Neft hasilatı öhdəlikləri uğurla yerinə yetirilir
İQTİSADİYYAT

Neft hasilatı öhdəlikləri uğurla yerinə yetirilir

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) və Ekvatorial Qvineya (2017) qoşulub.

Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir. Hazırda OPEC-in 13 üzvü var (Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela).

Qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla “OPEC plus” formatında sıx əməkdaşlıq edir. “OPEC plus” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır. Azərbaycanın OPEC-lə əməkdaşlığı təşkilatın iclaslarında müşahidəçi statusunda iştirakı ilə aktivləşib. Dünya enerji bazarında neftin qiymətinin tənzimlənməsi məqsədilə 2016-cı il aprelin 17-də Qətərin paytaxtı Dohada OPEC-ə üzv və qeyri-OPEC neft hasil edən ölkələrin təmsilçilərinin toplantısı olub. Doha sammitində neft ixrac edən ölkələrin OPEC təşkilatının əksər üzvləri, habelə Azərbaycan və Rusiyanın nümayəndələri də iştirak ediblər.

Neftin qiymətinə təsir edən faktorların aradan qaldırılması, tələb-təklif balansının bərpasına yönəlik tədbirlərin görülməsi üçün bu müddət ərzində qlobal enerji dialoqları mühüm rol oynayıb. 15-ci Beynəlxalq Enerji Forumu, 23-cü Dünya Enerji Konqresi OPEC və qeyri-OPEC ölkələrinin bir araya gəlməsini təmin etməklə 28 sentyabr 2016-cı il tarixində OPEC-ə üzv ölkələrinin Əlcəzairdə keçirilən qeyri-formal görüşündə gündəlik neft hasilatının 32,5-33 milyon barel səviyyəsində dondurulması barədə ilkin razılığın əldə edilməsinə imkan yaradıb.

29 oktyabr 2016-cı il tarixində Vyanada OPEC-ə üzv və üzv olmayan dövlətlərin Yüksək Səviyyəli Komitəsinin birinci iclası keçirilib. İclas 21 ölkənin, o cümlədən qeyri-OPEC ölkələrindən 6 dövlətin (Azərbaycan, Braziliya, Qazaxıstan, Meksika, Oman və Rusiya Federasiyası) nümayəndə heyətlərinin iştirakı,   konstruktiv və məhsuldar müzakirələr ətrafında keçirilib. 30 noyabr 2016-cı il tarixində OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azadılması barədə sazişə imza atıb. İlin birinci yarısı üçün nəzərdə tutulmuş Vyana Bəyannaməsinə uyğun olaraq Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla 834 barel öhdəlik götürüb.

2017-ci il noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasını Azərbaycan da imzalayıb. Energetika Nazirliyi Vyana sazişi qüvvəyə mindiyi vaxtdan, yəni 2017-ci ilin yanvar ayından etibarən mütəmadi olaraq Azərbaycanın gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edir. OPEC tərəfindən Azərbaycan dəfələrlə saziş imzalanan vaxtdan indiyə qədər iştirakçılar arasında öhdəliklərini fəal icra edən və liderlik göstərən ölkə kimi qiymətləndirilib.

19 mart 2018-ci ildə Azərbaycanda səfərdə olan OPEC-in baş katibi Məhəmməd Barkindo Energetika naziri Pərviz Şahbazovla görüşmüş və görüşdə dünya neft sənayesinin hazırkı vəziyyəti, OPEC+ çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

21-23 iyun 2018-ci il tarixlərində Vyana şəhərində OPEC-in “Neft-Dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda 7-ci Beynəlxalq seminarı keçirilib. Energetika naziri Pərviz Şahbazov “Dünya iqtisadiyyatı üçün neftin gələcəyi” adlı beşinci sessiyada çıxış edib. Nazir OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 9-cu iclası və OPEC və qeyri- OPEC  nazirlərinin 4-cü görüşündə də iştirak edib. Görüşdə hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barel artırılması ilə bağlı əldə olunan razılaşmanı Azərbaycan da dəstəkləyib.

4-7 dekabr 2018-ci il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində OPEC-ə üzv və üzv olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclası və OPEC Nazirlər Şurasının 175-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 5-ci görüşü keçirilib. Nazirlərin V görüşündə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1.2 milyon barel azaldılması ilə bağlı razılaşma əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən neft hasilatını sutkada OPEC üzvləri 800 min barel, kartelə daxil olmayan ölkələr isə 400 min barel azaltmışlar. Azərbaycan da hasilatın azaldılması Sazişinə qoşulmuşdur.

17-18 mart 2019-cu il tarixlərində Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komissiyasının (JTC) 27-ci iclası və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilib. Tədbirdə 7 dekabr 2018-ci il tarixində OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 5-ci görüşündə qəbul edilmiş qərara uyğun götürülmüş öhdəliklərin icra vəziyyəti, neft bazarında baş verən dəyişikliklər müzakirə edilib.

19 may 2019-cu  il tarixdə Səudiyyə Ərəbistanının Ciddə şəhərində OPEC və qeyri-OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçirilib. İclasda aprel ayı üzrə neft hasilatı ilə bağlı Müştərək Texniki Komissiyanın hesabatı təqdim olunub.

