Nikbin ruhlu,  azad xarakterli bəstəkar
Sosial həyat

Nikbin ruhlu,  azad xarakterli bəstəkar

Xalq musiqimiz, muğamlarımız onların əsasında yaradılan bəstəkar musiqiləri bu millətin dərin tarixi kökündən və yüksək musiqi duyumundan xəbər verir. Mənbəyini, ilhamını xalq yaradıcılığından, musiqisindən alan bəstəkarlardan biri də Tofiq Quliyevdir. Onun musiqi dili sadə, aydın və milli koloritlidir. Bəstəkar özünəməxsus orijinal üslub yaratmış, yaradıcılığını xalq havalarının ritm və metodikasından istifadə etməklə müasir dövrün intonasiyalarına uyğunlaşdırmışdır. Onun mahnıları romantikliyi, ruh yüksəkliyi ilə fərqlənir.

Tofiq Quliyev noyabr ayının 7-də Bakı şəhərində anadan olub. 12 yaşı olanda Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə isə Konservatoriyaya daxil olub. İ.İ.Aysberqin sinfində fortepiano, S.Q.Ştrasserin sinfində dirijorluq dərsi almış və 1936-cı ildə Konservatoriyanı bitirmişdir. 1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin "Uşaq və buz" şeirinə "Dərsə gedən bir uşaq" mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə "Rast", "Segah", "Digah" muğamlarını fortepianoda hazırlayıb. Üzeyir Hacıbəyovun şəxsi təşəbbüsü ilə bir qrup istedadlı gənc musiqiçilərlə bərabər Tofiq Quliyev də P.S.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının dirijorluq fakültəsində təhsilini davam etdirib. Az vaxtda A.Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb. Qəbul imtahanı zamanı fortepianoda qeyri-adi ifası ilə H.Y.Neyqauzun diqqətini cəlb edir. Tofiq Quliyevin atası Ələkbər Quliyev iqtisadçı-mühəndis olmuşdur. Anası-Yaxşıxanım Mahmudova isə Hacı Zeynalabdin Tağıyevin qızlar gimnaziyasında, Müqəddəs Nina məktəbində təhsil almış, 1937-ci ilə kimi hakim işləmişdir. Oğlu isə Azərbaycanın görkəmli kino rejissoru Eldar Quliyevdir.

T.Quliyev 1939-cu ildə təhsilini başa vurub Bakıya qayıdır. Hitler Almaniyası ilə müharibənin başlaması bəstəkarın yaradıcılıq planlarını dəyişir. O, kiçik orkestr yaradaraq cəbhə bölgələrini gəzir, əsgərlər qarşısında konsert proqramları ilə çıxış edir. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazır. Müharibə bitdikdən sonra isə bir sıra teatrlar ilə əməkdaşlıq edir. 30-dan çox teatr tamaşalarına musiqi bəstələmişdir. Bunlar - Uilyam Şekspirin "On ikinci gecə", Cəfər Cabbarlının "Aydın", Həsən Seyidbəyli və İmran Qasımovun "Uzaq sahillərdə", Abdulla Şaiqin "El oğlu" və başqalarıdır.

1950-ci illərdə onun yaradıcılığı özünün çiçəklənmə, inkişaf dövrünü yaşamışdır. Sənətindəki uğurlarına görə Tofiq Quliyev 1958-ci ildə Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adına layiq görülmüşdür. 1959-cu ildə isə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur. 1964-cü ildə ona Azərbaycan Xalq artisti adı verilmişdir. Bəstəkarın uğurları təkcə Azərbaycanı əhatə etmir. Onun yazdığı "Praqa haqqında mahnı", "Bratislava haqqında mahnı"ları Çexoslovakiyada geniş populyarlıq qazanmışdır.

Eyni zamanda, bəstəkarın kino sahəsində də xidmətləri böyükdür. O, 30-a yaxın filmə musiqi yazmışdır. Bu musiqilər ekranlara çıxdığı ilk gündən dillər əzbəri olmuş, filmlərin leytmotivinə çevrilmişdir. Belə ki, bəstəkar "Ögey ana", "Qızmar günəş altında", "Bəxtiyar", "Görüş", "Şir evdən getdi", "Qayınana" və başqa filimlərə musiqilər yazmışdır. 1974-cü ildə Həsən Seyidbəylinin ssenarisi əsasında çəkilmiş "Nəsimi" filmi Vll Ümumittifaq kinofestivalında mükafatlandırılmış, filmin bəstəkarı Tofiq Quliyev də Dövlət Mükafatına layiq görülmüşdür. Yazdığı mahnılar öz şirinliyi, şənliyi ilə yanaşı, həm də baməzəliyi ilə də seçilmişdir. Onun musiqiləri nikbin ruhu, azad xarakteri, bəzi məqamlarda isə yumor hissi ilə dolu musiqilərdir. Tofiq Quliyev mahnı janrında şedevrlər yaradaraq onu daha da inkişaf etdirib zənginləşdirmişdir. Yazdığı bütün mahnılarda canlı obraz yaradaraq dinləyicisində mükəmməl təsəvvür yaratmışdır. Ümumiyyətlə, mahnı janrı onun yaradıcılığının aparıcı qoludur.

