Neftçala: Şəhidin döyüş yolu
Region

Neftçala: Şəhidin döyüş yolu

Azərbaycan Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları orden və medallarla təltif edilib. Xüsusi Təyinatlı Qüvvələrin şəhidi kiçik gizir Mənəfov Şahmar Vidadi oğlu “Qarabağ” ordeninə layiq görülüb.

Ordenin təqdim olunması üçün şəhidin ailəsi rayon rəhbərliyi tərəfindən ziyarət olunub. Ordenin təqdim olunmasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və ağsaqqallar iştirak edib.

Söhbət zamanı rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirdi ki, bu gün Azərbaycan xalqı Şahmar kimi oğullarla fəxr edir. Onun keçdiyi döyüş yolu, onun qəhrəmanlığı gənclərimizə örnəkdir. Yaşadığımız bu sevincli günlər üçün şəhidlərimizə, qazilərimizə və döyüşçülərimizə borcluyuq.

Şəhidin atası Vidadi Mənəfov oğlunun xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyinə və göstərilən diqqətə, qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ailələri adından öz dərin minnətdarlığını bildirdi. Sonda şəhidin döyüş yolunu əks etdirən videokadrlar izlənildi.

Ə.ABDULOV,

“Respublika”.