Nihad Babayev
Sosial həyat

Nihad Babayev

Möhtəşəm zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu qələbə ölkəmizin qüdrətini, haqq uğrunda mübarizə aparmaq əzmini, milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi. Bu savaşın nəticəsində dünya bizi qalib xalq kimi tanıdı.

Şanlı qələbəni bizə yaşadanlardan biri - Vətən Müharibəsi Qəhrəmanı Nihad Akif oğlu Babayev 1991-ci il avqustun 30-da Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 15 yaşında Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, 18 yaşında isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olunub. 2012-ci ildə "leytenant" rütbəsi alaraq Xüsusi Təyinatlı Qüvvələrdə təlim kursunu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib. Daha sonra Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, ardınca Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib. Nihad Babayev peşəkar kəşfiyyatçı kimi erməni, ingilis və rus dillərində sərbəst danışırdı.

Qeyd edək ki, "Günnüt əməliyyatı" nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı daxil olmaqla 11 min hektarlıq ərazini işğaldan azad edib. Vətən müharibəsi başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan və bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib. Lakin Nihad Babayev hərbi komandanlığa raportla müraciət edərək, Qarabağda döyüşlərə qatılması üçün xahiş edib. Bundan sonra oktyabrın 3-də Naxçıvandan göndərilən qrupun tərkibinə Nihad Babayevin də adı salınıb. Kapitan N.Babayev Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan uğrunda döyüşlərdə iştirak edərək qruplara komandanlıq edib. Bu döyüşlərdə həm avtomat, həm də zirehli texnika əleyhinə olan "RPG 7" ilə təchiz olunub. Qəhrəmanımız oktyabarın 29-də Füzuli rayonun, Yuxarı Veysəlli kəndinə yaxın Uryandağ yüksəkliyi uğrunda gedən şiddətli döyüşlərdə şəhid olub.

Şəhidin atası Akif kişi deyir ki, oğlunun kəşfiyyatçı kimi xidmətləri çox olsa da, ilk geniş hərbi təlimatı 2018-ci ildə Naxçıvanda "Günnüt əməliyyatı" zamanı alıb: "Özü sonralar danışırdı, deyirdi, "ata, üç gün eyni mövqedə uzanıb gözlədim. Erməni mayorun maşını gəlib keçəndə onu snayperlə vurdum. Nihad özü peşəkar snayper idi. Həmişə söhbət edəndə yarızarafat-yarıciddi deyirdi ki, məni adi silahlarla öldürmək mümkün deyil, məni ancaq snayper vura bilər. Elə dediyi kimi də oldu... ".

Nihadın döyüşdə yaralanan hərbçi yoldaşı Kərim Əliyev söyləyir ki, qızğın döyüş zamanı ilk o yaralanıb. Daha sonra isə komandiri ona yaralandığını deyərək ondan özünü qorumasını istəyib. Bundan sonra Nihad nərilti çəkərək irəli hücuma keçib və rəhbərlik etdiyi qrupdan xeyli irəlidə təkbaşına döyüşüb. Təxminən 10 dəqiqə döyüşdükdən sonra snayper tərəfindən vurulub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Nihad Babayev ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Həmçinin, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Biləsuvar rayonu Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı Nihad Akif oğlu Babayevin adı verilmişdir.

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azadlığına qovuşan torpaqlarımız yenidən bərpa edilir, dirçəldilir. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində bayraq, ürəklərində Vətən sevgisi.

Müşfiq MİRZƏ,

"Respublika".