Tofiq Quliyev Azərbaycan musiqi tarixində ilk olaraq cazın təməlini qoyan bəstəkar kimi də tarixə düşüb. Bəstəkar 1941-ci il sentyabrın 7-də Bakı Filarmoniyasında rəhbərlik etdiyi Dövlət Estrada Orkestrinin konsert çıxışı ilə cazın təməlini qoymuşdur. 1944-cü ildən məşhur amerikalı caz ustası Eddi Rozerlə yaradıcılıq əməkdaşlığı edən T.Quliyev onun orkestri üçün "Avara" hind filminə, "Qara gözlər" romansının və uşaq mahnılarının mövzuları əsasında caz kompozisiyaları işləmişdir. Onun Azərbaycan musiqisinə cazı gətirməsi nəticəsində ifaçıların yetişməsinə və bu janrda musiqilər yazılmasına səbəb olmuşdur. İllər sonra bu üslubdan bəhrələnən bəstəkar Vaqif Mustafazadə cazla muğamın sintezini yaradaraq Azərbaycan cazını inkişaf etdirmiş və milli cazı yaratmışdır. Tofiq Quliyev isə Dük Ellinqtonun məşhur "Karvan" pyesini "Çahargah" məqamında işləmişdir. O, muğamın özünəməxsus çalarını, xırdalıqlarını əsərə daxil edərək sanki Azərbaycan variantını yaratmışdır.

Tofiq Quliyev həm də Azərbaycan estrada musiqisinin yaradıcısı hesab olunur. Bəstəkarı xalqa sevdirən onun ilk nöbədə müxtəlif əhvali-ruhiyyəli mahnıları olur. "Bakı haqqında mahnı", "Züleyxa", "Neftçilər", "Süfrə" kimi geniş yayılmış vokal inciləri dinləyicilərin qəlbində həmişəlik həkk olunub. Onun misiqi folklorunun toplanmasında da mühüm xidmətləri var. 1955-ci ildə "Azərbaycan Xalq rəqsləri" ni fortepiano üçün işləmiş və bir çox xalq mahnılarını nota köçürmüşdür. "Evləri var xana-xana" və "Qoy gülüm gəlsin, ay nənə" xalq mahnılarını səs və simfonik orkestr üçün işləmişdir. Eyni zamanda, hind, bolqar, ərəb mahnılarının səs və fortepiano variantını yaratmışdır. 1966-cı ildə məşhur fransız bəstəkarı, müğənni Fransis Lemark Bakıda qastrol səfərində olarkən Tofiq Quliyev ilə görüşür. Bəstəkarın melodiyaları qonağın o qədər xoşuna gəlir ki, onları özü ilə Fransaya aparır. Beləcə, Tofiq Quliyevin 6 mahnısı uzaq Fransaya qədər gedib çıxır. İkinci həyatını yaşayan bu mahnılar fransız dilində səslənir.

1990-cı ildə Tofiq Quliyev Bəstəkarlar İttifaqının sədri seçilir və ömrünün sonuna kimi bu vəzifədə çalışır. Onun İttifaqa sədrlik etdiyi illərdə respublikada musiqi sənətinin inkişafında mühüm rol oynayan musiqi festivalları, ümumittifaq və respubkika müsabiqələri, "Musiqi baharı", "Bakı payızı" festivalları keçirilmişdir. Bütün bu festivallarda bəstəkar ya münsiflər heyətinin sədri, ya da üzvü kimi iştirak etmişdir. Tofiq Quliyev 1998-ci ildə "İstiqlal" ordeni ilə təltif olunmuşdur. Lakin həmin ərəfədə bəstəkar səhhətində yaranmış problemlə bağlı xəstəxanada müalicə alırdı. Mükafatı bəstəkara elə xəstəxanada ulu öndər Heydər Əliyev şəxsən özü təqdim etmişdir. Bu da bəstəkara olan dövlətin, onun rəhbərliyinin diqqəti və məhəbbəti idi. Tofiq Quliyev müsahibələrinin birində bu barədə demişdir: "Mən xoşbəxt insanam. Çünki mənim mahnılarımı Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova kimi korifey sənətkarlar oxumuşdur". Tofiq Quliyev uzun sürən xəstəlikdən sonra 2000-ci il oktyabr ayının 5-də 82 yaşında vəfat etmişdir. Bəstəkar Fəxri Xiyabanda dəfn olunub.

Ramidə YAQUBQIZI,

"Respublika".