Neftlə çirklənmiş ərazilərin təmizlənməsi Azərbaycanın ekoloji siyasətinin prioritetidir
Ekologiya

Neftlə çirklənmiş ərazilərin təmizlənməsi Azərbaycanın ekoloji siyasətinin prioritetidir

Görülən tədbirlər nəticəsində Bakı və Abşeron yarımadası böyük yaşıllıq zonalarına çevrilir

Əhalinin sağlamlığının,  ərzaq təhlükəsizliyinin təmin olunmasında ətraf mühitin,  ekologiyanın çox mühüm rolu nəzərə alınaraq ekoloji tarazlığın qorunması yönündə ölkəmizdə ardıcıl və səmərəli dövlət siyasəti həyata keçirilir. Ətraf mühitin çirklənməsinin minimuma endirilməsi,  ekoloji vəziyyətin yaxşılaşdırılması və mühafizəsi dövlətimizin bu yöndə siyasətinin əsas istiqamətlərindəndir.

Respublikamızda ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması ulu öndərimiz Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olmuşdur. Bu gün Azərbaycanın inkişaf strategiyasının prioritet istiqamətlərindən biri də təbiətin mühafizəsini,  ekoloji vəziyyətin yaxşılaşdırılmasını və vətəndaşların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Əsası ulu öndər tərəfindən qoyulmuş bu strategiya onun layiqli davamçısı,  Prezident cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, ekoloji tədbirlərin davam etdirilməsi çox önəmlidir. Son illər ərzində həm Bakı şəhərində,  həm bölgələrdə bu istiqamətdə çox böyük işlər görülmüş,  Bibiheybət buxtasının təmizlənməsi işləri də uğurla başa çatmışdır. Vaxtilə Bibiheybət ərazisi də  bir ekoloji fəlakət mənzərəsi idi. Artıq burada gözəl parklar istifadəyə verilib. Birinci Avropa Oyunları yarışlarının bir hissəsi məhz burada keçirilibdir. Ərazidə həmçinin idman qurğuları,  jurnalistlər üçün yüksəkmərtəbəli çoxmənzilli binalar, həmçinin ictimai obyektlər tikilib,  Bayraq Meydanından ta Bibiheybət buxtasınadək yaşıllıq zonaları,  bulvar salınıbdır.

Ətraf mühitə mənfi təsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün bir sıra vacib tədbirlər həyata keçirilir.Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Abşeron yarımadası və Xəzər dənizinin bütün sahilboyu hissəsində neftlə çirklənmiş torpaqların təmizlənməsi və sağlam ətraf mühitin bərpa olunması istiqamətində böyük addımlar atır.

2017-ci il mayın 1-də Prezident cənab İlham Əliyev Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında bu məsələyə toxunaraq demişdir:“Mən 10 il bundan əvvəl Dövlət Neft Şirkətinə göstəriş vermişdim ki,  onilliklər ərzində çirklənmiş Bibiheybət ərazisini,  buruqların ətrafını təmizləsinlər,  neft gölməçələrini qurutsunlar,  bu zonada böyük yaşıllıq zolaqları salınsın və onlar bu işlərə başladılar. Bu yerlərin foto və videogörüntüləri əlbəttə ki,  vaxtilə müxtəlif dərgilərdə,  jurnallarda,  qəzetlərdə dərc edilmişdi. Hətta məşhur Ceyms Bondun filmlərindən biri də burada çəkilmişdir.Əgər o filmə baxsanız görərsiniz ki,  buradakı mənzərə nə gündə idi. Bura ekoloji fəlakət zonası idi. Ancaq bu gün bura şəhərimizin ən abad yerlərindən biridir.Burada yaşıllıqlar salındı,  ağaclar əkildi,  eyni zamanda,  neft buruqları da öz fəaliyyətini davam etdirir. Burada belə gözəl neft məktəbi,  idman şəhərciyi,  Su İdmanı Sarayı yaradıldı,  bax,  o binalar jurnalistlər üçün tikilmişdir.

... Bibiheybət ekoloji fəlakət zonasının abadlaşdırılması,  təmizlənməsi bir daha onu göstərir ki,  biz qara qızıl kapitalını insan kapitalına qoyuruq. Çünki siz gənclərin bəlkə də yadında deyil,  on il bundan əvvəl Bakının havası tam fərqli idi. Bir tərəfdən bax bu ərazidə buxarlanan neft,  digər tərəfdən isə indiki “Ağ şəhər” ərazisindəki neft tullantıları havanı çirkləndirirdi. Həmin ərazidə təmizləmə işləri nəticəsində bir metrdən çox neft çöküntüləri çıxarıldı. İndi “Ağ şəhər” müasir ekoloji layihəyə çevrilib. Balaxanı zibilxanası da fəlakət zonası idi. Orada yandırılan zibil şəhərimizin səmasına zəhərli tüstü buraxırdı. Həmin ərazi də təmizləndi. Sonra Böyükşor gölü. Bu göldən İkinci Dünya müharibəsi zamanı açıq rezervuar kimi istifadə olunurdu,  onun kənarında neft qoxusundan dayanmaq mümkün deyildi. İndi bu gölə quşlar qonur. Budur bugünkü Azərbaycan. Biz neftlə çirklənmiş bütün əraziləri təmizləyirik və təmizləyəcəyik. Bakı bu gün parklar,  bağlar şəhəridir,  təmiz hava şəhəridir”.

