Neft strategiyası tərəqqiyə və rifaha xidmət edir
SİYASƏT

Neft strategiyası tərəqqiyə və rifaha xidmət edir

Azərbaycan iri həcmdə neft və qaz ixrac edən ölkələr arasında layiqli yer tutur. Sürətli sosial-iqtisadi yüksəliş dövrünü yaşayan respublikamızın dinamik inkişafı nəticəsində əldə edilmiş nailiyyətlər milli iqtisadiyyatı şaxələndirməklə bütün sahələrdə, o cümlədən neft sektorunda əsaslı irəliləyişlərə gətirib çıxarmışdır. Dünya neft sənayesinin inkişafında xüsusi mövqeyi ilə seçilən Azərbaycan müxtəlif ölkələrdə genişmiqyaslı investisiya layihələri həyata keçirməkdədir.

Müasir neft siyasətimiz ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Çünki məhz o, 1993-cü ildə xalqın təkidli xahişi ilə Azərbaycan rəhbərliyinə qayıdandan sonra ölkəmizdə vəziyyət sabitləşdi. Azərbaycan inkişaf yoluna qədəm qoydu və xarici investorlar bizə etibar etməyə başladı. Bu etibar olmasaydı, Azərbaycana heç kim sərmayə qoymazdı. Çünki Azərbaycan o vaxt çox riskli bir ölkə kimi tanınırdı və investorları buraya cəlb etmək üçün böyük səylər göstərilmişdi. Nəhayət, dünyanın nüfuzlu neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Təsadüfi deyil ki, bu kontraktın miqyasına və əhəmiyyətinə görə ona “Əsrin kontraktı” adı verilmişdir. “Əsrin kontraktı”nın imzalanmasından sonra Azərbaycana böyük həcmdə sərmayə qoyuluşu başlamışdır və sonra digər kontraktlar da imzalandı. “Əsrin kontraktı”nın çox böyük əhəmiyyəti var. Azərbaycanın neft-qaz resursları, eləcə də “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılacaq neft-qaz bundan sonra da uzun illər ərzində Azərbaycan xalqına, dövlətinə xidmət göstərəcək.

Müstəqillik uğrunda gedən mübarizədə neft amili həmişə ön planda olub. Neft amili bu gün də Azərbaycanın müstəqilliyinə, onun dünyada layiqli yer tutmasına xidmət edir və bu işdə fədakar neftçilərimiz əsl qəhrəmanlıq nümunələri göstərirlər. İnkaredilməz bir həqiqətdir ki, onların uzun illər ərzində qazandıqları zəngin təcrübə respublikamızın gələcək inkişafı üçün müstəsna əhəmiyyət kəsb edir. Dünyanın böyük neft şirkətləri ilə bağlanmış müqavilələrin reallaşması bunu əyani surətdə sübut edir.

Neft sektoru, iqtisadi sahədə inkişafdan söhbət açarkən Azərbaycan Prezidenti cənab İlham Əliyevin belə bir fikrini xatırlamaq yerinə düşərdi: “Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik. Çünki Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı məsələdir. İqtisadi imkanları bizə məhz neft strategiyamız yaratmışdır”.

Xəzərin dərinliklərində yerləşən sahələrdə kəşfiyyat quyularının qazılması məqsədilə “Dədə Qorqud”, “İstiqlal” qazma qurğuları təmir və modernizə edilərək “Azəri-Çıraq-Günəşli” yataqlarında birgə aparılan işlər nəticəsində 6 kəşfiyyat quyusu qazıldı, bunların sayəsində sonradan neft ehtiyatları 30 faizdən çox artırıldı. Bu qurğular 1996-cı ildə yaradılmış “Kaspian Drillinq Kompani” müştərək müəssisəsinin tərkibində “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” yataqlarında öz işlərini uğurla davam etdirirlər.

2006-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirildi və Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlandı. 2007-ci ildə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyə sərhədindən aşaraq qardaş ölkənin qaz kəmərləri sisteminə daxil oldu.

Bu müqavilə Azərbaycan dövlətinə ölkənin ictimai-siyasi və iqtisadi institutlarına xarici ölkələrin maliyyə və texnoloji resurslarından geniş istifadə etmək imkanı qazandırdı. Müqavilə çərçivəsində həyata keçirilən transmilli layihələr Cənubi Qafqaz və Xəzər hövzəsinin digər dövlətləri ilə müqayisədə Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi dəyərini artırdı, xarici ölkələrlə tərəfdaşlıq münasibətlərinin inkişafına və dərinləşməsinə mühüm təsir göstərdi.

Müasir Azərbaycanın nümunəsi əyani şəkildə bir daha təsdiq etdi ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” ilə Azərbaycanda yeni neft strategiyası başlanmış və ötən müddətdə uğurla həyata keçirilmişdir. Bu strategiya ölkəmizin müstəqil gələcəyinin dünya dövlətləri ilə strateji tərəfdaşlığını, iqtisadi inkişafının uğurlu nəticələrini, beynəlxalq və regional aləmdəki aparıcı rolunu təmin etmiş və Azərbaycanın dünyanın qabaqcıl ölkələri sırasına çıxmasına təkan vermişdir.

2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Ukrayna, Serbiya, Şimali Kipr respublikaları rəhbərlərinin iştirakı ilə Cənub Qaz Dəhlizinin 2000 kilometrlik hissəsinin TANAP adı ilə məşhur olan Trans-Anadolu Təbii Qaz Kəmərlərinin təntənəli açılışı oldu. Beləliklə də “Şahdəniz” qazının Cənubi Qafqaz ixrac boru kəməri və TANAP vasitəsilə Türkiyəyə nəqlinə başlandı.

Bir sözlə, Azərbaycan Respublikası və onun neft-qaz sənayesi “Əsrin müqaviləsi”ndən ötən 27 ildə əsrə bərabər inkişaf yolu keçmiş, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilmişdir.

Ceyhun MƏMMƏDOV,

“Azpetrol LTD” MMC-nin baş direktoru,

Yeni Azərbaycan Partiyasının üzvü.