacıları” kimi eyni məzhəbə qulluq edir. Daim ermənipərəst mövqeyilə seçilən bu ölkə Azərbaycanın Qarabağı azad etməsilə barışmaq istəmir. Rəsmi Paris hər vəchlə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına, sülh müqaviləsinin imzalanmasına əngəl olmağa çalışır. Özünü demokratiyanın beşiyi kimi təqdim etməyə cəhd göstərən Fransanın təxribatçı addımları regionda yeni təhlükələrin yaranmasına şərait yaradır.

Belə görünür ki, Fransa prezidenti öz ölkəsinin problemlərini düşünmək əvəzinə adətkarda olduğu fəaliyyətini riyakarlıqla davam etdirir. Demək olar ki, hər gün onun yeni yalan və böhtanlarını eşidirik. Adamın yadına xoruz banı düşür. Ay pipiyi qan xoruz, sən nə tezdən durursan. Qışqırıb banlayırsan. Onlara xoruz ifadəsini təkcə mən işlətmirəm. Bunu Rusiyanın xarici işlər naziri də deyib ki, xoruz fransızların, necə deyərlər, milli simvoludur. Ona görə də çox tez-tez xoruzlanırlar. Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər, yalanlar, böhtanlar yağdırırlar. Onsuz da hər zaman onların cavablarını veririk. Yenə də nəsə banlasalar, cavablarını verəcəyik. Bu bizi dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindəndə qəbul olunur.

Mustafa KAMAL,

"Respublika".