Nərgiztəpə uğrunda əbədiyyətə qovuşdu
Region

Nərgiztəpə uğrunda əbədiyyətə qovuşdu

Məhvəri də, qibləsi də, ruhu da, sevgisi də Vətən olan oğulların tale yazısı bir-birinə oxşayır, onlar yurdun dar günündə qılınc kimi sıyrılıblar, düşmən qarşısında ayaqları büdrəməyib, əlləri titrəməyib, nifrətini, qisasını döyüş meydanında alıb, mən ölsəm də təki Vətən yaşasın, deyiblər. Şəhid qanı tökülən torpaqlar çox müqəddəsdir, onun qədrini, dəyərini, qiymətini bilməli, bu yerlərdən asta keçməli, ona səcdə etmək isə hər birimizin borcu olmalıdır. Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə 19 yaşında həlak olan Əfqan Yəhyayevin qəhrəmanlığı doğulub boya-başa çatdığı yurdu bir boy da ucaltdı, bu gənc vətənpərvər həyat eşqini, duyğularını, məhəbbətini Vətənə fəda etdi.

Xocavənddə şəhid Əfqan Hacağa oğlu Yəhyayevin xatirəsi anılıb. Şəhidin doğum günü münasibətilə təşkil olunan anım mərasimində rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Xaçmaz rayonunun Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbinin kollektivi, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər. Əvvəlcə, Əfqanın şəhid olduğu Nərgiztəpədə yaradılmış xatirə kompleksini ziyarət olunub, abidə qarşısına əklil qoyularaq şəhidin xatirəsi ehtiramla yad edilib. Xocavəndin keçmiş özünümüdafiə batalyonunun taqım komandiri Əbülfət Hüseynov Əfqan haqqında xatirələrini bölüşüb, tədbir iştirakçılarına onun son döyüşü barədə məlumat verib.

Anım mərasimində çıxış edənlər Əfqanın qısa və şərəfli ömür yolundan, döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi şücaətdən, onların şərəfli yolunu davam etdirərək Vətən müharibəsində şanlı qələbə qazanan oğulların igidliyindən, şücaətindən bəhs ediblər. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov anım mərasimində çıxış edərək bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin xatirəsi daim əziz tutulur, onların adları əbədiləşdirilir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimiz Vətən müharibəsində gedən döyüşlərdə misilsiz döyüş qabiliyyəti, peşəkarlıq nümayiş etdirdi, yadelli işğalçıları torpaqlarımızdan qovaraq dünyaya hərbi qüdrətini sübut etdi, ən əsası isə şəhidlərimizin qanı yerdə qalmadı. Eyni zamanda, bildirib ki, şəhid ailələri və qazilərimiz dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Qeyd olunub ki, şəhidin qısa, lakin şərəfli ömür yolu gələcək nəsillər üçün əsl örnəkdir. Əfqan Yəhyayev Xocalı soyqırımından sonra könüllü olaraq cəbhəyə yollanıb, özünümüdafiə batalyonunda Xocavəndin yaşayış məntəqələri uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmanlıqla savaşıb. Döyüş yoldaşları arasında "Malış" ləqəbi ilə tanınan Əfqan 1992-ci il oktyabrın 7-də Nərgiztəpə istiqamətində gedən ağır döyüşlərdə şəhid olub. Həmin yerdə xatirə kompleksi yaradılıb. Xaçmaz rayon Çiləgir kənd tam orta məktəbinə Əfqan Yəhyayevin adı verilib.

Tədbirdə şəhidin atası Hacağa Yəhyayev, Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbinin direktoru Anar Nəcməddinli, Salakətin kənd tam orta məktəbinin direktoru Rəmziyyə Aslanova və şəhidin döyüş yoldaşları çıxış edərək bildiriblər ki, torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıqla həlak olan şəhidlərimizin adları yaddaşlarda əbədi qalacaqdır. Yaşasaydı, bu il oktyabr ayının 30-da əlli yaşı tamam olacaqdı, fəqət Əfqan həmişə xatirələrdə 19 yaşlı gülərüz və cəsarətli qəhrəman kimi xatırlanacaq. Tədbirin sonunda Əfqan Yəhyayevə həsr olunan film nümayiş etdirilib, məktəblilər ədəbi-bədii kompozisiya təqdim ediblər.

Salman ALIOĞLU,

"Respublika".