Neokolonialist ölkə - Fransa
Siyasət

Neokolonialist ölkə - Fransa

Qoşulmama Hərəkatının Zirvə görüşündə konkret olaraq bu dövlətin adı səsləndirildi

Yaşadığımız dövr demokratiya, danışıqlar yolu ilə sülh əldəetmə və humanizm prinsiplərinə əsaslanaraq məsələləri həlletmə dövrüdür. Hər bir insanın olduğu kimi, ölkələrin də söz, ifadə azadlıqları var. Əgər hər hansı bir problem yaşanarsa, bu zaman baş vura biləcəkləri Ədalət məhkəməsi də mövcuddur. Lakin bütün bu sistemə baxmayaraq, hələ də bəzi dövlətlər özlərinin heç bir əsası olmayan iddiaları, neokolonialist, müstəmləkəçilik arzuları ilə yaşamaqda davam edir.

Bu kimi dövlətlər müstəmləkə qurmaq, insanları digər bir ölkəyə tabeçiliyə zorlamaq kimi niyyətlərindən əl çəkmirlər. Bu siyahının başında isə mənfur düşmənimiz Ermənistanın "bacısı" Fransa durur. Fransa müstəmləkə imperiyası ingilislərdən sonra ikinci böyük imperiya olub və bu neokolonialist ölkə Azərbaycana və bir sıra ölkələrə qarşı gizli və ya aşkar şəkildə çirkin əməllərini həyata keçirməyə davam edir. Buna bir səbəb də Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu rəhbərlik etməsidir. Fransanın əksinə, Azərbaycan neokolonializmi pisləyir və bunun yolverilməz olduğunu vurğulayır. Ötən günlərdə baş tutan Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bildirib ki, bu kimi neokolonializmlər artmaqdadır. Fransa isə bu əməlindən əl çəkmədiyinə görə üzr istəməlidir: "Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq".

Fransa müstəmləkəçiliyi ən sistemli şəkildə həyata keçirən ölkədir. Təkcə Ermənistan yox, həmçinin özündən minlərlə kilometr uzaqlıqda olan Afrika, Kaledoniya kimi ölkələrdə də öz müstəmləkəçiliyini əldən vermək istəmir. Tarixə nəzər salsaq, 300 il boyunca Afrikanın Fransanın nəzarətində qaldığını, Seneqal, Fildişi Sahili və Benin kimi ölkələr həmin illərdə qul ticarəti mərkəzləri kimi istifadə olunduğunun və bölgədəki bütün resursların istismar edildiyinin şahidi oluruq. Bu isə neokolonialist ölkənin bir tərəfdən işğalçı və digər işğalçı dövlətlərə qeyd-şərtsiz dəstək verən bir dövlət olduğunun açıq nümunəsidir. Artıq Fransanın keçmişdə və hazırda etdiyi bu çirkin əməllərə cavab vermək vaxtıdır. Lakin təəssüf ki, bir çox ölkələr və başçıları Prezident İlham Əliyev kimi cəsarətli və açıq şəkildə öz fikrini Fransaya qarşı ifadə etməkdən çəkinir. Bu, bir daha sübut edir ki, istər daxili, istərsə də beynəlxalq arenada İlham Əliyev güclü siyasi xadimdir. Əgər Fransa BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlüyündən sui-istifadə etməyə davam edib, Ermənistanın üzərindən Azərbaycana qarşı çirkin əməllər törətməyə çalışarsa, bu zaman Azərbaycanın güclü siyasəti ilə qarşı-qarşıya qalmış olacaq. Fatih Sultan Mehmetin də dediyi kimi, türk olmaq çətindir, çünki dünya ilə savaşarsan. Amma türk olmamaq daha da çətindir, çünki türk ilə savaşarsan.

Töhfə SƏMƏDOVA,

"Respublika".