Niyə susursunuz?!
Digər xəbərlər

Niyə susursunuz?!

Bəlkə mənə elə gəlir, elə bil cəmiyyət öz məhvərindən çıxır, xətir-hörmət, ədəb-ərkan, əxlaq, mənəviyyat, kişilik, dostluq, bir sözlə, dəyərli ənənələr aşınmaya məruz qalır. İndi, necə deyərlər, pərsəng daşdan ağır gəlir, insani münasibətlərin mahiyyəti dəyişir, ağsaqqal, ağbirçək sözü, onların hörməti qiymətdən düşür, ağıllı sözlər çəkidən, sambaldan düşərək bəzən də təqibə, təzyiqə məruz qalır. Əsilliyə, xalisliyə, təmənnasız münasibətlərə, kişi sözünə açıq- aşkar ehtiyac duyulur, iynə ucu boyda işığı, nuru, şəfqəti, xeyirxahlığı qəhətə çəkmək istəyənlərdə var. Əlbəttə, çox təəssüf ki, belə naqislərin qarşısından qaçanlar da var.

Əsrlərdir ki, Azərbaycanda ailə ənənələri zamanın sərt sınaqlarından keçərək bu günümüzə qədər gəlib, ailə bağları, ailə sütunu qranit kimi möhkəm, polad kimi əyilməz olub. Bəzi əcnəbi dövlətlər onu dağıtmağa cəhdlər etsələr də, əlləri boşda qalır. Çünki həyatın, cəmiyyətin, insanlığın keşiyində dayanan, bizi yıxılmağa qoymayan, tarazlığı və yaxşılığı çiyinlərində daşıyan comərd kişilər bütün zamanlarda cəmiyyətin döyünən nəbzinə, qürur mənbəyinə çevrilərək şər qüvvələrin qarşısında mərdliklə dayanıblar. Ağsaqqallar qana qan deməyib, qanı su ilə yuyublar, ailələr arasında yarana biləcək düşmənçiliyin qarşısına çıxaraq münasibətlərin korlanmasına imkan verməyiblər. Evdə, ailədə kişinin sözü keçərli olub, qadına hörmət qoyulub, qarşılıqlı münasibətlər ailənin daha da möhkəmlənməsinə ciddi təsir göstərib, eyni zamanda gənc ailələr həmişə diqqətdə saxlanılıb.

İndi isə vəziyyət dəyişir, bəzi qüvvələr həmin ailə bağlarını qırmağa çalışır, bütün vasitələrlə sağlam ailə bünövrəsini uçurtmaq üçün hər cür hiyləyə əl atırlar. Zənnimizcə, mobil telefonlar, sosial şəbəkələr, özəl telekanallar vasitəsilə düşmənlər cəmiyyətdəki tarazlığı belə demək mümkündürsə, qismən də olsa pozur, telefon bəlası yüzlərlə ailənin dağılmasına səbəb olur, sosial şəbəkələrdə “azadlıq”, “demokratiya”, “insan haqları” adı altında Azərbaycandakı minillik ailə ənənələrinə zərbə vururlar. Bu yaxınlarda boşanma ilə bağlı bir statistikaya diqqət yetirdim və sözün əsl mənasında, dəhşətə gəldim. Altı ayda Azərbaycanda 6 min boşanma qeydə alınıb. Hər aya min boşanma düşür. Düzdür, bəzi çətinliklər olsa da, ancaq fikrimcə həmin ailələrin dağılmasının yeganə səbəbkarı mobil telefonlardır. Sosial şəbəkələrdə, saytlarda, özəl telekanallarda hər gün “ər uşaqlarının gözü qarşısında həyat yoldaşını öldürdü”, “qadın ərini bıçaqladı”, “oğul atanı baltaladı”, “üç uşağı olan gəlin başqasına qoşulub qaçdı”, “ər arvadının yanında başqasını tutdu” və s. başlıqlı xəbərlər gündəmi zəbt edir.

Yeri gəlmişkən qeyd edək ki, bəzi özəl telekanalların, saytların cəmiyyətə gətirdiyi bəlalar bu gün  narahatedici bir həddə çatıb. Həmin özəl televiziyalar ailə bağlarını, mənəviyyatı, maarifçiliyi, şərəfli tariximizi, xeyirxahlığı, ənənələri deyil, əxlaqsızlığı, mənəviyyatsızlığı, qəddarlığı, cinəyatkarlığı daha çox  təbliğ  edir.

Bəlkə, mən səhv edirəm, yoxsa bu dediklərimə rast gəlinmir?! Bu yaxınlarda özəl telekanalın birində axşam saatlarında efirə gedən “Xəbər”lər buraxılışının anonsunda aparıcı xanım üzündə təbəssüm dörd  nəfər gəncin ölümünü heç tükü tərpənmədən dönə-dönə reklam etdi. Baxın, intihar, yol qəzası, dəm qazından ölmə, bıçaqlanma, zorlama, dava-dalaş haqqında çox laqeyd şəkildə, özü də hər gün  danışılır. Axı, vaxtilə belə xəbərlərin yayılmasının qarşısı alınır, naqis fikirlər cəmiyyətə yol tapa bilmirdi. Bəli, mətbuata azadlıq verilib, amma bu o demək deyil ki, əxlaqı, vicdanı unudaraq ağlından keçəni, ağzına gələni yazasınız?! Siz nə demək istəyirsiniz?! Azərbaycan reallığı budurmu, ancaq qaranlıq tərəfi, cinayətkarlığı, əxlaqsızlığı  göstərməklə yoxsa öz ağlınızda olanları arxanızca apardığınıza əminsiniz?!. Cəmiyyətdə heç işıq görmürsünüz, ədəb-ərkan, əxlaq, mənəviyyat, ziyalılıq, vətənpərvərlik görmürsünüz?!  Özünüzü niyə görməməzliyə vurursunuz?!

Həqiqətin üzü sərt, dadı isə acı olur. Səbəbi isə çoxdan məlumdur və aydın məsələdir ki, həqiqət cəmiyyəti bir addım irəli apara bilər, lakin həmin addım çoxlarının mənafeyinə, maraq dairəsinə, eyni zamanda tutduğu mövqeyə zərər vurar. Ona görə də ehtiyatlananlar onu yaxına buraxmaq istəmirlər. Yalan isə dadlı və şirin olur, onu sevənlər daha çoxdur. İdeoloqlardan biri deyib ki, yalanı min dəfə təkrar edəndə o həqiqət kimi qəbul olunur. Buradan aydın görünür ki, yalan bizim mənəviyyat süfrəmizdə özünə möhkəm yer tutmağa çalışır. Dövlətin pullarını yeyənlər, fəxri ad, Prezident təqaüdü alanlar, ev və digər yardımlardan yararlanan bəziləriniz, hardasınız, səsiniz niyə çıxmır, milli ideologiyamızın üzərinə qara yaxır, ailə ənənələrimizi sarsıdır, haqqın səsini batırmağa çalışırlar. Niyə belə bədxahlara cavab vermirsiniz?! Xaricdən sizin yararlandığınız bu dövlətə, bu iqtidara qarşı çirkab, böhtan, şər, iftira yağdırırlar. Cavab verə bilmirsiniz?! Niyə?

Gərək ki, belə deyiblər, yüz il gözükölgəli yaşamaqdansa, bir gün alnıaçıq yaşamaq şərəflidir...

Salman ALIOĞLU,

“Respublika”.