1-2 iyul 2019-cu il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində OPEC-ə üzv və təşkilata daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclası və nazirlərin 6-cı görüşü keçirilib. Görüşdə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub və neft hasilatının azaldılmasına  dair razılaşmanın müddətinin daha 9 ay uzaldılması barədə razılıq əldə olunub. “Əməkdaşlıq Xartiyası”na Azərbaycan da qoşulub. “OPEC+” üzrə  neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin  icrası 2019-cu  ilin 1 iyul tarixindən 2020-ci ilin 31 mart tarixinədək nəzərdə tutulub.

“Əməkdaşlıq Xartiyası” 2016-cı ilin sonunda “OPEC+” ölkələri tərəfindən elan edilib. “Əməkdaşlıq Xartiyası”nın əsas məqsədləri neft hasilatçıları, istehlakçıları, investorlar və dünya iqtisadiyyatının xeyrinə neft bazarının  sabitliyi, texnologiya və digər sahələrdə əməkdaşlığın təşviqi məqsədilə iştirakçı ölkələr arasında dialoqun asanlaşdırılması, iştirakçı ölkələr arasında  neft bazarının qısa, orta və uzunmüddətli əsaslarını, o cümlədən inkişaf etməkdə olan qlobal enerji balansında neftə baxış barədə daha yaxşı anlayışın təşviq edilməsi, neftin uzunmüddətli istifadəsi üçün enerji siyasətinin dəstəklənməsi və s. ibarətdir.

6 dekabr 2019-cu il tarixdə Avstriyanın paytaxtı Vyana şəhərində OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 7-ci görüşü keçirilib. Görüşdə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da “OPEC plus” üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 milyon barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi “OPEC plus” ölkələri arasında proporsional qaydada aparılıb. Razılaşmaya qoşulan Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən 7 min barel də azaldıb. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından gündəlik hasilatı əvvəlki öhdəlikdən, yəni 776 min bareldən 7 min barel azaldaraq 769 min barel həcmində saxlamışdır.

Ötən il iyunun 6-da OPEC-ə üzv və qeyri-ölkələrin nazirlərinin videokonfrans formatında 11-ci iclası keçirilib. İclasda gündəlik neft hasilatının 9,7 milyon barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub. May-iyun aylarında öhdəliklərini tam yerinə yetirməyən ölkələrin isə hasilat göstəriciləri ilə kompensasiya etmələri razılaşdırılıb. 3 dekabr 2020-ci il tarixində OPEC-ə üzv və qeyri-üzv ölkələrinin nazirlərinin 12-ci iclasında gündəlik xam neftin hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 min barel azaldılması və “OPEC plus” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə gündəlik hasilatda artımın 0,5 milyon bareldən çox olmaması şərti ilə tənzimlənməsi barədə qərar qəbul edilib. Qərarı Azərbaycan da dəstəkləyib. 5 yanvar 2021-ci il tarixində “OPEC plus” ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neftin hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 milyon 125 min barel, martda isə 7 milyon 50 min barel təşkil edib. Yəni, “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən Azərbaycan gündəlik xam neft istehsalını mayda 8 min barel, iyunda 7 min barel, iyulda isə 10 min barel artırmışdır. Azərbaycanın yeni hesabat öhdəlikləri mayda 115 min barel, iyunda 108 min barel, iyulda isə 98 min barel təşkil edəcək. Ölkədə gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barel, iyunda 610 min barel və iyulda 620 min barel həcmində saxlanılması nəzərdə tutulmuşdur.

OPEC ölkələri digər neft ixracatçıları kimi spot bazarında istədikləri qiymət çərçivəsində resurslarını satmağa çalışır. Lakin bu fakt OPEC-in dünya bazarında neft qiymətlərinin formalaşmasındakı rolunu tam əhatə etmir. Təşkilat və onun dominat üzvü olan Səudiyyə Ərəbistanı istehsal kvotalarının həcmini artırıb-azaldaraq neft qiymətlərinə təsir edir. OPEC bazarda təklif razılığını qorumaq şərti ilə istehsal kvotalarını formalaşdırır. Tələb-təklif çərçivəsində neft qiymətləri OPEC və bu təşkilatın üzvü olmayan ölkələrin bazara çıxdığı neftin həcmindən asılıdır.

OPEC ilin birinci rübündə ABŞ və Avropada gözlənildiyindən daha az olan neft tələbatı OECD-yə üzv ölkələrinin illik neft tələbatının aşağı istiqamətli dəyişməsinə səbəb oldu. Bununla yanaşı, yeni növ koronavirus epidemiyası ilə bağlı məhdudiyyətlərin yumşaldılması, Amerika və Avropada aprel ayına dair müsbət göstəricilər, hərəkətliliyin artması və sərhədlərin açılması kimi amillər ilin birinci yarısında yaşanan mənfi inkişafları kompensasiya edərək ilin ikinci yarısında tələbatla bağlı gözləntilərin artmasına səbəb oldu. Bu səbəbdən cari ildə OECD ölkələrinin neft tələbatının gündəlik 2,7 milyon barel artacağı proqnozlaşdırılır.

Kamil İSMAYIL,

“Respublika”.