Nəsimi rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb
Digər xəbərlər

Nəsimi rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb

Paytaxtın Nəsimi rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində “isti izlər”lə açılıb.

Nəsimi Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, avqustun 13-ü saat 15 radələrində Nəsimi rayonunun İbrahim Əbilov küçəsində yerləşən “Məşədi Dadaş” məscidinin qarşısında 1978-ci il təvəllüdlü Dadaş Həmzəyevin naməlum şəxs tərəfindən bir dəfə ürək nahiyəsinə bıçaqla xəsarət yetirilməsi və aldığı xəsarətdən həmin gün saat 22 radələrində xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı 1983-cü il təvəllüdlü Məhəmməd Rəhimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə ilə əlaqədar törədilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Məhəmməd Rəhimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AZƏRTAC