Niyazi Aslanov
Sosial həyat

Niyazi Aslanov

Azərbaycanın adını uca tutan, rəşadətli döyüş yolu keçən, ölkəmizin  ərazi bütövlüyü uğrunda vuruşaraq, igidlik göstərən, adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Niyazi Aslanov Qarabağ uğrunda gedən ölüm-dirim savaşında şəhidlik zirvəsinə ucalmışdır.

Niyazi Şərəfxan oğlu Aslanov 25 dekabr 1960-cı ildə yurdumuzun loğman təbiətli məkanlarından olan Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dünyaya göz açmışdır. Uşaqlıq illərini başı buludlardan nəm çəkən dağların qoynunda keçirmiş, idmana, musiqiyə sonsuz həvəs göstərmişdir. Bir payız səhərində isə "Əlifba" kitabını, qələm-dəftərlərini çantasına yığıb məktəbə yollanmışdı. Həmin gün sevincinin həddi-hüdudu  yox idi.

Niyazi humanitar fənlərə sonsuz maraq göstərir, el qəhrəmanlarına həsr olunmuş kitablar əlindən düşmürdü. Oğlunun çalışqanlığı anasını qəlbən sevindirir, həmişə ona təhsil əlaçısı olmağı məsləhət görürdü.

N.Aslanov orta məktəbi bitirdikdən sonra Rusiya Federasiyasının Altay diyarında hərbi xidmətdə oldu. Ordudan tərxis olunduqdan sonra doğma kəndlərinə qayıtmış, təhsilini Ağdam Kənd Təsərrüfatı Texnikumunda  davam etdirmişdir. Niyazi aqronom kimi sovxozda əmək fəaliyyətinə başlamış, peşəsinə sidq-ürəklə bağlanmış, torpağa əsl əkinçi qayğısı göstərmiş, meliorasiya işlərinin genişləndirilməsi, əkin sahələrinin münbitliyinin artırılmasına diqqət göstərmişdir. Çox keçmir ki, Niyazi Aslanov baş aqronom vəzifəsinə irəli çəkilir.

90-cı illərin əvvəllərində nankor erməni quldurlarının ərazilərimizə hücum etməsi, qəsəbə və kəndlərimizə güllə yağışı yağdırması Niyazini göyüm-göyüm göynədir, heç cür rahatlıq tapa bilmirdi. Yaşlı nəslin söhbətlərindən dönə-dönə eşitmişdi ki, erməni vandalları zaman-zaman türk xalqlarına qarşı düşmənçilik mövqeyində durmuş, müsəlman əhalisinə qarşı qırğınlar törətmişlər.

Ermənilərin nahaq qanlar tökməsi, yurdumuza uzanan qara əllər Niyazinin varlığını silkələyirdi. Elə ona görə də Niyazi Aslanov silaha sarılaraq Vətənin müdafiəsinə qalxmağa qərar verdi.

90-cı illərin əvvəllərində Goranboy rayonunda özünümüdafiə dəstəsi yaradıldı. Dəstəyə ilk yazılanlardan biri də Niyazi oldu. Niyazi döyüş yoldaşları ilə birlikdə sıradan çıxmış iki tankı ələ keçirib təmir etdirir, texnikanı döyüş vəziyyətinə gətirirlər. Həmin tanklarla təkcə Tapqaraqoyunlu kəndini deyil, hətta Goranboyun bir sıra başqa kəndlərini də  erməni hücumlarından qorumağa müvəffəq oldular. Şəfəq kəndinin ermənilərin əlinə keçmək qorxusu  var idi. Şir ürəkli, polad biləkli Niyazi Aslanov tankı ilə kəndə girdi, düşməni geri oturtdu.

Niyazi Aslanov Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində gedən ağır döyüşlərdə qeyrətlə vuruşdu, heç vaxt ölümündən qorxmadı. Bir çox uğurlu döyüş əməliyyatlarının iştirakçısı oldu.

Niyazi 4 may 1992-ci ildə Tapqaraqoyunlu kəndinin yaxınlığındakı "Yaltağıl" deyilən ərazidə əməliyyat zamanı qeyri-bərabər döyüşdə öz komandiri İsfəndiyar Əsədovu ölümdən xilas edərkən qəhrəmancasına həlak oldu. Son mənzili Tapqaraqoyunlu kəndindəki qəbiristanlıq oldu. 2 oğlu yadigar qaldı.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə Niyazi Şərəfxan oğlu Aslanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Tapqaraqoyunlu kənd orta məktəbi və Naftalan şəhərindəki küçələrdən biri Niyazi Aslanovun adını daşıyır. Qəhrəman döyüşçünün Goranboy şəhərində büstü qoyulmuşdur.

Q.TƏYYAROĞLU,

"Respublika".