Neftçala: Məqsəd pambığı tez və itkisiz yığmaqdır
Region

Neftçala: Məqsəd pambığı tez və itkisiz yığmaqdır

Neftçala rayonunda  fermerlərin  dediklərinə  görə, əvvəlki  illərlə  müqayisədə  bu  il  daha  çox  məhsul  gözlənilir. Yüksək  məhsul  əldə  etmək  üçün  əkin  sahələrində  aqrotexniki  becərmə  qaydalarına   ardıcıl  və  düzgün  əməl  olunub,  alaq  otlarına  və  ziyanvericilərə  qarşı  kimyəvi  mübarizə  tədbirləri  vaxtında  aparılıb,  bitkilər  tələbata  uyğun  optimal  müddətdə  mineral  gübrə  və  suvarma  suyu  ilə  təmin  edilib.
Ölkə başçısının kənd təsərrüfatı sahəsinə olan diqqət və qayğısını, tapşırıq və tövsiyələrinin davamı olaraq bu il Neftçala rayonunda 6949 hektar sahədə pambıq əkini həyata  keçirilib.
Əkilən pambıq sahələrinin becərilməsində yüzlərlə insan cəlb edilib və onların məşğulluğu təmin olunub. Pambıq sahələrinə göstərilən lazımi aqrotexniki qulluq nəticəsində pambıq tarlalarında bol məhsul yetişdirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, Neftçala SSİ-nin, Neftçala DAİM-in, “MKT İstehsal Kommersiya” MMC-nin məsul şəxsləri və fermerlərin iştirakı ilə pambıq sahələrinə baxış keçirilib, pambıq yığımına start verilib. Pambıq sahəsində fermerlər ilə görüş keçirən Neftçala RİH başçısı Mirhəsən Seyidov onları narahat edən məsələlərlə maraqlanıb.  Aidiyyəti  təşkilatlara müvafiq tapşırıqlar verilib. Pambıq yığımında Rayon İcra Hakimiyyətinin xüsusi nəzarətinin gücləndirilməsi, gündəlik mövcud qrafiklərin hazırlanması, suvarma zamanı sudan səmərəli istifadə, fermerlər arasında ədalət meyarının qorunması məsələsinə xüsusi diqqət çəkilib. Pambıq məhsulunun bu il hər hektar üçün 40 sentnerə çatdırılması fermerlərlə müzakirə olunub. Sahələrdə defolyasiya işləri aparıldıqdan sonra isə pambıqyığan kombaynlarla yığıma kütləvi şəkildə başlanılacağı tarixlərə xüsusi nəzarətin həyata keçirilməsi tapşırılıb.  Mütəxəssislərin  dediklərinə  görə,  havaların  çox  isti  keçməsi  ilə  əlaqədar  defolyasiya  tədbirlərinə  cari  mövsümdə  ötən  illə  müqayisədə  xeyli  tez  başlanılıb.  Hazırda rayonda pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə bütün maşın və mexanizmlərin hazır vəziyyətə gətirilməsi tapşırılıb.
Fermerlər yaradılan şəraitə, kənd təsərrüfatı sahəsinə göstərilən diqqətə və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Hazırda pambıq yığımına 35 ədəd pambıqyığan kombayn, 902 nəfər işçi qüvvəsi cəlb olunub və 1237,24 ton pambıq yığımı həyata keçirilib.

          Ərəstun ABDULOV,

         “Respublika”.