Azərbaycanda əhalinin sürətlə artması,  yeni yaşayış sahələrinin salınması yararlı tоrpağa оlan tələbatını artırmışdır. Bu tələbatı ödəmək,  ətraf mühiti qоruyub mühafizə etmək,  bağçılıq və yaşıllıq zоnalarının salınması məqsədilə neft və çirklənmiş tоrpaq sahələrinin rekultivasiyası və sağlamlaşdırılması istiqamətində aparılan hər bir tədbir müasir dövrdə ən aktual prоblemlərdən biridir.Azərbaycanda neft və neft məhsulları ilə çirklənmiş tоrpaqlar  əsasən Abşerоn yarımadasında geniş sahədə  yayılmışdır.

Bakı və Abşeron yarımadasının ekoloji vəziyyəti bu vaxta qədər də daim diqqət mərkəzində olmuşdur. Ölkə əhalisinin təqribən 40%-i və sənaye potensialının 70%-i Abşeron yarımadasında cəmləşdiyindən respublikamızda həlli vacib olan ekoloji problemlərin əksər hissəsi də bu ərazidə toplanmışdır. Abşeron yarımadasının başlıca problemlərindən biri torpaqların çirklənməsi ilə bağlıdır. Ekoloji problemləri yaradan əsas səbəblər neft-qaz hasilatı və qazma işləri zamanı torpaqların neft və lay suları ilə çirkləndirilməsi,  uzun illər ərzində lay sularının idarə olunmaması səbəbindən neftlə çirklənmiş süni göllərin və gölməçələrin yaranması,  neft emalı zamanı əmələ gələn tullantıların ərazilərdə toplanmasından ibarətdir.

Neft və neft məhsulları ilə çirklənmiş torpaqların sağlamlaşdırılması üçün müasir dövrdə mexaniki (fiziki-kimyəvi),  bioloji,  kimyəvi,  termik və biotexnoloji üsullar tətbiq olunur. Dünya ölkələrində bu üsulların qarşılıqlı kombinasiyası əsasında torpaqların rekultivasiyasının 27 forması işlənilmiş və tətbiq olunmaqdadır.

Bu gün nəinki Azərbaycanın,  hətta dünya neft sənayesinin beşiyi sayılan "Bibiheybət" yatağında da neft-qaz hasilatı ilə yanaşı,  yaşıllaşdırma və abadlıq işləri davam edir. SOCAR-ın "Azneft" İstehsalat Birliyi (İB) "Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsi (NQÇİ) tərəfindən yataqda 2006-cı ildən etibarən ekoloji layihələr həyata keçirilməkdədir. Belə ki,  2006-2020-ci illər ərzində NQÇİ-də sovetlər dönəmindən qalmış neftlə çirklənmiş ərazilərdə daxili imkanlar hesabına və podratçı təşkilatlar cəlb edilməklə 320 hektar mədən ərazisində rekultivasiya və torpaqların bərpası işləri həyata keçirilib. Hər il yaz-payız aylarında keçirilmiş ənənəvi iməciliklər zamanı bərpa edilmiş mədən ərazilərdə,  eləcə də sahələrin,  inzibati binaların ətrafında müxtəlif növ ağac,  gül kolları əkilib,  həmçinin mütəmadi olaraq yaşıllaşdırma sahələrində ağaclara aqrotexniki qulluq göstərilir.

Prezident İlham Əliyev 2017-ci il aprelin 26-da Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanışlığı zamanı demişdir: “Bu gün isə bizim neftimiz xalqımıza xidmət edir,  dövlətimizi gücləndirir. Bax,  bütün bu ərazi hələ də neft buruqları ilə doludur və birinci quyu da burada qazılmışdır. Bu ərazinin fotoşəkilləri,  videogörüntüləri var. Onlar  yaxın tarixin görüntüləridir. Bura ekoloji fəlakət zonası idi. Hər tərəfdə neft gölməçələri,  köhnə buruqlar var idi,  ərazi neftlə çirklənmişdi. İndi bu ərazi şəhərimizin ən abad yerlərindən birinə çevrilibdir”.

Sözsüz ki, görülən tədbirlər nəticəsində yaxın gələcəkdə Bakı və Abşeron yarımadasında ekoloji durumun tamamilə yaxşılaşdırılmasına nail olunacaq, ərazi böyük yaşıllıq zonalarına çevriləcəkdir.

                                                                                                        M.MİRZƏ,

                                                                                                             “Respublika”.